Linzalar: ziyanı daha çoxdur?

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 6 026
Səs ver:
(səs: 4)
Dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir.

Son zamanlar həm rəngli, həm də optik linzaların müxtəlif çeşidləri gözlərin rəngini dəyişmək, onlara parıltı, müxtəlif çalar verməklə yanaşı, eynəkləri də əvəz etməsi onlara olan tələbatı daha da artırır. Linzasevərlər çox vaxt bu həvəsi istədiyi göz rənginə sahib ola bilməklə izah edirlər.Linzalar həm də eynək taxmaq istəməyən və bunu özünə kompleks edən görmə qabiliyyəti zəif olan adamlar üçün də əvəzsizdir. Lakin mütəxəssislər bildirir ki, linzaların müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var. Belə ki, keyfiyyətsiz və ya istifadə və təmizlənmə qaydalarına düzgün riayət olunmayan linzalar gözlərdə müxtəlif infeksiyaların yaranmasına, görmə qabiliyyətinin itirilməsinə də səbəb olur.

Qeyd edək ki, Türkiyə və Amerika mətbuatının yazdığına görə, sözügedən ölkələrdə linzalar ucbatından görmə qabiliyyətini itirən xeyli insan var. Dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir. Linzalarla bağlı problemlər onların keyfiyyətsiz və saxta variantlarının da bazarda yer alması ilə izah olunur.

Oftalmoloq Səbinə Qasımovanın sözlərinə görə, linzaların şəffaf, rəngli, çalar verən, qeyri-adi effektli, korrektə edən və optik növləri var: "Şəffaf, çalar verən linzalar açıq rəngdə gözləri olanlara məsləhətdir. Tünd gözlər üçünsə bu linzaların heç bir əhəmiyyəti yoxdur. Rəngli linzalar isə bütün göz rəngləri üçün münasibdir. Onların vasitəsilə istənilən göz rəngini tamam dəyişmək olar. Belə linza alarkən üzərində göz bəbəyinin kənar haşiyəsinin çəkildiyinə fikir vermək lazımdır. Əgər bu olmasa, gözlər çox süni görünəcək. Gözlərdə olan bəzi qüsurları, çatışmazlıqları gizlətmək üçünsə kosmetik linzalardan istifadə eymək olar. Korrektə edən rəngli linzalar isə həm gözə istənilən rəngi verir, həm də görmə qabiliyyətini korrektə edir”.

Bəzək üçün istifadə olunan linzalar gözlərə qeyri-adi naxış və rəng verə bilər. Bu linzalarla gözləri vampir gözlərinə bənzətmək, bəbəyini ulduz, xətt və s. formada göstərmək olur. Onlar vasitəsilə yeni obrazlar yaratmaq mümkündür. Lakin bu cür linzalardan adi adamlar istifadə etmir. Daha çox aktyor, müğənnilər müxtəlif obrazlar yaratmaq üçün istifadə edirlər. Gündəlik həyatda isə belə linzalar təbii görünmür. Müalicəvi linzalardan isə həm gözlərin müdafiəsi, həm də müalicəsi üçün istifadə olunur. Zövqə görə belə linzalar həm rəngli, həm də şəffaf ola bilər.

Linzaları seçərkən mütəxəssis məsləhətinə ehtiyac olduğunu deyən oftalmoloq bildirib ki, linzanın rənginin yaraşdığını yoxlamaq üçün 1 günlük və ya 1-2 həftəlik istifadə üçün nəzərdə tutulan linzaları istifadə daha münasibdir. Bu müddət ərzində tanışlarınızın da fikirlərini nəzərə alıb linzanın rənginin sizə yaraşıb-yaraşmadığını dəqiqləşdirə bilərsiniz. "Bəzən linzalar gözə düşmür və müxtəlif narahatlıqlar yaradır. Qısamüddətli linzaları almaqla az pul xərcləyərək bunu da yoxlamaq olar. Əgər linza gözünüzə uyğun gələrsə, həmin modeldə uzun müddət istifadə üçün nəzərdə tutulan linzalardan istifadə edə bilərsiniz”.

Həmsöhbətimiz linza istifadə edərkən yararlılıq müddətinə fikir verməyi də vacib bilir. Dediyinə görə, çox vaxt istifadəçilər bu tarixləri qarışdırırlar. Belə ki, yararlılıq müddəti linza açılmayana qədər saxlaya bildiyin müddətdir. İstifadə müddəti isə linza açıldıqdan sonra hesablanır. "Linzaların yararlılıq müddəti 2-3 il olsa da, istifadə müddəti fərqli ola bilər. Misal üçün, 1 günlük, həftəlik, aylıq, 6 aylıq da linzalar olur. Belə linzalardan 1-3 il istifadə isə ciddi fəsadlarla nəticələnə bilər. Bütün bu göstəricilər isə linzanın qabında göstərilməlidir”.

Oftalmoloqun dediyinə görə, linza istifadə edərkən onları vaxtında çıxarmaq lazımdır. Bu vaxt müxtəlif linzalarda fərqli ola bilər. Belə ki, rəngli linzaların istifadə müddəti adətən 7 saat olur. Linzaları göstərilən müddətdən artıq taxmaq və linza ilə yatmaq isə olmaz. Linzaları çıxarandan sonra xüsusi məhlul əlavə olunmuş qabına qoymaq lazımdır. Bununla yanaşı, linzaların suyu hər gün dəyişdirilməli, linzaların təmizlənmə qaydasına da düzgün riayət olunmalıdır. Bu haqda məlumat isə hər bir linzanın qablaşdırılmasında yazılmalıdır”.

Bəzən linzalardan gözlər qaşınır, yanır və ya ağrımağa başlayır. Belə olan təqdirdə linzaların saxlandığı mayeyə fikir vermək lazımdır. Ola bilsin ki, linzalar gözünüzə uyğun gəlsə də, saxlandığı maye ona uyğun deyil. Bu zaman mayeni dəyişmək olar. Həkim qeyd edir ki, gözlərdəki bu narahatlıq hədsiz həssaslıqla da izah oluna bilər. Yaxşı olar ki, bu cür problemlərlə üzləşəndə həssas gözlər üçün nəzərdə tutulan mayedən istifadə edəsiniz.

Müsahibimizin sözlərinə görə, linzalar yaxşı təmizlənmədikdə və düzgün saxlanmadıqda gözdə müxtəlif infeksiyalar əmələ gəlir. Linzalar müxtəlif allergik reaksiyalar, gözlərdə quruluq da yaradır. "Yaxşı olar ki, linzalardan istifadə edən adam müntəzəm olaraq oftalmoloqun yanına getsin. Ona görə ki, keyfiyyətsiz linzadan istifadə onun görmə qabiliyyətinə təsir edə bilər. Ən əsası isə linzalar istifadə müddəti bitdikdən sonra atılmalıdır. İstifadə və yararlılıq müddəti bitən linzalardan istifadə göz bəbəyinə zərər verir. İstifadəçilər nəzərə almalıdırlar ki, linzaların istifadə və saxlanma qaydalarına səhlənkarlıq, uzun müddət kompüterin qarşısında linza taxıb oturmaq da görmə qabiliyyətinə mənfi təsir göstərə bilər”.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 6 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri