Üzür son limana ömrün gəmisi Harda dayanacaq – o hələ bilmir. Allahın yoludur su da, quru da Mənzilə yetməsə dincələ bilmir. Ömrümün dəyişməz rəngidir sanki Başımın üstündə qəm bayraqları. Nə qədər çəksəm də azalmır dərdim Dərdim bu dünyanın ayrılıqları… Dalımca uzanır qağayı əllər, Dalğalar önümdə min bir sualdı. Nə qədər soru var, bitir mənimlə Nə qədər cavabım yarımçıq qaldı… Həyatın güzgüsü dənizdi elə Köksündə bir iz də saxlayan deyil. Özü göz yaşından yarandığından Ulduzlar tökülsün ağlayan deyil!.. Silinib gedəcək mənim də izim, Hər dalğa tələsir öz limanına. Dəniz sildiyini yazar yenidən Yüz qonaq gətirər söz limanına. Beş arşın yolumuz ilkdən sonacan Biri şirindirsə, biri acıdır. Elə arxayınam sanki son səfər Başqa bir yolumun başlanqıcıdır.