Yaman gündə sənin,
Xoş gündə sənin.
Həyat ağacıyam könlündə sənin.
Onu atmaq olmaz, qurutmaq olmaz,
Daha bacarmarsan özünü yorma.
Bir bahar ömrünü unutmaq olmaz,
Sevdiyin ağaca baltanı vurma.
Nahaqdan könlünü ağrıtma belə.
Köhnə xatirəni ağlatma belə.
Ömür ehtiyacı, gün ehtiyacı,
Mən sənin könlündə həyat ağacı –
Özün də bilmədən ürək qanınla,
Bütün vücudunla, bütün canınla
Onu ömrün boyu yaşadacaqsan,
Unutmaqmı asan, atmaqımı asan?..
Bilirəm özünə tutur qəzəbin,
Eh, unutmaq olsa nə var ki, haqdı.
Bütün hicranların nədir səbəbi,
Elə unutmağı bacarmamaqdı.
O ağacı kəssən bir də bitəcək,
Sonra ən göynəkli yerdə bitəcək.
Ümidli günündə yarpaqlayacaq,
Təzə pöhrəsində gül qucaq-qucaq -
Sən də baharlanıb yazlanacaqsan,
Ümid ağuşunda nazlanacaqsan.
Bu sənə qanaddır qırma özünü,
Unutmaq üstündə yorma özünü.
Mən sənin könlündə həyat ağacı,
Xatirəsi şirin, indisi acı -
Hicranlı günlərdə əzabındı o,
Sapsarı yarpaqlı kitabındı o.
Hərdən bu ağaca payız dolacaq,
Şirin xatirələr xəzəl olacaq.
Səni ağladacaq payızlarıyla,
Səni üşüdəcək sal buzlarıyla.
Bir də sızım-sızım göynəyəcəksən,
Sonra bu qışa da öyrənəcəksən…
Daha bu ağacın nəyini bölüm,
O sənin könlündə budaq-budaqdı.
Eh, unutmaq olsa nə var ki, gülüm,
Dərd də unutmağı bacarmamaqdı.
Bacarmayacaqsan yorma özünü,
Bu ağac özünsən qırma özünü.