İblislə söhbət

Müəllif: heyatim_menim
Şərhlər: 5
Baxılıb: 2 295
Səs ver:
(səs: 0)
Gecənin bir aləmi.
Yarıqaranlıq otaq.
Açdım gözlərimi.
Gördüm kimsə dayanıb
pəncərə qabağında.
Kölgəsindən tanıdım onu;
İblisdi.
Gözlərimi sildim;
"bəlkə yuxudur" dedim.
Boğuq qəhqəhə səsi gəldi.
İnandım, özüdür;
bu da onun kölgəsi;
bu da onun tükürpərdən səsi.
"Gərək gəlməyəydin! - dedim.
Gəlmisən, gəlmisən!
Mətləbini de!"
Kölgə qızardı, qızardı.
Elə bil, indicə
ətrafı yandıracaqdı.
Otağım da, sanki, daraldı,
bir qəbirə döndü.
Kölgə təklifsiz oturdu;
yatağıma yaxın.
Dedi: - Nə görmüsən yaşamaqda?
Dedim: - İnsan yaşamaq üçün doğulur.
Güldü İblis.
Qəhqəhəsi titrətdi
Pəncərənin şüşəsini.
Dedi: - Allah kəssin
insanların bu standart
danışmaq peşəsini!
Dedim: - Allah niyə?
Sən ki ona düşmənsən!
Dedi: bu Hötenin uydurması,
Cavidin böhtanı,
Lermontovun yalanıdır.
İblis, ancaq
yalançı mələklərin düşmənidir.
Mətləbə qayıdaq, - dedi.
Dedim: - Səninlə mənim nə alverim!
Nahaq əsəbiləşirsən, - dedi -
nahaq.
Mən İblis,
sən insan.
Gəl, anlaşaq!
- Necə?
- Bax, bu gecə
tanıdığın adamlardan
bir neçəsini sənə tanıdım.
Biri bax, bu, - dedi.
Baxdım, tanıdım.
Necədir səninlə arası? - dedi.
-Çox yaxşı.
"Dost" deyir,
"qardaş" deyir mənə.
Onda qulaq as! - dedi -
sənsiz dediklərinə!
Dinlədim.
İlk cümləsindən
heyrətə gəldim.
Boğazıma qurğuşun kimi
tıxandı nəfəs.
-Kəs! Dedim, kəs!
Bu, sənin hiyləndir!
Güldü İblis.
- Yox! - dedi -
bu, mən biləndir.
İndi bildin sən də.
Tanıyarsan adamını bundan sonra
duz-çörək kəsəndə.
Bu da tanışdır sənə?
Eləmi?
Baxdım, dinlədim.
Elə bil, başıma çevirdilər aləmi.
Qulağımı tıxadım.
Yumdum gözümü...
Ayıldım.
Qan-tər içində gördüm özümü.
Gecəlik çırağın zəif işığında
divara düşmüşdü
kürsü üstündəki pencəyimin kölgəsi
Nəfəsimi dərdim.
Dedim nə yaxşı ki,
yuxuda otağım olmuşdu
İblisin fənalıqlar ölkəsi.
Yox deyil dünyada
namərd dost,
kəmfürsət adam.
İblis olsa da, olmasa da
ayıqlıqda, yuxuda,
onlara yadam.
Qəlbimdə, əllərimdə
dost sözünün, dost əlinin
hərarəti var.
Yalan deyir İblis.
Məhəbbətə, etibara
dəyər insanlar.

Rəsul Rza
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri