Prostatit Və Onunla Mübarizə Yolları.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 387
Səs ver:
(səs: 0)
Prostat vəzi haqqında hamıda müəyyən qədər məlumat vardır. Çoxları bu vəzin xəstəliyinin ancaq  yaşla  əlaqədar olduğunu düşünür. Amma bu belə deyil! Əvvəlcə mən bu vəz haqqında qısa məlumat vermək istəyirəm. Prostat vəzi tək üzvlərdən olub, kiçik çanaqda sidikliyin altında, düz bağırsağın önündə, qasıq bitişməsinin arxasında yerləşmişdir. Vəzin  konsistensiyasi sərt və şəkli şabalıda bənzəyir. Prostat vəzinin iki səthi var:ön səthi qasıq bitişməsinə, dal səthi düz bağırsağa söykənmişdir. Dal səthin ortasında saqital istiqamətdə bir zəif şırım gedir: bu şırım prostat vəzini iki paya bölür: sağ pay və sol pay. Bunların arasında kiçik bir pay da vardır, buna orta pay  deyilir. Bu pay qocalarda hipertrofiya  edərək xeyli böyüyür və sidik buraxmağa maneçilik göstərir. Prostat vəzi sərt birləşdirici toxumadan və saya əzələ liflərindən təşkil olunmuş kapsul ilə əhatə olunmuşdur. Prostat vəzinin daxilindən sidik kanalının prostat hissəsi keçir. Bunun arxa divarında selikli qişa üzərində boylama bir büküş  vardir. Bu büküş  prostat vəzinin ortasında bir hündürlük toxum təpəciyi əmələ gətirir. Bu təpəcik mağaralı toxumadan və saya əzələ liflərindən təşkil olunmuşdur. Uzunluğu 2 sm, eni və hündürlüyü  3-4 mm-dir. Bunun üzərində 3 mm uzunluğunda bir dəlik vardır. Bu dəlik prostat vəzinin dal hissəsinə doğru prostat kisəciyi adlanan kiçik  bir boşluğa açılır. Prostat vəzi ifraz edici vəzi ünsürlərindən, birləşdirici toxumadan və saya əzələ liflərindən taşkil olunmuşdur. Vəzi ünsürləri ayrı-ayrı paycıqlar əmələ gətirir. Həmin paycıqların miqdarı 30-dan 50 dək olur və bunlar birləşdirici toxuma vasitəsi ilə birləşərək bir yerdə vəzi maddəsi  adlanır. Prostat paycıqlarından bəzilərinin axacaqları  bir- birilə birləşdikləri üçün onların miqdarı paycıqların miqdarına müvafiq gəlmir. Bu axacaqlar toxum təpəciyinin yan tərəflərindəki şırımlardan sidik kanalının prostat hissəsinə açılır. Sidik kanalı prostat vəzini üstdən aşağı dəlir. Bu hisssənin uzunluğu 3-4 sm və 1 sm diametrdədir. Vəzin çəkisi cinsi yetkinliyə çatmiç kişilərdə 14-28 qr, uzunluğu 3.2-4.5sm, eni 3.5-5sm, maksimal qalınlığı 1.7-2.5 sm-dir.        
Prostat vəzinin motor, qoruyucu, sekretor funksiyaları vardır. Prostat vəziyə mikroorqanizmlər həm qalxan yolla, yəni uretra vasitəsilə, ya da enən yolla, yəni sidik vasitəsilə düşə bilər. Həmçinin prostat vəziyə mikroorqanizmlər limfa və qan vasitəsilə də düşə bilər. Prostat vəzinin geniş inkişaf etmiş venoz-arterial anastomozları,qan techizatının anatomik-fizioloji xüsusiyyətləri qanda sirkulə edən mikroorqanizmlərin onda çükməsinə şərait yaradır. Proktitlərdə, kolitlərdə, düz bağırsağın çatlarında bəzən mikroorqanizmlər limfogen yolla prostat vəziyə keçir. Törədicidən asılı olaraq prostatitlər infeksion və qeyri infeksion ola bilər. Həmçinin prostatitlər kəskin və xroniki ola bilər. Kəskin prostatitlər adindan məlum olduğu kimi kəskin başlayır, yüksək temperatur olur, kəskin ağrılı ola bilər. Xroniki hallarda isə bu əlamətlər tədricən başlayır,ya da heç olmur. Prostatitlər zamani ən çox yayılmış əlamətlərdən sidik kanalında yanğı və acışma hissi, uretradan irinli-selikli ifrazatın gəlməsi, qasıq nahiyyəsində, aralıqda, anus nahiyyəsində, bel nahiyyəsində ağrılar, sidik ifrazının ağrılı, tez tez olması, cinsi zəiflik və s. şikayətlər ola bilər. Prostatitlərin əmələ gəlməsində mikroorqanizmlərlə bərabər yanaşı faktorlar da böyük rol oynayır. Bu faktorlara bədənin ümumi soyuması, tez-tez əmələ gələn qəbizlik, oturaq iş rejimi, uzun müddət cinsi əlaqədə olmamaq və ya həddindən artıq cinsi əlaqədə olmaq, az hərəkətli həyat tərzi, orqanizmdə olan müxtəlif xroniki xəstəliklər (məsələn  xroniki bronxit) və xroniki iltihab ocaqları (məsələn tonzillit, müalicə olunmamiş karioz dişlər, furunkulyoz, bakterial endokardit, sepsis), keçirilən müxtəlif zöhrəvi və uroloji xəstəliklər (uretrit, qonoreya, sifilis, xlamidioz və s), immunitetin aşağı düşməsinə təsir göstərən müxtəlif amillər (məsələn idmançılarda həddən artıq olan məşqlər, yuxu rejiminin pozulması, həddindən artıq fiziki işlə məşğul olmaq,keyfiyyətsiz və rejimsiz qidalanma, müxtəlif streslər və s. Bütün bu faktorlar ya prostat vəziyə mikroorqanizmlərin keçidini, ya da aşağı taz orqanlarda qan techizatını pisləşdirir. Bu da öz növbəsində durğunluğun və iltihabi prosesin əmələ gəlməsinə gətirib çıxarır. Prostatit kəskin iltihabi proses kimi başlaya bilər. Kəskin formada xəstədə yüksək temperatur, aralıq nahiyyəsində,xayalarda, anus nahiyyəsində, qasıqda kəskin ağrılar ola bilər. Sidik ifrazı və defekasiya aktı ağrılı ola bilər. Amma prostatitlərin çoxu xəstələri çox narahat etmədən xroniki halda olur. Bu halda kəskin halda olan simptomlar çox az olur və ya olmaya da bilər. Çox hallarda prostatit keçirilən zöhrəvi xəstəliklərdən sonra yaranır. Istənilən halda prostatitlər zamanı cinsi zəiflik meydana çıxır. Bunun da səbəbi cinsiyyət sistemini innervasiya edən sinirlərin iltihabi prosesə cəlb olunmasıdır. Vəzidə əmələ gələn iltihab vaxtında müalicə olunmazsa, vəzidə abses əmələ gəlmə ehtimalı artır. Belə hallarda temperatur 39-40 c catır, sidik ifrazı ağrılı, çetin, defekasiya aktı ise çox hallarda mümkün olmur. Daha sonra vızidə ödem əmələ gəlir və sidik ifrazı çətinləşir. Xroniki prostatitlərdə xəstəliyin gedişi bir qədər mülayim, dalğavari olur. Xəstəlik əlamətlərin vaxtaşırı azalması və ya təmamilə itməsi ilə müşahidə olunur. Belə gediş xəstələri arxayınlaşdıraraq onların həkimə müraciətini gecikdirir. Xroniki prostatitin gedisi dalğavaridir, kəskin əlamətlər bir müddət sonra sakitləsir. Buna görə xəstələrin çoxu həkimə müraciət etməkdən imtina edirlər. Ancaq belə hallar daha qorxuludur, çünki iltihab prostat vəzidə daha da inkişaf edir. Əyər iltihabi proses sidik cinsiyyət sistemində yayilarsa sistit və pielonefrit əmələ gəlməsinə gətirib çıxara bilər. Amma ən çox belə hallar toxum kisəciylərinin iltihabı-vezikulit, xayaların və onların artlmlarının iltihabı-epididimoorxitə gətirib çıxarır. Bu da son halda sonsuzluq, iltihabi prosesin müalicəyə pis təslim olmasına və digər xosagəlməz hallara gətirib çıxarır.
Prostat vəzinin müayinə metodlarına  prostat vəzi şirəsinin mikroskopik müayinəsi, prostat vəzinin usm-sini misal göstərmək olar. Müalicədən əvvəl  antibiotiklərə həssaslıq mütləq yoxlanilmalıdır. Həssaslığın təyin edilməməsi müalicənin düzgün gedisini pozar və xəstəliyin daha ağır formalara keçməsinə gətirib çıxarar. Müalicə vaxtı prostat vəzisinin masajı bir çox hallarda müalicənin gedişini və vəzidə şirənin hərəkətini,kapilyarlarda qan dövranını yaxsılasdırır, amma bu o demək deyil ki, prostat vəzinin bütün iltihabi proseslərində masajdan istifadə etmək lazımdır. Prostatitlərin müalicəsində fizioterapiyadan da  istifadə edilir. Bu halda kiçik çanaqda mikrosirkulyasiya yaxşılaşar, antibiotiklərin vəziyə daxil olması daha da artar. Belə prosedurlara maqnit, ultrasəs, lazer terapiyasını misal çəkmək olar. Ümumiyyətlə prostatitlərin müalicəsi kompleks şəkildə aparılmalıdır. Burada antibiotiklərdən, immunostimulyatorlardan, interferonogenlərdən, vitamin-mineral komplekslərdən, fitopreparatlardan, müxtəlif rektal şamlardan və s. istifadə olunmalıdır. Profilaktika məqsədi ilə soyuq havada çox qalmamaq, bir yerdə oturaq vəziyyətdə çox olmamaq, soyuq əşya üzərində oturmamaq, qəbizlik olduqda onu müalicə etmək, spirtli içkilərdən istifadə etməmək, siqaret çəkməmək lazımdır. Ümumiyyətlə istənilən bir xəstəliyi özünüz müalicə etməkdənsə həkimə müraciət edin. Bundan əlavə vitamin və minerallarla zəngin qidalardan istifadə edilməli, vaxtaşırı idmanla məşğul olmalı,  heç olmasa altı aydan bir profilaktika üçün prostat vəzisini usm-dən keçirməli.

Şahin Bədəlov.
 Respublika Dəri-Zöhrəvi Dispanserinin dermato-veneroloqu.

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 387
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri