Ərə getməyən qızların evli və ya boşanmış kişilərlə yaşamaq sevgisi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 066
Səs ver:
(səs: 3)
"Evdə qalan qızların sayı çoxalır”
"Regionlarda vətəndaş nikahı daha çoxdur”

Elə ki, Sovet İttifaqı dağıldı, qadın və kişi münasibətləri də dəyişdi. Müasirlik adı ilə leksikonumuza "vətəndaş nikahı” daxil oldu. Müasir dünyada insanların ailə qurması, münasibətləri tənzimləməsi nəinki mühakimə, heç müzakirə mövzusu da deyil. Qanunvericiliyə görə, yetkinlik yaşına çatmış hər kəsin istədiyi şəxslə münasibət qurmaq hüququ var. Buna isə heç kimin müdaxilə etmək haqqı yoxdur.
Yazılmış qanunlarla yanaşı yazılmamış qanunlar da həyatımızı idarə edir. Şəxsi münasibətlərə qarışmaq haqqı ictimaiyyətə o zaman açıq olur ki, iki şəxsin münasibəti ətrafa və ya münasibətdən dünyaya gəlmiş körpəyə zərər vurur.

Bizimbaku.ws saytı, "Qırmızı Xətt" layihəsini Günay Muradlının təqdimatında sizə təqdim edir. Yazar bu dəfə rəsmi nikah və vətəndaş nikahının fərqlərini, zərərli və yaxşı tərəflərini araşdırıb.

Vətəndaş nikahı nədir?
İki şəxsin öz istəyi ilə bir evi, eyni həyatı paylaşmasına vətəndaş nikahı deyilir.

Rəsmi nikah nədir?
İki şəxsin öz istəkləri ilə bağladığı izdivacın qanunla rəsmiləşdirilməsinə rəsmi nikah deyilir.

Avropada rəsmi nikahın təbliği, rəsmi nikaha üz tutanların sayı getdikcə sürətlənir. Buna səbəb isə avropalı sosioloqların və psixoloqların qeyri-rəsmi nikahdan doğulan uşaqların münasibətlər dağıldıqdan sonra heç bir sosial dayağının olmaması və maddi-psixoloji sarsıntı keçirməsidir. 10 il ərzində Azərbaycanda rəsmi nikahdankənar doğulan uşaqların sayı 4 dəfə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə rəsmi qeydə alınmış nikahdankənar doğulan uşaqların sayı 6 282 nəfər, 2010-cu ilin sonuna bu göstərici 25 385 nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd yerlərində dünyaya gəlib. Son 10 ildə şəhərdə nikahdan doğulan uşaqların sayı 3 dəfə, kənd yerlərində nikahdan kənar dünyaya gəlmiş uşaqların sayı isə 5,7 dəfə artıb.

Vətəndaş nikahı – molla kəbini

Hazırda Azərbaycanda rəsmi nikahdan imtina etmiş, özünü müasir sayan cütlüklər belə söhbət əsnasında münasibətlərinin ciddi olduğunu, kəbinlə ailə qurduqlarını deyirlər. Kəbin Azərbaycanda məhz, vətəndaş nikahı deməkdir. Vətəndaş nikahının sürətlə artmasına təkanı da fırıldaqçı mollalar verir. Molla kəbini ilə bir evdə yaşayan insanların doğub törədiyi uşaqlar isə Qanunla qeyri-rəsmi nikahdan doğulan uşaqlar hesab edilir. Demək ki, adını kəbin qoyduqları müsəlman vətəndaş nikahının uşaqların həyatında heç bir əhəmiyyəti yoxdur.

Rəsmi nikah olmadan kəbin bağlamaq qadağandır

Azərbaycanda kəbini hər yoldan ötən din adamı deyil, ancaq məscid axundu kəsə bilər. Qafqaz Müsəlmanları İdarəsinin 2010-cu ildə verdiyi qərara görə, heç bir din adamı rəsmi nikah kağızı olmadan kəbin kəsə bilməz. Bu qərarın çıxmasına səbəb isə erkən nikahların qarşısını almaqdır.

Qadınlar üçün vətəndaş nikahı

Azərbaycandakı yerli qeyri-hökumət təşkilatlarının apardığı sorğuya cavab verən 100 qadından 75-i vətəndaş nikahına qarşıdır. Onların fikrincə vətəndaş nikahında yaşayan qadınların heç bir sosial dayağı yoxdur.

Uşaqlar və rəsmi nikah

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, rəsmi nikah istənilən halda qadının xeyrinədir. Bu, qadın və uşağa hüquqi cəhətdən öz statusunu müəyyənləşdirməyə imkan verir. Rəsmi nikaha girməyən şəxslər, onların övladları sonradan sosial-psixoloji travmalar yaşayır. Rəsmi nikah həm də münasibətlərdə məsuliyyət hissini formalaşdırır.

Boşanmadan və ya rəsmi nikaha girmədən aliment

Mehriban Zeynalova rəsmi nikah qüvvədən düşdükdən sonra münasibətlərə, alimentin alınmasına təsirindən də danışdı. Hazırda rəsmi nikah ailə başçısı olan kişilərin məsuliyyət hissinə az təsir göstərir. Aliment almaq üçün heç də rəsmi nikahda olmaq və ya boşanmaq lazım deyil. Tərəflər boşanmasa da, həmçinin, rəsmi nikah qüvvədə qalsa da, qadın aliment üçün müraciət edə bilər. Azərbaycan mentaliteti isə bunu qəbul etmir. Rəsmi nikahı olmayan və atalıq faktının təsdiqinə razılıq verməyən kişilərlə bağlı məhkəmə çəkişməsi yolu ilə atalıq faktını müəyyən etdikdən sonra alimentə müraciət etmək mümkündür. Boşanmadan uşaqlarına maddi köməyini əsirgəyən ailə başçısı isə uşaqlara qarşı iqtisadi zorakılıq tətbiq etmiş olur. Əgər kişi ailəsini iqtisadi çətinlik qarşısında qoyursa, qadın aliment tələbi ilə məhkəməyə müraciət etməlidir. Bunun üçün rəsmi nikaha ehtiyac yoxdur. Bəzən olur ki, bizə kəbin kağızını nikah haqqında şəhadətnamə əvəzinə təqdim edən qadınlar olur. Bu elə vətəndaş nikahı deməkdir. Çünki kəbin kağızının Qanun qarşısında heç bir hüquqi yükü, əhəmiyyəti yoxdur.

İslamda dini kəbin və rəsmi nikah anlayışı varmı?

Kəbində əsas məqsəd qız və oğlanın ailə həyatı qurması, sonrakı mərhələdə nikahın hüquqi baza üzərində qurulması, bu evliliyin davam etdirilməsi, gələcəkdə ailədə münaqişələr baş verərkən hər iki tərəfin hüquqlarının qorunmasından ibarətdir. Yəni kəbin dünyaya gələn uşaqların valideynlərinin bilinməsi və onların yaşamasına hüquqi baza, eləcə də məskənlərinin olması üçün də vacibdir. Bu gün hər hansı şəxslər dövlət qeydiyyatına gedib nikah qeydiyyatından keçərkən oğlan tərəfi də qadına verəcəyi mehr miqdarını müəyyənləşdirirsə, bu həm dini kəbindir, həm rəsmi kəbindir, həm də islamın istədiyi yeganə kəbin anlayışıdır. İnsanların ailə həyatında problem olur və boşanma qərarı verilirsə, onlar məhkəməyə müraciət edirlər, yoxsa mollaya? Əlbəttə, məhkəməyə. Ona görə də məsələnin ilkin variantı elə qoyulmalıdır ki, problemlər ortaya çıxdıqda bunun hüquqi tərəfi də olsun. Münasibətlər dağılanda qadın əziyyət çəkməsin. Çünki, münasibətlərin dağılması tərəflərdən qadına daha çox ziyan verir.

İllahiyyat elmləri üzrə fəlsəfə doktoru Elşad Mirinin fikrincə, İslam dini də hüquqi yolla nikahın tərəfdarıdır: "Dini kəbinlərdə heç bir xüsusi ifadə yazılmalı deyil. Həmin kəbinlərdə iki tərəfin və yaxud onların vəkillərinin iştirakı ilə hakim tərəfindən nikaha girənlərin bir-birilərini ər-arvad qəbul etməsi razılığı təsdiqini tapmalıdır. Burda başqa bir şey yoxdur. Amma islama görə, kəbinin 6 şərti var: qız, oğlan, hər iki tərəfin razılığı, mehr, şahidlər və bir də elan. Yəni bunlar olandan sonra İslamda kəbin yerinə yetirilmiş sayılır. Nikah mərasimində hər iki tərəfin iştirak etməsi daha məqsədəuyğundur.

Vəkil Xalid Bağırovun sözlərinə görə, rəsmi nikaha girməmək qadınlara boşanma və ya ərin dünyasını dəyişdiyi məqamda böyük problemlər yaradır. Rəsmi nikaha girməyən qadının vərəsəlik hüququ olmur. Boşanma və ərin dünyasını dəyişdiyi təqdirdə mənzil problemləri qabarır. Qadının mənzilə köçürülməsi, mənzildən istifadə hüququnun tanınması qeyri-mümkün olur. Eyni zamanda birgə nikah vaxtı əldə edilmiş mülkiyyətdən qadın məhrum olur. Münasibətlərin rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq atalıq faktı məhkəmə yolu ilə müəyyən olunduqdan sonra uşağın bütün haqları tanınır. Ata isə qanun qarşısında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
Cəmiyyətdə boşanmış qadınlara olan münasibəti nəzərə alsaq, vətəndaş nikahında olan qadınlara münasibətin hansı yerdə olduğunu tam aydınlığı ilə təxmin edə bilərik.

Rəsmi nikah harada daha vacibdir?

Rəsmi nikah şəhərlərdə daha vacib hesab edilir. Hələ də əyalətlərdə rəsmi nikahın vacibliyi və ya qeyri-vacibliyi mövzu deyil. Çünki, regionlarda ailə münasibətləri tam oturuşmuş dəyərlər prinsipi ilə qurulub yaşayır.

Şəhərləşmə getdikcə rəsmi nikahın əhəmiyyəti daha çox artır. Nəzərə alanda ki, paytaxtda boşanma sayı daha çoxdur, regionlardakı vəziyyəti təxmin etmək olur. Çünki bizdə rəsmi nikahın əhəmiyyəti yalnız boşanma zamanı yada düşür.

Psixoloq Aynur Bəbirova deyir ki, vətəndaş nikahına daxil olanların sayının çoxalmasına səbəb məsuliyyətdən qaçmaq istəyidir. İnsanlar düşünür ki, rəsmi nikaha girməsələr, başları daha çox rahat olar, məsuliyyətdən uzaqda qalarlar. Azərbaycan cəmiyyətində isə, qeyri-rəsmi nikah qadınlar üçün böyük narahatçılıqlar törədir. Azərbaycanda vətəndaş nikahında olanlar daha çox ikinci nikaha girənlərdir. Birinci nikahı uğursuz olanlar sonradan ailə qurmaq və ya münasibətlərə girmək istəyirlər. Mental dəyərlər isə bu münasibətlərin toyla nəticələnməsinə icazə vermir. Azərbaycanda vətəndaş nikahına daxil olanları iki yerə bölmək olar: əyalətdə yaşayanlar və şəhərdə yaşayanlar. Şəhər mühitində yaşayıb vətəndaş nikahına girənlər daha çox maddi təminatı olan, təhsilli, təcrübəli insanlardır. Onlar daha çox həyat yoldaşı, ən primitiv halda isə cinsi tələbatlarını ödəmək üçün partnyor axtaranlardır.

İkincilər isə əyalətdə yaşayan, maddi dəstəyi olmayan, təhsilsiz qızlardır ki, onlar da maddi sığınacaq axtarırlar. Son iyirmi ildə əyalətlərdə qızların ərə getməməyi, evdə qalmaları halına çox rast gəlinir. Qızlar isə evdə qalmaq yerinə evli və ya boşanmış kişilərlə vətəndaş nikahında yaşamağı üstün tuturlar. İndi nikah möhürünün əhəmiyyəti o qədər də deyil. İnsanlar düşünür ki, qeyri-rəsmi nikahda yaşasalar, daha sərbəst olarlar. Psixoloq kimi deyə bilərəm ki, Azərbaycanda çox insan vətəndaş nikahına evcik-evcik oyunu kimi baxır. Yəni, düşünürlər ki, bu gün biri ilə yaşayarlar, sabah biri ilə. Vətəndaş nikahına nikah demək mümkün deyil. Uşaqlara gəlincə isə, qeyri-rəsmi nikahdan doğulan uşaqlar sonradan ətrafdan qınaqla qarşılanır. Onlar uşaqlıqdan psixoloji travmalarla böyüyürlər. Rəsmi nikahda doğulmuş uşaqlardan fərqli olaraq vətəndaş nikahında doğulmuş uşaqlar kompleksi olur. Tərəflər istədikləri nikah formasını seçə bilərlər. Lakin bu heç bir halda uşağın mənəvi-psixoloji sağlamlığı bahasına başa gəlməməlidir.

P.S Münasibətlərə tərəflər qərar verir. Uşaqların gələcəyinə isə cəmiyyət və Qanunvericilik!
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 5 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri