1969-cu
ildə Bakı şəhərində anadan olmuş Sevinc Rzayeva Lənkəran şəhərində
qonşusu Reyhun Məmmədov ilə intim münasibətdə olub. Sevinc Rzayeva intim
münasibətdə olduğu Reyhun Məmmədov və qardaşı Kamran Abbasov ilə
birlikdə qanunsuz narkotik vasitələri əldə ediblər. Onlar narkotik
vasitələrin qəbulu və satışı ilə məşğul olublar.
Bu
əmələrindən Sevinc Rzayevanın əri Fərid Rzayevin 2010-cu ilin mayında
məlumatı olub. Buna görə də Sevinc Rzayeva ilə ərinin arasında mübahisə
və münaqişələr baş verib.
İş adamını qətlə yetirib, intihar görüntüsü yaratmaq planı...
Baş
verən mübahisələr və münaqişələr nəticəsində Fərid Rzayevin onların
barəsində polis və milli təhlükəsizlik orqanlarına məlumat verəcəyini
bildirib. Onun məlumat verməsinin qarşısını almaqla qanunsuz narkotik
vasitələrin dövriyyəsi kimi cinayət əməllərini gizlətmək, həmçinin Fərid
Rzayevə məxsus Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşən evi,
Lənkəran şəhərinin Nəsimi küçəsində yerləşən istehsalat sexini,
istifadəsində olan "BMW” markalı avtomaşını tamah məqsədilə ələ keçirmək
üçün onu öldürmək qərarına gəliblər.
Bu
məqsədilə Sevinc Rzayeva, Reyhun Məmmədov, Kamran Abbasov cinayət
əlaqəsinə girərək, Fərid Rzayevi yeni inşa etdirdiyi evdə vurub
müqavimətini zəiflətməklə onun intihar etməsi görüntüsünü yaratmaq üçün
iplə boynundan asıb öldürməyi planlaşdırıblar.
Razılaşdıqları
kimi 2010-cu ilin iyun ayının 14-dən 15-nə keçən gecə, saat 00:12
radələrində Sevinc Rzayeva əri Fərid Rzayevlə Lənkəran şəhəri, Şirəli
Axundov küçəsində yerləşən yeni inşa etdirdikləri evə gedəcəkləri barədə
Reyhun Məmmədova məlumat verib.
Reyhun
Məmmədov və Kamran Abbasov diametri 1,5 sm, yarım sərt materialdan
olan kəndir və vint açan götürüb, həmin evin birinci mərtəbəsində olan
giriş qapısının yaxınlığında yerləşən pəncərəni vint açanın köməyi ilə
açaraq evə daxil olub. Onlar orada Fərid Rzayevi gözləyiblər.
Arvadı iş adamını necə ölümə apardı?
Aralarında
aparılmış vəzifə bölgüsünə əsasən Sevinc Rzayeva saat 00:52
radələrində əri Fərid Rzayevi yaşadıqları Lənkəran şəhəri, H.Aslanov
xiyabanı, ... №-li evdən Şirəli Axundov küçəsində yerləşən yeni inşa
etdirdikləri evə aparıb. Orada Kamran Abbasov və Reyhun Məmmədov Fərid
Rzayev ilə qarşılıqlı mübarizə aparmaqla dəmir parçası və əlləri ilə
onun bədəninin baş, qarın, bud, diz, ayaq nahiyələrinə çoxsaylı zərbələr
endirməklə ona sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən
həyati xəsarətlər yetirib, müqavimətini zəiflətdikdən sonra Fərid
Rzayevin özünü öldürməsi görüntüsünü yaratmaq üçün özləri ilə
gətirdikləri kəndiri bir-birinə dolayı hörülən ilgəklə onun boyununa
keçirib, kəndiri evin 3-cü mərtəbəsində olan otağın giriş qapısının
dəstəyinə bərkidərək 2-ci mərtəbə istiqamətində asmaqla boyun üzvlərinin
sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya ilə Fərid Rzayevi
qəsdən öldürüblər.
Qatillərin ittiham olunduğu maddələr...
Təqsirləndirilən
şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan
əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik
(təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə
adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə
zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək
məqsədi ilə adam öldürmə) və 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya
onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya
seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə)
maddələri ilə ittiham ediliblər və cinayət işinə baxılması üçün Lənkəran
Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qatillər məhkəmədə susmağı üstün tutublar
Məhkəmə
istintaqı zamanı təqsirləndirilən şəxslər Sevinc Rzayeva və Reyhun
Məmmədov onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməyiblər,
onlar ifadə verməkdən imtina ediblər.
Buna
görə də onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələr elan
edilib. Həmin vaxt istər Sevinc Rzayeva, istərsə də Reyhun Məmmədov
cinayət işinin istintaqı zamanı ilkin verdikləri ifadələri təsdiq
ediblər. Sonrakı vaxtlarda verdikləri ifadələri, o cümlədən onların
arasında olan üzləşmə zamanı verdikləri ifadələri təsdiq etməyiblər.
"Bacım bu qətli Reyhunla birlikdə törətməsini mənə bildirdi”
Təqsirləndirilən
şəxs Kamran Abbasov məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı
verdiyi ifadələri təsdiq edərək bildirib ki, Farid Rzayevin
öldürülməsindən xəbəri olmayıb. Onun sözlərinə görə, 2011-ci ilin dekabr
ayında Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində həbsdə saxlama müddətinin
uzadılması zamanı Reyhun Məmmədov güya ona bildirib ki, Farid Rzayevi
Sevinclə birlikdə o öldürüb.
Kamran
Abbasov qeyd edib ki, bacısı Sevinc Rzayeva ilə ekspertizadan keçən
zaman orada bacısı ilə qısa müddətdə görüşüb: "Bacım bu qətli Reyhunla
birlikdə törətməsini mənə bildirdi”.
"Reyhun yaxın münasibətdə olduğu Sevinc adlı bir qadının adını çəkdi”
İbtidai
istintaq zamanı üzləşdirilərkən Reyhun Məmmədov və Sevinc Rzayeva
Kamran Abbasovun yalan dediyini, ona belə bir söz demədiklərini
göstəriblər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Ramin
Məmmədov ifadəsində bildirib ki, 6 iyun 2010-cu il tarixdə narkotik
vasitələrin saxlanması ilə əlaqədar Salyan rayon polis şöbəsinin
əməkdaşları tərəfindən tutulub və Salyan Rayon Məhkəməsinin 14 oktyabr
2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci
maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum
olunub. O, tutulandan sonra 9 iyun 2010-cu il tarixdən Bakı şəhərinin
Kürdəaxanı qəsəbəsində yerləşən Bakı istintaq təcridxanasının əvvəl 8-ci
korpusunun 72-ci kamerası, sonra isə 6-cı korpusun 2 nəfərlik olan
57-ci kamerasında saxlanılıb.
Onun
sözlərinə görə, 2010-cu ilin sentyabr ayının sonlarında onu Salyan
rayon polis şöbəsinə etap edərkən getdiyi qatarda Lənkəran şəhərindən
olan və narkotik vasitələrin saxlanması ilə əlaqədar tutulmuş Reyhun
Məmmədov ilə tanış olub: "Reyhun Məmmədovla müxtəlif mövzularda söhbət
etdik. Reyhun yaxın münasibətdə olduğu Sevinc adlı bir qadının adını
çəkdi və bildirdi ki, əvvəlki etap zamanı Sevinci Salyan qatarı
dayanarkən görmüşəm. Salyan rayonunda məni düşürdülər. Reyhun qatarla
Lənkərana aparılıb. 2010-cu ilin oktyabr ayında barəmdə hökm çıxandan
sonra hökmdən apellyasiya şikayəti verdim. Buna görə də Bakı istintaq
təcridxanasında qaldım, 2011-ci ilin aprel və ya may ayında Bakı
istintaq təcridxanasındakı kamerasında papağımı gözümün üstünə çəkib
oturarkən birdən qapı açılaraq bir nəfər dustaq içəri girdi. Həmin
dustaqın Reyhun olduğunu gördüm. Reyhun isə içəri girib salamlaşandan
sonra diqqətlə mənə baxıb qışqıraraq "Ramin, bu sən deyilsən?” sözlərini
dedi. Görüşəndən sonra Reyhun neçə vaxtdır ki, məni axtardığını dedi.
Reyhuna hökm çıxandan sonra Salyan rayonunda yerləşən Xələc türməsində
saxlanıldığımı bildirdim”.
"Reyhun ölən Fəridin arvadı Sevinci saxladığını, onunla mütəmadi intim münasibətlərdə olduğunu söylədi”
Ramin
Məmmədov daha sonra ifadəsində bildirib ki, Reyhun hansısa Elşad adında
qohumu onun barəsində şikayət etdiyinə görə təcridxanaya gətirildiyini
bildirib: "Reyhun Elşadın qardaşı Fəridin 2010-cu ilin iyun ayında öz
evində öldüyünü, mərhumun qohumlarının isə ondan şikayət etdiyinə görə
Bakı istintaq təcridxanasına etap olunduğunu, bütün şikayətlərə
baxmayaraq, Fəridin qətlində heç bir günahının olmadığını dedi. Reyhun
daha bir məsələdən də şübhələndiyini bildirdi. Reyhunla kamerada olduğu
15-20 gün müddət ərzində mənimlə münasibətləri daha da isinişdi. Artıq
bir-birimizə tam etibar etməyə başladıq. Bir gün Reyhundan niyə bu vaxta
kimi evlənmədiyinin səbəbini soruşdum.
Reyhun
isə ölən Fəridin arvadı Sevinci saxladığını, onunla mütəmadi intim
münasibətlərdə olduğunu söylədi. Reyhun Fəridin isə özünü məhz bunu
eşitdikdən sonra asdığını, buna görə hamının Fəridin ölümündə ondan
şübhələndiyini dedi. Bir gün də dindirilməsi üçün Reyhun harasa
aparıldı. Həmin gün axşam dindirmədən qayıdandan sonra Reyhunun
həyəcanlı olduğunu gördüm. Ondan nə baş verdiyini soruşdum. Dedi ki,
Fəridin ölüm işi ilə əlaqədar müstəntiqlər tərəfindən sorğu-sual edilib,
lakin müstəntiqlərə bu işdən xəbərsiz olduğunu dediyini bildirib”.
"Fərid onların aralarında intim əlaqələrinin olmasından şübhələnməyə başlayıb”
Şahidin
sözlərinə görə, bir müddət keçəndən sonra Reyhun ona deyib ki, ölən
Fərid qonşularından başqa eyni zamanda onun qohumdur:
"Qonşusu
olan Fərid onun və ailə üzvlərinin narkotik vasitələrin satışı ilə
məşğul olduğunu bildiyinə görə aralarında münasibətləri pisləşib. Fərid
onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olduğuna, onun
yanına narkomanların gəlib-getdiyinə görə dəfələrlə irad tutub, bu
məsələlərə son qoymasını tələb edib. Hətta bir dəfə Fəridlə aralarında
məhəllələrinin qabağında davaları da düşüb və həmin dava zamanı o, bıçaq
götürüb ki, Fəridi vursun, lakin qohum-qonşu araya girib, buna imkan
verməyib. Sonradan isə Fəridin qardaşı məhəllələrinə gəlib onları
sakitləşdirib. Bundan əlavə Reyhun dedi ki, onun Sevinclə aralarında
olan münasibətləri isinişərək intim münasibətlərə keçib, bu əlaqələrdən
başqa Sevinci narkotik vasitələrə də qurşatıb və Sevinc onun köməyi ilə
heroin iyləyib. Fərid onların aralarında intim əlaqələrinin olmasından
şübhələnməyə başlayıb. Bununla əlaqədar arvadı ilə mübahisələr edib, bir
gün də Fərid Sevincin mobil telefonunda onunla aralarında olan sevgi
mesajlarını aşkar edib. Hətta bir dəfə Fərid arvadı Sevinci narkotik
vasitələrlə bağlı analizdən də keçirib”.
"İstəyiblər ki, Fərid öləndən sonra onun bütün əmlakı onlara qalsın”
Şahid
daha sonra ifadəsində qeyd edib ki, Reyhun həmçinin Sevincin qardaşı
Kamran barədə də danışıb: "Reyhun Kamranın əvvəllər Fəridin hansısa
mebel sexində işləyib, Fərid qayını Kamranın da narkotik vasitələrin
aludəçisi olduğunu biləndən sonra onu işdən qovub. İşdən qovandan sonra
Kamran Fəridə qarşı kin saxlayıb. Fərid bütün bunları biləndən sonra
Sevinc və Kamran ilə birlikdə onların evində yığışıb plan qurublar ki,
Fəridi öldürüb aradan götürsünlər, istəyiblər ki, Fərid öləndən sonra
onun bütün əmlakı onlara qalsın. Fəridi evlərinin yaxınlığında
tikdirdiyi üç mərtəbəli evdə öldürməyi planlaşdırıblar ki, orada bunu
heç kim görə bilməsin, bir gün də gecə vaxtlarında Fəridin arvadı
Sevinclə həmin tikdirdiyi üç mərtəbəli evdə olduğunu bilib Kamranla bir
yerdə Fəridin təzə tikdirdiyi evə gedib. Orada üçüncü mərtəbədə Fəridin
onunla və Kamranla aralarında mübahisəsi olub”.
"Fərid üzünü Kamrana tutaraq Sevincin bacısı kimi onun qeyrəti, arvadı kimi isə özünün qeyrəti olmadığını bildirib”
Şahidin
sözlərinə görə, Reyhun mübahisə zamanı Fərid iradlarını bildirərək
ondan arvadı Sevincdən əl çəkməsini tələb etdiyini deyib: "Reyhun isə
Sevinclə hər-hansı bir münasibətinin olmadığını deyib. Sonra Fərid üzünü
Kamrana tutaraq Sevincin bacısı kimi onun qeyrəti, arvadı kimi isə
özünün qeyrəti olmadığını bildirib. Bunu eşidən kimi Kamran "sənin
sözündən belə çıxır ki, mənim bacım fahişədir” deyərək əlindəki dəmir
parçası ilə Fəridin başından vurub. Sonra isə Reyhun Kamrana kömək
edərək Fəridi bir yerdə döyməyə başlayıblar. Ardınca halsız vəziyyətdə
olan Fəridin başına kəndir keçirdib otaqların birinin qapısının
dəstəyinə bağlayaraq intihar görüntüsü yaradıblar. Sevinc isə buna
qarışmayıb”.
Cinayət
işi üzrə şahidlərin ifadələri dinlənildikdən, cinayət işinin
materilları arasında olan sənədlər tədqiq edildikdən sonra məhkəmə hökm
elan edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc
Rzayeva 15 il, Kamran Abbasov 15 il, Ceyhun Məmmədov 14 il 1 ay 19 gün
müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan
təqsirləndirilən şəxslər apelyasiya şikayətləri veriblər və cəzalarının
yüngülləşdirilməsini istəyiblər. Onların şikayətinə Şirvan Apelyasiya
Məhkəməsində baxılıb. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxslərin əzalarının yüngülləşdirilməsi ilə
bağlı apelyasiya şikayətləri təmin edilməməsi ilə bağlı qərar elan
edilib.