Mehriban Əliyeva Parisdə sərgidə - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 979
Səs ver:
(səs: 0)
Fevralın 27-də Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun "Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb.

Manşet.Az-ın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Dünya şöhrətli rəssam Tahir Salahovun Paris sərgisinin açılışında iştirak etmək üçün Fransa İnstitutuna gələn  Mehriban Əliyeva əvvəlcə tədbirin keçirildiyi Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olub. Akademiyanın daimi katibi Arno Dotriv bildirib ki, 1662-ci ildə əsası qoyulan Fransa İnstitutu özündə müxtəlif sahələrə aid 5 akademiyanı birləşdirir və onlar Fransa tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif layihələr, elmi araşdırmalar həyata keçirir.

Nadir memarlıq quruluşuna malik olan bina Sena çayının sahilində yerləşir və onun memarı Lui Lövodur.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa İncəsənət Akademiyası, Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi, həmçinin ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılışında qatılıb.

Arno Dotriv dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada böyük marağın olduğunu və bu sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını bildirib. O qeyd etmişdir ki, Fransa hər zaman Tahir Salahov yaradıcılığı ilə təmasdan böyük şərəf duyur və bu amil bugünkü sərginin də əsas qayəsini təşkil edir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransada bu sərginin açılmasını Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndiib.

"Fransa İncəsənət Akademiyasında ilk dəfədir ki, Azərbaycan rəssamının sərgisi açılır”, - deyən nazir, görkəmli fırça ustası Tahir Salahovun yaradıcılığının bütün bəşəriyyətə məxsus olduğunu vurğulayıb. Nazir əlavə edib ki, Parisdə sərgilənən bu əsərlər bir daha Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.

Xalq Rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq edib. Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb. Sərginin açılışını həyatının ən unudulmaz günlərindən birinə çevrildiyini deyən Tahir Salahov əsərlərinin Fransa İncəsənət Akademiyasında nümayiş etdirilməsindən şad olduğunu bildirib.

Sonra qonaqlar - Fransanın görkəmli mədəniyyət xadimləri, Parisdə akkreditə olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri sərgi ilə tanış olub.

Dünyanın mədəniyyət mərkəzlərindən biri olan Parisin mədəni həyatında dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun fərdi sərgisinin açılması əsil hadisəyə çevrilib. Bu sərgi ilk növbədə sənətsevərlərin çoxdandır yolunu gözlədiyi fırça ustasının yaradıcılığına bir daha nəzər salmaq baxımından mühüm əhəmiyyət kəsb edib. Bu, həm də Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malikdir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətini yüksək səviyyədə dünyada təmsil edən xalq rəssamı, "İstiqlal” və "Heydər Əliyev” ordenli Tahir Salahov bu sərgisi ilə xalqımızın malik olduğu yüksək mədəni dəyərləri bir daha Qərb tamaşaçılarının diqqətinə çatdırıb. Bu il 85 yaşını qeyd edən xalqımızın böyük oğlu Tahir Salahovun Parisdə açılan fərdi sərgisinin bir özəlliyi də təbii ki, onun sənətkarlığının dünyəvi mahiyyətə malik olmasıdır. Bu cəhət sərgidə nümayiş etdirilən əsərlərdə də özünü göstərir. Qara Qarayev, Mistislav Rostropoviç, Anar, Soljinitsin kimi dünya şöhrətli şəxsiyyətlərin portretləri, Parisə həsr olunmuş "Həmişə Eyfel qülləsi ilə” silsilə rəsmləri böyük maraqla qarşılanmışdır və bəzi əsərlərinin xalça versiyası da sənətkarın daxili zənginliyindən xəbər verir. Bu sərginin dəyərini artıran ən mühüm amil də rəssamın öz sərgisində qonaqları ilə elə öz xalqının dilində danışması olmuşdur.

Sərgidən sonra UNESCO-nun mənzil qərargahında qurumun baş direktoru İrina Bokovanın bu vəzifəyə yenidən seçilməsi münasibətilə rəsmi qəbul təşkil olunub.

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.
 
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri