"Seymurun yoldaşımla yaxınlıq etdiyindən şübhələndim"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 218
Səs ver:
(səs: 0)
Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Zaur İsmayılov qısqanclıq zəminində qohumu Seymur İsmayılovu öldürməyə cəhd edib.

Zaur İsmayılov sentyabrın 4-də, saat 03.00-da Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi, ev 44-də, yaşadığı evin ikinci mərtəbəsinin eyvanında həyat yoldaşı Aygün İsmayılovanı qohumu Seymur İsmayılov ilə söhbət edərkən görüb. Seymur həmin vaxt Zauru görüb və hasardan aşaraq qaçıb.


Zaur qohumunun həyat yoldaşı ilə münasibəti olmasından şübhələnib. O, sentyabrın 5-də, saat 14.00  radələrində Seymuru görüb və hadisəni araşdırmaq bəhanəsi ilə yaşadığı evə dəvət edib. Onun dəvəti ilə Seymur evə gəlib. Həmin vaxt Zaur Seymuru öldürmək üçün bıçaqla vurmaq istəyib. Amma evdə olanlar buna mane olub və Zaurun qohumuna çoxsaylı bıçaq xəsarətləri yetirməsinin qarşısı alınıb. Seymur evdə olan şəxslər tərəfindən vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.


"Yuxudan oyananda həyat yoldaşımın yataqda olmadığını gördüm”


Zaur İsmayılov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilib.


Zaur İsmayılov deyib ki, sentyabrın 4-də, gecə saat 03.30-da yaşadığı evdə yuxudan oyanıb. Onun sözlərinə görə, yuxudan oyananda həyat yoldaşı Aygün İsmayılovanın yataqda olmadığını görüb: "Buna görə də həyətə çıxdım. Həyətdə də həyat yoldaşımı görmədim. Bu vaxt evin ikinci mərtəbəsindəki eyvanda danışıq səsləri eşitdim. Eyvana tərəf baxarkən, Seymur İsmayılovla həyat yoldaşımın söhbət etdiklərinin şahidi oldum”.


"Aləmzəri görərək onunla söhbət etdiyini bildirdi”


Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Seymur İsmayılov oradan qaçıb: "Seymur məni görən kimi hasardan aşıb yaşadığı həyətə keçdi. Mən də Seymur İsmayılovun arxasınca onların həyətinə keçdim. Lakin onu tuta bilmədim. Bir neçə dəfə Seymuru çağırsam da, mənə cavab verən olmadı. Həmin vaxt anam Aləmzəri yuxudan oyatdım və daha sonra gözətçi işləyən atam Gülməmmədi gətirməyə getdim. Atam nə hadisə baş verdiyini soruşdu. Atama baş verənləri olduğu kimi danışdım. Atam Seymuru çağırmağı tapşırdı. Mən də Seymuru çağırdım. Atam Seymurdan bizim həyətdə nə işi olmasını soruşdu. Seymur həmin vaxt hasarın üstündə olan sayğacdan elektrik xəttini ayırmaq üçün həyətə düşdüyünü, Aləmzəri görərək, onunla söhbət etdiyini bildirdi”.


"Həyat yoldaşıma valideynlərini çağırmağı tapşırdım”


Zaur İsmayılov bildirib ki, həmin vaxt əsəbləşərək Seymuru 2 yumruq vurub. Onun sözlərinə görə, atası onu kənara çəkərək sakitləşdirib: "Həmin vaxt həyat yoldaşıma valideynlərini çağırmağı tapşırdım. Təxminən 15 dəqiqə sonra qaynatam Məmmədbağır Bağırov, qaynanam Mahpəri Bağırova, qayınlarım – Zamiq, Baba, həyat yoldaşımın böyük əmisi Azad Hüseynov və əmisi oğlu Elşad Hüseynov bizə gəldilər. Atam onlara baş verənləri danışdı. Bu zaman həyat yoldaşım hər şeyi etiraf etdi. O, həyətdə paltar sərdiyini, bu zaman Seymur İsmayılovun hasardan elektrik xəttini ayırmasını gördüyünü, eyvana keçdiyini, orada Seymur İsmayılovun nişanlısının qız toyundan söhbət etdiklərini bildirdi.


Mən Seymura dedim ki, toyundan söhbət edirdinizsə, niyə məni görən kimi qaçdın?  Seymur mənim məsələni düzgün anlamayacağımdan qorxduğunu, ona görə də qaçdığını söylədi. Mən də Seymura oradan qaçmasının pis fikir gətirdiyini dedim”.


"Atam həyat yoldaşımı valideyinlərinin evinə göndərdi”


Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt əmisi Seymuru özü ilə aparıb. Təqsirləndirilən şəxsin dediyinə görə, qaynatası, qaynanası, qayınları və digər şəxslər öz evlərinə gediblər: "Onlar gedəndən sonra, saat 8 radələrində atam həyat yoldaşımı valideynlərinin evinə göndərdi. İki azyaşlı qızımı aparmasına icazə vermədim”.


Zaur İsmayılov daha sonra ifadəsində qeyd edib ki, sentyabrın 5-də, saat 12 radələrində Seymur İsmayılovun əmisi Azadgildə olduğunu bilib və onun mobil telefonuna zəng etsə də, Seymur cavab verməyib: "Buna görə də Seymura "SMS” yazaraq ondan məsələni ətraflı söhbət etməyimizi istədim. Təxminən 5 dəqiqə sonra Seymur mobil telefonla zəng edərkən məndən harada olduğumu soruşdu. Ona evdə olduğumu bildirdim. Seymur bir saata qədər gələcəyini dedi. Təxminən saat 13 radələrində Seymur gəldi. Seymur salamlaşaraq qonaq otağına keçdi”.


Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt yenə də Seymurdan axşam baş verənləri soruşub. Onun sözlərinə görə, Seymur danışan zaman bıçaqla onun ürək nahiyyəsindən bir zərbə vurub. Onun sözlərinə görə, cinayəti törədəndən sonra polisə təslim olub: "Seymur deyir ki, niyyəti pis olmayıb. Əgər onun niyyəti pis mənada olmayıb, onda mənim həyətimə niyə gəlib? Əməlimdən peşman deyiləm”.


"Aygünün paltar sərdiyini gördüm”


Zərərçəkmiş Seymur İsmayılov deyib ki, sentyabrın 2-də onun yaşadığı Qobu qəsəbəsində nişanlısının qız toyu olub. Onun sözlərinə görə, öz toyu isə noyabrın 31-nə planlaşdırılıb. Dediyinə görə, toy qabağı yaşadığı evi təmir etdiyi üçün qum gətizdirib və gecə yarıya kimi həmin qumu dostları ilə birlikdə həyətə daşıyıblar. O, qeyd edib ki, dostları gedəndən sonra həyətin işıqlarını söndürmək üçün evin ikinci mərtəbəsinə çıxıb və elektrik cərəyanını sayğacdan ayırmaq istəyib: "Bu zaman Zaurun həyat yoldaşı Aygünün evlərinin ikinci mərtəbəsində paltar sərdiyini gördüm. Həmin vaxt onunla salamlaşdım və sonra nişanlımın qız toyu mərasimindən söhbət etdik”.


Zərərçəkmişin sözlərinə görə, təxminən 5 dəqiqə keçəndən sonra Zaur İsmayılovun həyətə çıxdığını görüb: "Buna görə də evimə qayıtdım. Təxminən 1 saat sonra Zaur İsmayılov yaşadığım evə gəldi və bizi yuxudan oyatdı. O, əmim Gülməmmədin məni çağırdığını dedi. Paltarımı geyinərək onlara getdim”.


"Məni yerə yıxdı və bıçağı boğazıma dirədi”


Seymur İsmayılov qeyd edib ki, evə girərkən Zaur İsmayılov yumruqla onun gözünün altından vurub: "Əmim gecə Aygün ilə nə işim olduğumu soruşdu. Əhvalatı olduğu kimi danışdım. Aygünlə toy barədə söhbət etdiyimizi bildirdim. Gülməmməd İsmayılov onsuz da işi araşdıracağını dedi. Zaur cibindən bıçaq çıxararaq məni yerə yıxdı və bıçağı boğazıma dirədi. Zaur məndən hadisəni düzgün danışmağımı tələb etdi. Sonra Aygünün valideynlərini çağırdılar. Baş verənlər barədə onları məlumatlandırdlar. Azad əmim baş verənlərə inanmadığını və mənim Ayngünə pis mənada yaxınlıq etmədyimi dedi. Əmim mənə və Aygünə çörək verilməsini və hadisəni düzgün danışmaqla and içməyimizi istədi”.


"Mən də, Aygün də çörəyə and içdik”


Zərərçəkmiş şəxs daha sonra ifadəsində belə danışıb: "Mən də, Aygün də çörəyi ayağımızın altına qoyaraq aramızda başqa münasibətin olmaması barədə and içdik.  Bundan sonra oranı tərk etdim”.


Seymur İsmayılov daha sonra bildirib ki, ertəsi gün saat 13 radələrində Zaur İsmayılov onun mobil telefonuna "SMS” yazıb "Zaur, əmioğlu, hər şeyi öyrənmişəm, heç bir problem yoxdur, gəl görüşək, bir-birimizə ürəyimizi boşaldaq” sözlərini göndərmişdi. Bir qədər sonra Zaura mənə zəng vurdu. Ona yarım saata gələcəyimi bildirdim”.


"Aygünlə nalayiq hərəkətə yol verərsəm, intihar edəcəyimi bildirdim”


Zərərçəkmiş qeyd edib ki, təxminən bir saatdan sonra Seymurgilə gedib və orada Seymurla mübahisələri yaranıb: "Zaurdan məsələni aydınlaşdırıb-aydınlaşdırmamasını soruşdum. Zaur ona qarşı namussuzluq etdiyimi dedi. Buna qəti etiraz etdim. Aygünlə nalayiq hərəkətə yol verərsəm, intihar edəcəyimi bildirdim. Bu vaxt Zaur ayağa qalxdı və bıçaq çıxardaraq üstümə gəldi. O, bıçaqla qarın və ürək nahiyəmin aşağı hissəsindən vurdu. Sonra qan məni apardı”.


Məhkəmənin hökmü ilə Zaur İsmayılov 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Zaur İsmayılov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.


Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Zaur İsmayılovun şikayəti təmin edilməyib.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri