Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası xarici ölkə astroloqlarının martın 17-də Mars və Uranın bir-birinə yaxınlaşması və bunun nəticəsində kütləvi ölümlərin, fəlakətlərin baş verə biləcəyi barədə proqnozlarına aydınlıq gətirib.
Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, 2012-ci ildə həmin ilin dekabr ayında bütün Yer kürəsinin qaranlığa qərq olacağı və "qiyamət günü"nün baş verəcəyi ilə bağlı proqnozlar verilmişdi:
"Həmin proqnozlar özünü doğrultmadığı kimi, bu proqnozun da heç bir əsası yoxdur".
Direktor müavininin sözlərinə görə, Mars və Uranın toqquşması mümkünsüzdür. Çünki onlar bir-birindən çox uzaq məsafədə yerləşirlər:
"Onların hər birinin öz orbiti var. Həmin orbit boyunca da dövr edirlər. Marsın və Uranın bir-biri ilə toqquşması üçün onların öz orbitlərindən çıxması lazımdır. Günəşin də cazibə sahəsi buna imkan vermir. Bu sistem çox dayanıqlı sistemdir və heç vaxt da dağıla bilməz”.
Qeyd edək ki, türk astroloq Su Karakuşun sözlərinə görə, martın 17-də Mars və Uranın bir-birinə yaxınlaşması nəticəsində kütləvi ölüm hadisəsi və ya fəlakət baş verə bilər.