Emin: Ürəyim heç zaman boş olmayıb - Müsahibə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 528
Səs ver:
(səs: 3)
Müğənni-bəstəkar Emin Ağalarov "Elle" jurnalına müsahibə verib.

- Nə üçün karyeranıza müğənni kimi başlamaq qərarına gəldiniz? Yəqin ki, pula görə deyil.
- Mən istənilən halda musiqi ilə məşğul olmaq istəmişəm: oxuyum, oynayım, sevimli ifaçıların mahnılarını səsləndirim, öz bəstələrimi yazım. Musiqiçilərin həyatı haqda, yaradıcılığa necə başlamaları haqda öyrənməyi çox sevirəm. Bu, mənim 20 yaşınadək əsas hobbim olub və başa düşmüşəm ki, mən musiqidən imtina edə bilmərəm.
 
- Nə üçün albomunuza "8 в падении” adını seçmisiniz?
- Alboma ad qoymaq mərhələsi gələndə mən öz qeyri-adiliyi ilə böyük təsirə malik olan "8 в падении” mahnısını xatırladım. Məlumdur ki, 8 rəqəminin çevrilməsi sonsuzluq işarəsini bildirir. Bu isə "Mən səni sonsuzadək sevməyə hazıram” deməkdir. Fikrimcə, sevgi əsl sevgidirsə, sonsuz və sərhədsiz olmalıdır. Vacib deyil ki, bu məhəbbət uşaqlara, həyat yoldaşına, qıza, valideynlərinə olsun.
 
- İlk baxışdan sevə bilərsiniz?
- Mənə elə gəlir ki, ilk baxışdan yox, ilk dialoqdan sevmək olar. 

- Hər hansı bir qadın sizin diqqətinizi cəlb etmək üçün özünü necə aparmalıdır?
-O, diqqətçəkən olmamalıdır. 

- Sizinlə tanış olmaq istəyən qadın sadəcə hansısa bir küncdə oturub gözləməlidir?
- Bu qədər də yox. Ancaq parlaq və fəal qızlar məndə heç bir maraq oyatmırlar. Özünə xüsusi diqqət cəlb etmək istəməyən qızlar isə, əksinə. 

- Bəs, belə qadınları necə ələ alırsınız?
- Bilmirəm, adətən, hər şey ünsiyyətdən başlayır. 

- Bəs hədiyyələr?
- Bir qadına verə biləcəyim ən gözəl hədiyyə mahnıdır. 

- Yeni albomunuzda sevgilinizə həsr edə biləcəyiniz hər hansı bir mahnı varmı?
- Var və bir dənə deyil.
 
- Bu hansı mahnıdır?
- Qoy dinləyicilərim özləri bunu fikirləşib tapsınlar. 

- Ürəyiniz boşdur?
- Ürəyim heç zaman boş olmayıb. 

- Qadında hansı xüsusiyyətlər sizi qıcıqlandırır?
- Mən Oxatan bürcündənəm. Bu isə ən azadlıqsevən zodiak işarəsidir. Üzərimdə hər hansı təzyiq hiss edəndə, məni idarə etməyə, nəzarətdə saxlamağa çalışdıqlarını duyanda onda əminliklə deyə bilərəm ki, qaçacağam (gülür).
 
- Harmonik münasibətlərdə vacib olan 3 xüsusiyyəti deyin.
- Birinci növbədə hörmət. Qarşılıqlı başa düşmə. Əgər nə üçün ikinci yarınızın belə yox, məhz başqa cür davranması haqda düşünmürsünüzsə, çətin ki, birləşəsiniz. Ən nəhayət, səbr. Bu isə ən çox məndə yoxdur. 

- Düşünürsünüz bunda sizin Şərq temperamentiniz günahkardır?
- Yox, mən çox müasir ailədə böyümüşəm. Bizdə heç vaxt patriarxlıq olmayıb. Atam nüfuzlu insandır, ancaq biz heç vaxt evdə onun "böyük rəhbər”liyini hiss etməmişik. Evdə hər zaman o bizimlə, xüsusən anamla məsləhətləşir. Məsələ Şərq tərbiyəsində deyil: bu, normal ailə münasəbtləridir – sən görürsən ki, valideynlərin bir-birlərinə hörmət edirlər, onlar arasında düzgün dəyərlər var. Ata hər gün evə gəlir, evdə gecələyir, ailəsi ilə vaxt keçirir. Məhz ailə münasibətləri belə formalaşır, hansını ki, öz həyatında görmək istəyirsən. Belə olmamalıdır ki, "Uşaqları ana böyütsün, mən də gəzməyə gedim”. Mən qalmaqalları sevmirəm. Evdə söz-söhbət uşaqlara təsir edir, onların yaddaşına həkk olur və valideynlərdən uzaqlaşdırır.
 
- Müxtəlif aləmlərdən olan, fərqli təhsil alan, ətrafı, maraqları fərqli olan insanlar arasında harmonik əlaqələr qurmaq mümkündürmü?
- Əlbəttə. Mənə elə gəlir ki, bu fərqlilik nə qədər çox olsa, bir o qədər cəlbedici olur. İnsanlar eyni xarakterdə olanda münaqişələr üçün daha çox səbəblər yaranır. Ancaq hər şey fərqli olanda, bir yerdə olmaq daha maraqlı gəlir.
 
- Sizi hansı tədbirlərdə daha çox görmək olar?
- Mən tez-tez "Krokus Siti Holl”da oluram. Orada bizim ildə 275 konsertimiz keçirilir. Əlbəttə, hamısına getməyə gücüm çatmır, ancaq böyük hissəsində iştirak etməyə çalışıram. Xüsusən də, sevimli müğənnilərim səhnəyə çıxanda. Məsələn, Elton Con, Dima Bilan, Leonid Aqutin. Müxtəlif mükafatlandırma mərasimlərində oluram. Sonuncu dəfə "Music Box 2015” mərasimində olmuşdum, hətta mükafat da almışdım. Teatra isə min ildir ki, getmirəm. 

- Ən çox hansı mükafatı almaq istərdiniz?
- Mənim üçün bütün mükafatları almaq o qədər də önəmli deyil. Özünüz təsəvvür edin: mükafatı alırsan, evə gətirib, harasa qoyursan, vəssalam. O mükafat var ya yox, əhəmiyyəti olmur. Mən isə ən çox uzun müddət yaddaşlarda yaşayan mahnı yazmaq istərdim. Çünki mənim kumirim olan Müslüm Maqomayev, Elvis Presli və ya Adriano Çelentanonun belə bəstələri çoxdur. Layonel Riçin "Hello”, Stinqin "Fragile” mahnıları var. Mən də məndən çox yaşayacaq mahnı yazmaq arzusundayam. Düşünürəm ki, burada musiqi ilə məşğul olmağın bütün mahiyyəti dayanır -musiqi tarixində iz qoymaq.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri