Ərik meyvələri yuyulub, qabığı, özəyi və ya çəyirdəyi təmizlənir, 5-8 bərabər hissəyə doğranıb turşulaşdırılmış suya salınır. Qabıq və özəyə su əlavə edilib 10-12 dəqiqə bişirilir və süzülür. Həmin suda şəkər həll edilib meyvələr əlavə edilir. 6-10 dəqiqəyə qədər bişirilir. Kompotu ətirləndirmək üçün ona limon və ya portağal qabığı, yaxud darçın əlavə etmək lazımdır. Soyuduqdan sonra üzüm şərabı qatıb, qablara tökür və soyuq yerdə saxlayırlar. Zərif ərik sortlarından kompot hazırladıqda, meyvə qaynayan suya tökülüb, dərhal götürülür və soyuyana qədər qapağı örtük halda saxlanılır. Bu zaman kompotun suyu şəffaf, meyvələr isə bütöv olur.