Ərzaqlar 1/2 stəkan incə bulqur 1 stəkan qaynar su 1 böyük və ya 2 kiçik çuğundur 1 böyük yaşıl alma 1/4 stəkan doğranmış şüyüd 1/4 stəkan doğranmış cəfəri 2 ədəd yaşıl soğan, doğranmış 1/4 stəkan iri doğranmış qoz 1/4 stəkan zeytun yağı 1 ədəd limonun təzə sıxılmış suyu 1 xörək qaşığı narşərab Duz və istiot Salatı bəzəmək üçün bir neçə zoğ cəfəri
Hazırlanması Bulquru orta ölçülü kasaya tökün. Qaynar suyu əlavə edib qaşıqla qarışdırın. Ağzını örtüb bulqur yumşaq olana kimi və suyu tamamilə içinə çəkənə kimi 10 dəqiqə müddətində kənara qoyun. Çəngəllə bulquru qarışdırın. Soyuyana qədər kənara qoyun. Çuğundurları yuyun, soyun. Sürtgəcin iri gözündən keçirib bulqurun üzərinə əlavə edin. Yaşıl almanı yuyun, sürtgəcin xırda gözü ilə rəndələyin (qabığını soymayın). Bulqurun üzərinə əlavə edin. Göyərtiləri və qozu kasaya əlavə edin, qaşığın köməkliyi ilə ehtiyyatla qarışdırın. Zeytun yağı, limon suyu, narşərab və zövqə görə duz-istiotu da əlavə edin. Qaşıqla qarışdırın. Kasanın üstünü örtün. Salatı 30 dəqiqəlik müddətə soyuducuya qoyun. Salatı servis qabına yerləşdirin. Üzərini təzə cəfəri və ya şüyüd ilə bəzəyin və süfrəyə verin. Nuş olsun!