Tərkibi:
Karamelizə edilmiş fındıq
350 q fındıq (iri doğranmış)
10 x.q. şəkər tozu
Alt qat üçün:
2 yumurtanın sarısı
100 q yağ
3 x.q. un
8 dolu x.q. karamelizə edilmiş fındıq
Orta qat üçün:
4 yumurtanın ağı
8 dolu x.q. karamelizə edilmiş fındıq
içi üçün:
3 x.q. (30 q) jelatin
1 l süd
1 budaq vanil
15 x.q. şəkər tozu
500 q 33%-li çalınmış qaymaq
3 x.q. şəkər pudrası
Hazırlanması
Əvvəlcə karamelizə edilmiş fındıq hazırlamaq lazımdır. Şəkər tozunu
tavaya qoyub vam odda karamel halına düşənədək əridin, fındığı əlavə
edib dərhal qarışdırın, perqamentin üzərinə bir lay döşəyin. Soyuduqdan
sonra xırdalayın.
İçin hazırlanması:
Jelatini 6 x.q. suda isladın.
Vanil budağını ortadan bölüb toxumlarını çıxarın. Toxumları qabıqları və
şəkər tozu ilə birlikdə südə əlavə edib ocağın üstünə qoyun. Qaynara
düşəndə ocaqdan götürüb azca soyudun. Jelatini qızdırıb südə əlavə edin.
Qarışdırın, qapağını örtüb otaq temperaturunadək soyudun. Sonra isə
soyuducuya qoyun. Soyuyandan sonra pudinq qatılığında olmalıdır.
İç soyuduğu müddətdə korjları hazırlayın.
Alt qatın hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. 22 sm-lik formanın içinə perqament döşəyin.
Yumurta sarılarını kərə yağı ilə çalın, unu və karamelizə edilmiş
fındığı əlavə edin. Xəmiri hazırladığınız formaya tökün, sobada 10-12
dəqiqə bişirin.
Orta qatın hazırlanması:
sobanın dərəcəsini 120-yə salın. 22 sm-lik iki formanın
içinə perqament döşəyin. Yumurta ağlarını möhkəm çalın. Karamelizə
edilmiş fındığı bir neçə dəfəyə əlavə edin. Alınan qarışığı iki yerə
bölüb formalara tökün. Sobada 30 dəqiqə bişirin. Azca soyudandan sonra
formadan çıxarın, kağızı soyun. Uzun müddət formada saxlasanız, karamel
əriyəcək, korja da islanacaq.
Soyuducudakı sufle lazım olan konsistensiyaya (pudinq) çatanda çıxarıb
mikserlə çalın. Ayrıca qabda qaymağı şəkər pudrası ilə çalın, sonra
səliqə ilə sufle ilə qarışdırın.
Tortu yığmaq üçün 24 sm diametrli forma lazımdır. Onun dibinə və kənarlarına perqament döşəyin.
Formanın içinə öncə alt qatı qoyun, üzərinə için 1/3-ni döşəyin. Sonra
orta qatlardan birini qoyun, yenə için 1/3-ni döşəyin. Yenə yumurta ağlı
korju qoyub için qalanını döşəyin. Tortu soyuducuda və ya dondurucuda
bir neçə saat (hətta bir neçə gün) saxlayın (dondurucuda saxlasanız,
süfrəyə verməzdən 7-8 saat öncə soyuducuya qoyun ki, donu açılsın).
Üzərini şokolad və ya fındıqla bəzəyə bilərsiniz.