İncə çəhrayı - İncə çəhrayı romantiklər üçün nəzərdə tutulub. İncə çəhrayı sadəlövh və yelbeyin kimi görünməkdən qorxmayan romantik qızlara çox yaraşır. Xəyalpərəstlik və həyatı ciddi qəbul etməmək insanları özünə cəlb etmək üçün əla keyfiyyətlərdir. Lakin bu çalarların istifadəsində ağ eləməmək və barbi gəlinciyi kimi görünməməyə çalışmaq lazımdır. İncə çəhrayı çantanı eyni çalarlarda olan aksessuarlarla tamamlayın. Qalan geyimləri bej tonlarında seçə bilərsiniz.
Dizaynerlərin bu mövsümdə ən favorit rəngi, ən pozitiv və enerji saçan rəng - sarıdır. Günəş çalarları - xoşbəxtlik, sevgi və müsbət emosiyalarla assosiasiya edilir. Bir çox ölkələrdə sarı uğur, tərəqqi, firavanlıq rəmzi hesab olunur. Belə ki, sarı rəngli çantanı qarderobunuza çəkinmədən əlavə edə bilərsiniz. Bu rəngi adətən yeni parlaq emosiya və dəyişikliklərin intizarında olan insanlar seçirlər.
Mavi - sülh və əminamanlıq deməkdir. Ona görə də bu rəngli çantanı inqilablara can atmayan, əksinə, mühafizəkar ruhlu qızlar daşımağa razı olur. Bu rəng davamlılığı və etibarlılığı ifadə edir. Elə buna görə də ciddi iş görüşlərinə və mühüm danışıqlara gedərkən bu rəngə üstünlük verilməsi məsləhət görülür.
Sakitləşdirici gücə malik olan yaşılın zəngin çalarları: zümrüd, açıq yaşıl bu mövsüm çox dəbdədir. Bundan əlavə, yaşılın mistik və sehrli mənaları var. Müəmmalı, cazibədar obraz yaratmaq istəyirsinizsə, bu rəngə müraciət edin. Yaşılın yumşaq tonları istənilən cazibəli üsluba uyğun olacaq.
Ağ rəng bir çoxlarının fikrinə zidd olaraq, çox dinamik və aktiv rəngdir. Bu, cavanlıq, təmizlik və məsumluq rəngidir. Ağ - ilk görüş üçün ideal rəngdir. O, diqqət cəlb etməkdə qırmızıdan geri qalmır. Buna baxmayaraq, sizin haqqınızda heç bir əlavə məlumat verməyəcək. Lakin onlar qüsursuz olmalıdır. Çünki ağın çirkə qətiyyən dözümü yoxdur.