Çalışan
xanımlar günün çox hissəsini işdə keçirir. Sözsüz, işgüzar qadın üçün
onun işə nə geyinəcəyi karyerasından az əhəmiyyət kəsb etmir. Sosioloji
araşdırmalar da göstərib ki, xarici görünüş karyerada yüksəlməyə çox
təsir edir. Bəs ciddi, eyni zamanda, dəbli görünmək üçün nə etməli?
Mən parolu bilirəm, istiqaməti görürəm
Diqqət!
Əgər işdə ciddi ofis dress-kodu hökm sürürsə, onda sadə qaydalara əməl
edin. Rəhbəriniz ofisə idman ayaqqabıları və kedlərdə gəlmirsə, onunla
həmfikir olmağa dəyər. İdman kostyumlarını evdə qoyun. Əlbəttə, ideal
rəhbərlər işçilərin özünü rahat hiss etməsi üçün işçinin geyim üslubuna
bir o qədər müdaxilə etmir. Onlar yaradıcı insanların işə istədiyi
geyimdə gəlib-getməsini çox sakit qarşılayır.
Həftənin 7 günü
Hər
gün üçün fərqli geyim seçin. Geyimlərin köməyilə bazar ertəsi ciddi,
çərşənbə şən, oynaq, cümə axşamı romantik görünməyə çalışın. Həddi
aşmamaq mühüm məqamdır. Adi cins şalvarı viktoriyansayağı bluz, klassik
stiletto ilə birləşdirməklə həmkarlarınızı qıcıqlandırmayan cəsarətli
işgüzar obraz yaratmaq mümkündür.
İqlim zonası
Söhbət
ofisdən gedirsə, onda kollektivdəki "iqlim”i nəzərə almaq mütləqdir.
Daha doğrusu, işçilərin dəbə nə dərəcədə meylli olmasını ölçmək
lazımdır. Əgər jurnalda çalışırsınızsa, o zaman mövsümün əsas
yeniliklərini uyğunlaşdırmağa tam haqqınız çatır. Bu halda orijinal
tərziniz heç kəsi heyrətləndirməyəcək. Eyni qayda art-qalereyalara da
aiddir. Əgər siz neft-qaz, bank sahəsində çalışırsınızsa, onda daha
ciddi iş paltarı ilə kifayətlənməli olacaqsınız. Dilxor olmağa dəyməz,
çantalar sizi heç vaxt darda qoymaz. Məsələn, maksimum kreativ çantalar
sizə orijinal təsir bağışlamaq üçün gözəl təklifdir.
Yaradıcılığı boğmaq günahdır!
Yaradıcı
qızlar istənilən halda hər kəsdən fərqli görünməyə can atır. Ona mane
olmayın, ən yaxşısı kömək edin! Zərif pastel rənglər, effektli
aksessuarlar və ya bəzəkli ayaqqabı vizit kartınız ola bilər.
Yüksəlmək arzusu
Dikdabanın
vacibliyini dərk edin! Bəli, gözəllik qurban tələb edir və heç nə
obrazı düzgün seçilmiş ayaqqabı qədər cəlbedici göstərmir. Ayaqlarınız
ağrıyırsa, gözəl tuflinizi iş vaxtı masanın altında bir kənarda
saxlayın, təcili çıxmaq gərəkəndə tez geyinin.
İncə notlar
Əlavə
bəzəklər stili zənginləşdirməyə kömək edir. Mürəkkəb yaxalıq və rəngli
corablardan gözünüzü birdəfəlik çəkin. Qarderobun belə elementlərini
karnaval üçün saxlayın. İşgüzar xanım zərif şal, orijinal sancaq və
müstəsna halda abadokla kifayətlənməlidir.
Sehrli çubuq
İşgüzar
xanımın ehtiyatında hər geyimlə uzlaşa bilən bir pencəyi olmalıdır. O
sehrli çubuq kimi istənilən obrazı ciddiləşdirir. Onu sadəcə çiyinə
atmaqla da eyni effekti almaq olar.
Qara rəngin gücü
Şübhələnirsinizsə,
qara geyinin. Birincisi, bu rəng dəb aləmində həmişə aktualdır.
İkincisi, səhv etmək mümkün deyil. Üçüncüsü, ona ağ rəng əlavə etməklə
uğurlu vəhdət əldə etmək olar.
Hazırlıqlı qız
Əgər
işdən sonra görüşünüz olduğunu bilirsinizsə, onda kostyum və donla
yaxşı görünən dikdaban və ya altı yastı ayaqqabı seçin. Axı düzgün
ayaqqabı istənilən vəziyyətdən xilas etməyə qadirdir.
Etik qaydaları tapdalamayın!
Alt paltarlarınızın görünməsindən ehtiyat edin, kolleqalarınızı bərbad manikürünüz və pis əhvalınızla da sıxmayın.