Azərbaycanda toy adətləri - kəbin kəsdirmə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 696
Səs ver:
(səs: 1)
Kəbin kəsdirmə
Kəbin kəsdirmə toy günündən bir neçə gün qabaq olur. XX əsrin əvvəllərinə qədər kəbini molla kəsirmiş. Bu mərasimdə hər iki tərəfdən iştirak edərlər. Hər iki tərəfdən bir nəfər şahid olmalı idi. Zəhməthaqqı kimi mollaya 3 manat pul, bir kəllə qənd pay verərmişlər. Kəllə qəndin çəkisi 8 kq olarmış. Bundan əlavə kəbin kəsdirilərkən gəlini sığortalamaq üçün kəbinin qeydiyyatına müəyyən miqdarda qızıl da yazılarmış.

Kəbin kəsdirmədə təqdim olunan qızıl gəlinin halal malı sayılarmış. Kəbinkəsdirmədə hər iki tərəfin yaxın adamı, bir çox hallarda isə qız və oğlan iştirak edərdilər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra cəmiyyət tərəfindən nikahın dövlət tərəfindən qeyd olunması formasına üstünlük verildi.[14][15] Kəbin kəsdirmə bəzi yerlərdə nişanlama mərasimi zamanı, digər yerlərdə paltarkəsdi toyundan sonra, çox vaxt isə elə toy günü həyata keçirilir.

Bəzi bölgələrdə bu mərasimə biri oğlan, biri qız tərəfdən olmaqla iki molla dəvət edilərmiş.

Kəbini hər mollanın kəsməsinə icazə verilməzmiş, bu, şəriətdən başı çıxan və nüfuzlu ruhani olmalı idi. Mərasimdə, oğlan və qız evindən gəlmiş iki vəkil, oğlan ilə qızın kəbinə razı olduqlarını molla yanında bildirib şərtlərini irəli sürürdülər. Adətən, burada qızın vəkili oğlan evindən 81, 201, 259, 501, 1001 və digər sayda qızıl məbləğində kəbinpulu istəyərdi. Müəyyən məsləhətləşmələrdən sonra tərəflər müəyyən məbləğə razılaşır, molla da şəriətin bütün qaydalarına əməl etməklə, "fatihə-xeyir" kəbin duasmı oxuyub nikahı kəsirdi.

Mərasim qız evində keçirildikdə, buraya oğlangildən bir neçə mötəbər kişi gələrdi. Onlar üçün xüsusi kəbin süfrəsi açırlarmış. Başqa bir otaqda nişanlı qızı üzü qibləyə gəlinlik taxtına oturdurlar, yerdəki ağ süfrənin yuxarıbaşına qızın bəxt güzgüsünü , onun hər böyrünə isə bir şamdan qoyub, bəy və gəlinin adına iki şam yandırırlar. Güzgü qarşısına bir ovuc buğda səpər, iynə sancılmış bir tirməşal üstünə süzənə dəsmalı çəkərlərmi.

Kişi məclisində çay içildikdən sonra qudalar qonaqlar arasından iki "vəkil" seçir və ya başqa otaqdakı nişanlı qızın yanına adam göndərərək, onun özündən kimi vəkil seçdiyini öyrənirlərmişlər. Ardınca vəkillər həmin otağın qapısı ağzında dayanaraq, üç dəfə qızdan "filankəsə" ərə getməyə razı olub-olmamasını soruşurlar.

Qız qapı arxasından "razıyam" deyir və hər iki vəkil yenə kişilərin məclisinə qayıdaraq, nişanlı qızın razı olduğunu bildirirlər.

Qız razı olmazsa, məcburi ərə verilərsə, kəbin pozulmuş sayılır.

Burada oğlan evi ilə qız adamları arasında "kəbinpulu" ətrafmda ənənəvi son danışıqlar aparılır. Tərəflər son razılığa gəldikdən sonra molla kəbini kəsir. Vəkillər: "mübarək olsun, Allah xeyrə calasın"deyərək, kəbin kağızına qol atırlar. Oğlanın vəkili bu kağızı adaxlı oğlana aparıb ona da qol çəkdirir (onun imzası burada olmasa, toy günü qız evi gəlini vermir). Bundan sonra məclisdəkilərə oğlangildən gətirilmiş şərbət (onu bəzən "nikah suyu" adlandırırlar), yaxud şirin çay verirlər.

Bəzi yerlərin adətinə görə, məclisə vəkil əvəzinə evlənən oğlanın özü gətirilir. Belə olduqda, molla üç dəfə qıza, yaxud onun vəkilinə verdiyi: "filankəs oğlu fılankəsi, ərliyə qəbul edirsənmi?" sualını adaxlı oğlana da verir (oğlandan qız haqda soruşur) və onun razılığını aldıqdan sonra nikahı qeyd edir.

Kəbin duası oxunan zaman o biri otaqda bir qadın taxtda əyləşmiş nişanlı qızın başı üstə iki kəlləqəndi bir-birinə sürtür ovuntuları qızın paltarına tökür. Bəzən bu vaxt oğlan adamlarından biri kağız vərəqini qayçı ilə kəsib doğrayır, bununla guya o, "havada uçub dolaşan bədxah ruhları" tikə-tikə parçalayır. Sonra bu kağız tikələrini yandıraraq, evlənənləri onun tüstüsünə tuturlar.

Adət-ənənəyə görə, nikah kəsilən zaman gəlin qız hökmən bəxt güzgüsünə baxmalı və bu vaxt onun paltarında bir dənə də olsa düyün olmamalıdır. Hətta onun belindəki kəməri belə açıq qalmalıdır. Bu da qızın gələcək həyatında heç bir işin düyünə düşməməsi arzusuna arxalanır.

Ötən çağlarda bəzi yerlərin qaydasınca, kəbin kağızını tərtib etməkdən əvvəl molla hər iki cavandan yeddi arxasının adlarını soruşur, bunu bilməyənlərə kəbin kəsmirdi.

Digər el əski adətinə görə, kəbin kəsilən zaman hamının barmaqları açıq, qolları yanında olmalıdır. İnanırdılar ki, bu vaxt kiminsə barmaqları və qolları çarpazlanmış olsa, toy gecəsi bəy oğlan "bağlana bilər". Həmçinin əmindilər ki, kəbin duası oxunan zaman digər adam bu duanı tərsinə oxusa, bəy və gəlinə ziyan vurub nikahı poza bilər və s. Odur ki, cadu və ovsunun qorxusundan bəzən bu mərasim toy ərəfəsində və ya toy günü deyil, ara sakit olanda bir-iki yaxın qohum-qardaşın iştirakı ilə icra olunurdu. Bəzi hallarda isə bu mərasim tam məxfı surətdə edilir, bəy isə cox vaxt gizlənib burada görsənmirdi.

Mərasimin sonunda oğlan evi şirinlik üçün mollaya ənənəvi "üç manat pul, bir kəllə qənd" və s.-dən ibarət xələt verir. Qədim qaydalara görə, bu andan etibarən gəlin qız oğlana məhrəm, onun "halal malı" sayılır.

Bəzi yerlərin adətincə, bu mərasimdən sonra oğlan tərəf toy gününə qədər, hər gün qızgilə şirni və meyvə göndərməlidir.

Digər bölgələrin qaydasına görə, qız evi yalnız kəbin kəsildiyi xəbərini aldıqdan sonra gəlin qızı bəzəməyə başlayır.

Hər cəhətdən bir-birinə layiq və uyğun gəlib mehriban yaşayan ər-arvada xalq arasında, bir qayda olaraq, "onların kəbinləri göydə kəsilib" deyirlər. Həmçinin, vaxtilə inanmışlar ki, əmioğlu və əmiqızının kəbinini göydəki mələklər kəsir.

Bu mühüm toy mərasiminin digər adları "kəbinkəsdirmə", "nikahkəsdi / nikahqıyma / nikahoxutma / nikah toyu", "fatihə toyu" və s.-dir. Əski yazılarda onun "əqdbəndi / əqdkəsdi / əqdnikah / əqdxanlıq", "kədxudayi" və "qəmər" adlarına rast gəlinir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 696
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri