Cehiz alış-verişi evliliyə hazırlaşan hər bir gənc qız üçün önəmlidir.
Cehizə əlavə ediləcək hər bir detal uzun müddət götür-qoy edilərək
seçilir. Bu proses bəzən yorucu bir hala çevrilir. Biz də sizin çətinliklərinizi aradan qaldırmaq üçün araşdırma
apardıq. Bu yazımızda cehiz alarkən diqqət etməli olduğunuz məqamları
bir araya gətirdik.
Cehiz alış-verişi üçün əvvəlcə siyahı hazırlamalısınız.
Nə
almaq istədiyinizi, nə qədər almaq istədiyinizi və hansı qiymətə almaq
istədiyinizi öncədən bu siyahıda qeyd edin. Özünüzə öncədən bir büdcə
müəyyən edin. Cehinizə əlavə etməyi düşündüyünüz ən kiçik şeydən ən
böyüyünə qədər almaq üçün nə qədər büdcəniz var? Deməli almaq
istədiyiniz şeyləri bu büdcəyə sığdırmalısınız. Alış-veriş etdikcə
aldığınız şeylərin qarşısına siyahıda qiymətləri qeyd edin. Çalışın ki,
büdcənizi aşmayasınız. Əgər büdcənizi müəyyən etmədən alış-verişə
başlasanız, nəzərdə tutduğunuzdan qat-qat çox xərclə qarşılaşa
bilərsiniz.
Cehiz alış-verişi zamanı evinizdə zəruri olmayan
hər bir xırdalığı almağa çalışmayın. Nəzərə alın ki, bəzi əşyaları
evləndikdən sonra yavaş-yavaş da ala bilərsiniz. Həmçinin nəzərə
almalısınız ki, öz evinizdə yaşadığınız müddətdə nələrə nə qədər
ehtiyacınız olduğunu daha yaxşı anlayacaqsınız. Bu zaman həm də evinizə
daha yaraşan şeyləri ala bilərsiniz.
Cehiz seçimi zamanı ən çox nələrə diqqət edildiyini, hansı əşyalara üstünlük verildiyini öyrənmək üçün "Royal Gallery”yə
yollandıq. "Royal Gallery" əmakdaşları bildirdilər ki, gənc qızlar
cehiz seçimi zamanı ən çox yemək və çay dəstləri, süfrə aksesuarları,
dekorativ qablar və qədəh dəstlərinə üstünlük verirlər. Çünki bunların
hər biri cehizin olmazsa, olmazlarından hesab olunur.
Seçim
edərkən əvvəlcə yemək dəsti seçimi edib, daha sonra onun üslubuna və
rənglərinə uyğun süfrə aksesuarları və qədəh dəstləri seçə bilərsiniz.
Dekorativ
qabların seçimi zamanı isə evinizin üslubunu nəzərə almalısınız. Misal
üçün modern tərzdə dizayn edilmiş evlərdə klassik üslubda dəbdəbəli
dekotasiyalardan istifadə harmoniyanı poza bilər.
Bundan əlavə çalışın öz zövqünüzə uyğun cehiz əşyaları seçəsiniz. Çünki illər boyu həmin əşyaları məhz siz işlədəcəksiniz!