Qonaqpərvərlik - xalqımızın baş ucalığı, şöhrət tacı

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 7 359
Səs ver:
(səs: 1)
Tarixi çox qədim olan qonaqpərvərlik xalqın kimliyini, qadirliyini, qabiliyyətini, ürək genişliyini, səxavətini, yüksək mənəvi insanlıq keyfiyyətlərini əks etdirən və nəsildən-nəslə yaşayan müqəddəs adət-ənənədir. Bu nəcib adətin hər bir xalqın mənəvi mədəniyyətində özünəməxsus yeri vardır.
Heç şübhəsiz, əsrlərin, nəsillərin sınağından keçərək bizim günlərədək gəlib çatmış milli-mənəvi dəyərlərimiz arasından qonaqla, qonaqpərvərliklə bağlı ibrətamiz, yaşarlı adət və ənənələr azərbaycanlılar arasında da özünə möhkəm yer tapmış və onları dünyanın qonaqpərvər xalqı kimi şöhrətləndirmişdir. Qonaqpərvərlik xalqımızın baş ucalığı, şöhrət tacı olub.
Milli-etnik varlığımızın tarixi-ədəbi ensiklopediyası sayılan "Kitabi-Dədə Qorqud" türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin dərin mənəviyyatı, zəngin tarixi keçmişə malik olan əxlaqi - etik normaları haqqında son dərəcə maraqlı məlumatlar verir. Dastanın ayrı-ayrı boylarından məlum olur ki, azərbaycanlılar həmişə genişqəlbli, açıqürəkli, əliaçıq, səxavətli, nəcib, xeyirxah, dəyanətli, yenilməz, dözümlü olublar. Bütün əməllərində halallığı uca tutublar, mənəvi zənginliyini heç vaxt itirməyib, öz nüfuz və ləyaqətlərini qoruyub saxlayıblar. Azərbaycan oğuzlarının yüksək əxlaqi meyarı qonaqpərvərlikdə də daha dolğun şəkildə üzə çıxır. Oğuz elinin başçısı, "xanlar xanı" Bayandur xan ildə bir dəfə böyük şadlıq məclisi qurur, "atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırır", qonaqlıq edirdi. Dastanda qadınlar xarakterizə edilir, yaxşı qadın "evin dayağı" kimi səciyyələndirilir və onun bu səciyyəsi qonağa yaxşı, mehriban münasibəti, qonaqpərvərlik göstərməsi ilə müəyyənləşdirilir. Qadının başqa adama, məsələn qonağa münasibətə görə səciyyələndirilməsi Azərbaycan ictimai fikir tarixində psixoloji xarakteristikanın nümunələri kimi qiymətlidir.
Tarixi salnamələrdə, qaynaqlarda, şifahi xalq yaradıcılığında, habelə bizim elləri gəzən dünyaca məşhur coğrafiyaşünas - səyyahların xatirələrində, yurdumuzda olmuş əcnəbilərin söyləmələrində xalqımızın bu mənəvi dünyasının təkrarsız zənginliklərinə valeh olduqları bildirilmiş və heyranlıqla etiraf olunmuşdur.
Xalqımızın qonaqpərvər xalq kimi tanınması da torpağımızın qüdrətidir. Böyük söz sərrafı Nizami qonaqpərvərlik adətinin çalarlarını və icra olunması qaydalarını təsvir və tərənnüm etmiş, sonrakı nəsillərə yadigar qoymuşdur. Qədirbilən, qonaqpərvər xalqımız da bu mirası müqəddəs and kimi qoruyub saxlamışdır. Dahi mütəfəkkirin "Yeddi gözəl"ində oxuyuruq:

Bağ gülü kimi qonaqsevər idi.
Qönçədəki qızılgül kimi gülərdi.
Onun bir hazır qonaq sarayı var idi
Ki, boyu yerdən sürəyyaya ucalırdı.
Süfrə açıb büsat qurardı.
Lütflə bəslənmiş xidmətçilər saxlardı.
Kim gəlsəydi, atının cilovunu tutardılar
Qaydayla süfrə açardılar.
Ona layiq mehmannəvazlıq edərdilər.
Onun öz şəninə qonaqlıq verərdilər.

Bu incə mətləbli, dərin məzmunlu misralarda bir şəxsin simasında bütöv bir xalqın qonaqpərvərliyi məharətlə təsvir və tərənnüm edilir.
Vaxtilə I Pyotr Dərbənd azərbaycanlılarının, knyaz Dolqoruki Bakı və Salyan əhalisinin, A.Bestucev-Marlinski, Kazan Universitetinin professoru İ.Beryozin Quba camaatının qonaqpərvərlik adətinə baş əyiblər. Mənbələrin verdiyi məlumata görə, XVI yüzilliyin əvvəllərində Şamaxı hakimi Abdulla xan Ustaclının yanına ticarət əlaqələri üçün gəlmiş ingilis tacirlərindən Antoni Cenkinsonun şərəfinə verilmiş qonaqlıqda süfrəyə 290 cür yemək və çərəz düzülmüşdü. Süfrəyə düzülənlər barlı-bəhrəli Azərbaycanın minbir nemətindən, xalqımızın qonaqpərvərliyindən xəbər verir. Bu tacir-diplomat gördüklərini öz səyahətnamələrində yazmış və bütün Avropanı xalqımızın qonaqpərvərlik mədəniyyətilə tanış etmişdir. Və yaxud 1684-cü ildə Suraxanıdakı yanar odlara tamaşa etmək üçün gələn səyyah Kempfer Binə camaatı tərəfindən qonaq aparılması barədə belə yazır: "Axşam düşəndə biz Binə camaatının qonaqpərvərliyinin şahidi olduq. Onlar bizi karvansarada gecələməyə qoymadılar. Kənddə əhali bizi mehribancasına qarşılayıb, xalçalarla bəzədilmiş mənzilə apardılar. İçəri girən kimi kənd əhalisi bizi salamlamaq üçün axışıb gəldi, gələnlər özləriylə üzüm, nar, əncir, alma və başqa yeməli şeylər gətirmişdilər. Gecədən xeyli keçənə qədər camaat bizimlə söhbət etdi, musiqi çaldılar, oxudular, oynadılar və rəqs etdilər... "
XVII əsr türk səyyahı Evliya Çələbinin verdiyi məlumata görə, Bakıda qonaqları qarşılamaq üçün mehmandar vəzifəsi olmuşdur. Göründüyü kimi, hələ qədim zamanlardan xalqımız qonağı dərin hörmət və ehtiramla qarşılamış, layiqincə yola salmağı özünə borc bilmiş, şərəf saymışdır. Sevinc bəxş edən, nəciblik aşılayan bu adət bütün zümrələr arasında özünə möhkəm yer tutmuş və əbədi milli miras kimi müqəddəs sayılmışdır. Ulularımızın "kasıbın ürəyi geniş olar", zərb-məsəli də bu baxımdan çox mətləbi açıqlayır.
Qonaqların görüşməsi toya-bayrama çevrilir; qonaq gəlmisən - xoş gəlib səfa gətirmisən. Azmı görmüşük ki, qonaq gələn kimi ata-babalarımız, ana-nənələrimiz pişvaza çıxıb deyirlər: Allaha da qurban olum, qonağına da, yaxud qonağa da qurban olum, gəldiyi yollara da... Azərbaycan qonaqpərvərliyinin bir çox spesifik xüsusiyyətləri də məhz bu zaman gözlənilən etiket normalarında üzə çıxır.
Xatırladaq ki, insanlar arasında intişar tapan ən mühüm və səlahiyyətli ünsiyyət vasitəsi olan qonaqpərvərlik adəti təkcə qohumlar, dostlar, tanışlar və qonum-qonşularla məhdudlaşmayıb, hətta yolçulara, səfərə çıxanlara, bir sözlə, yadlara, bəzən hətta düşmənə də şamil edilib. Bununla bağlı el-oba arasında "gözümüz üstə yerin var", - deyiblər.
Xalq adət-ənənələrində yad adamın və yaxud "qəfil qonağın gəlişi" daha böyük maraq doğurur. "Qonaq Tanrı adamıdır" və ya "Qonaq Tanrı amanında", - deyən insanları onun qapısını döyənin kimliyi qətiyyən maraqlandırmamışdır. "Yeddi arxa dolananlardan xəbər verən xanım-xatın ağbirçəklər, ağsaqqallar tövsiyə ediblər ki, Allah qonağına qapı bağlayıb qaş-qabaq tökmə. Belə bir inam var ki, qonağın ruzusu dalıyca gələr. Həm də deyirlər ki, "qonaq evin gülüdür". Hətta soruşduqda o adam, "Tanrı qonağıyam, qapınıza pənah gətirmişəm" deyəndə, "Tanrıya da qurban olum, qonağına da", - cavabını verərdilər.
Allah qonağı kimi qapıdan girən adam hətta düşmən olsa belə qapıdan çıxanadək sənin əziz mehmanın olmalıydı, düşmənçilik ancaq o, evinin kandarından çıxandan sonra yenidən davam edə bilərdi. Göründüyü kimi, adi həyat prinsipi idi babalarımızın bu əməli. Elə buna görə də yurdumuza hər gəlib-gedən azərbaycanlıları sözünün üstündə duran, doğruçu, xeyirxah, qonaqpərvər insanlar kimi təsvir ediblər.
Qonaqpərvərliklə bağlı keçmişdə qibtə edilmiş, heyran qalmalı adətlərimiz çox olub. Babalarımız arasında süd qardaşları, süd bacı-qardaşları olub, doğma qardaş-bacıdan da artıq. Daim bir-birlərinin əziz qonağı olublar.
Azərbaycanlılar, necə deyərlər bərəkətli, barlı-bəhərli torpağı kimi əzəldən səxavətli olublar, çörəkli, çıraqlı olublar. Odur ki, hər bir ev, hər bir ailə qonaqlı-qaralı olardı. Qonaq-qaralı ev ruzulu olar, - söyləyib ulularımız. Qonaqpərvərlik - çörəkli olmaq, çörək vermək deməkdir. Ağbirçəklərimiz xəmir çırtlayanda bilərdilər ki, evə qonaq gələcək, xeyirliyə gəlsin - deyərdilər.
Xalqımız qonaq adına deyimlər, kəlamlar, qaydalar da düzüb-qoşub: "Qonaqsız ev uğursuz olar", "Qonaqsız evin bərəkəti olmaz". Və yaxud "Qonaqlı evin çörəyi tükənməz, həmişə bol olar". Qonaqla çörək kəsəndə, sədaqət, etibar andı içmək istəyəndə qonağa "çörək haqqı, bərəkət haqqı, çörəyə and olsun" - deyib ahıl-ağsaqqallarımız. Və yaxud "qonaqla çörək kəsmişik çörəyə xəyanət olmaz". Dost da, qonum-qonşu da, qonaq da xalqımızdan həmişə hörmət və ehtiram, məhəbbət və sədaqət görüb.
Ulu çağlardan xoş niyyətlə, təmiz qəlblə yurdumuza pənah gətirənləri, dostu-tanışı, qonağı duz-çörəklə qarşılamış, süfrəmizin başında onlara yer vermiş, çörəyimizi tən bölmüşük. Duz-çörək sədaqət, düzlük, əmin-amanlıq, həmrəylik rəmzidir.. Bununla bağlı "Duz-çörək - düz çörək", - söyləyiblər. Yəni babalarımız demək istəyiblər ki, halal çörək kəsilən yerdə xəyanət olmamalıdır.
Deməli, tanışlıq dərəcəsindən, yaxınlıq münasibətindən asılı olmayaraq qonağa ehtiram göstərmək, təhlükəsizliyini, əmin-amanlığını qorumaq hər kəsin inamı, andı, əqidəsi olub. Bu, qonaqpərvərlik adətinin səciyyəvi cəhətidir.
Vay o gündən ki, torpağımıza göz dikəsən, yurdumuza pis niyyətlə, qılıncla gələsən. Qılıncla gələni də qılıncla qarşılayıblar. Bizlərə ulu babalardan yadigar qalıb ki, bu ocağın qonağına, bu ocaqda can deyənə can, qan deyənə qan deyərlər.
Azərbaycanlılar yaxından-uzaqdan gələn qonağı müqəddəs sayır, musiqi təranələri altında milli geyimli qızlar qonaqları gülər üzlə, duz-çörəklə qarşılayır, "xoş gəlmisiniz", - deyirlər. Qonağın adına heyvan kəsir, armudu stəkanda zəfəranlı şərbət verirlər. Şərəfinə toy-büsat qurulur, bulaq başına yığışırlar, samovarlar qoyulur, süfrə salınır, duz-çörək kəsir, əhd-peyman bağlayırlar. Aşıq çalıb-oxuyur, qara zurnanın sədaları altında şadlıq-şadyanalıq edirlər, oynayır, mahnı oxuyurlar. Qonağa nəinki öz evində hörmət etmiş, hətta karvan yolları üstündə onlar üçün "aman evləri" tikmişlər.
Hər bir azərbaycanlı ilk növbədə qonaq evini fikirləşir, onun zənginliyini, yaraşığını, bəzək-düzəyini, səliqə-sahmanını gözləyir. Qız-gəlinlərimiz xalça-palaz toxuyarkən əvvəl-əvvəl qonaq otağı üçün toxuyurlar. Analarımız yorğan-döşək sırıyanda, yastıq düzəldəndə qonaq otağını nəzərlərində canlandırır. Keçmişdə olduğu kimi, hal-hazırda da kənd və şəhərlərimizdə qonaq otaqları bərli-bəzəkli olub qonağını gözləyir, "xoş gəldin, səfa gətirdin", - deyir.
Qonağın gəlişi bayram olar, yola salınması həyəcanlı, kədərli. Gedənə uğur dilənər, arxasınca su atar, yoluna azuqə qoyular, hədiyyələr bağışlanar. Məsələn, 1819-cu ildə A.S.Qriboyedov İrana səfər edəndə Qazaxın İncə kəndində bir evdə qonaq olur. Evdə nəfis şəkildə toxunan xalça onun xoşuna gəlir. Həmin xalça, o cümlədən xurcun və heybə ona hədiyyə verilir. Xalça indi də Moskvada kilsələrin birində saxlanılır.
Bu inamlar digər türk xalqlarında da geniş yayılmaqla onların genetik cəhətdən əlaqəsini göstərir. Türk qonaqpərvərliyi, kövrəkliyi, səxavəti eldən-elə yayıldıqca yaxın-uzaq ellilər yurdumuza axışıblar. Evimizin qapıları tanımaza-bilməzə açıq olub. Günlər bir-birini əvəz etdikcə ürəyimizin təmizliyindənmi, sadəlövhlükdənmi, çox təssüf ki, başımız üstə sıxlaşan qara buludları görə bilmədik. Bir kəsi də incitməyən, xətrinə dəymək istəməyən, heç kəsi naümid qaytarmayan xalqımız nankor qonşulara inandı, dar gündə onlara qarın dolusu çörək verdi, sığınacaq verdi. Torpağlarımızın ən axarlı-baxarlı yerlərində onları yerləşdirdi. "Qəribdir, qonaqdır", - deyib hallarına yandıq, yerlərini bir az da möhkəmlətdik; onlar üçün uca-uca evlər tikildi, "ürəkləri sınmasın", - deyə yaxşı vəzifələr də onlara verildi. Çox təəssüf ki, "Qonağın ağzına baxıb atına arpa tökərlər,"- kəlamını unutduq.
Bizləri ağrıdan bircə orasıdır ki, torpaqlarımızda yurd-yuva verdiyimiz, halal çörəyimizə şərik çıxardığımız, odumuza-alovumuza isindirdiyimiz bircə erməni də tapılmadı ki, irəli çıxıb deyə: -dayanın, nə edirsiniz, axı çörək kəsmişik, batmanlarla duz yemişik, çörəyə-duza xəyanət olmaz, bərəkət gözümüzü tutar. Lakin beləsi tapılmadı, yer-yurd verdiyimiz bədxah qonşularımız kəsdikləri çörəyi tapdaladılar, ona xəyanət etdilər, meydan sulamağa başladılar. Qonaqpərvərlikdə, kişilikdə ad çıxarmış türkün sadəlövh ürəyi ucbatından torpaqlarımızı qiymə-qiymə doğradılar. Qarabağ faciəsinə saldılar bizi. Ancaq, görünür dünənki "kirvə"miz olan yağı düşmən, qaniçən düşmən uluların "çörək basan ayağa düşər", "çörək itirən çörək tapmaz" öyüd-nəsihətini unudub, onlar da "Allah gec edər, güc edər" müdrik kəlamını yadırğayıblar.

TOFİQ BABAYEV
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 7 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri