Dünyada
başlayan və axirətdə davam edən xoşbəxt bir ailə həyatı qurmaq yəqin
ki, hər kəsin arzusudur. Bir də elə ilk gündən sağlam təməllər üzərində
qurulan isti bir yuva cəmiyyətdə sağlam fərdlərin yetişməsi deməkdir.
Evlənmək
istəyən hər bir insan təbii ki, əvvəlcə öz beynində o ailənin
planlarını qurur. Ancaq bu yolda atılan hər bir addım tərəddüdsüz də
keçmir. Başqa sözlə, ümidlr artdıqca beyindəki suallar da artır.
Kimisi
gələcək həyat yoldaşını ona dünya və axirət səadəti gətirəcək bir qüvvə
kimi görür. Onların fikrincə yalnız belə ailələr cəmiyyətə faydalı
fərdlər bəxş edə bilərlər. Kimisi də evlənmək arzusunda olsa da, ailədə
tərəflər arasında qarşılıqlı anlaşmazlıqlardan ehtiyat edir. Onlara
görə, əgər ailə üzvləri bir-birilərini başa düşməkdə çətinlik
çəkirlərsə, bu ailənin taleyi də təhlükə altında qalır. Bəziləri isə
ailəni iki dünyanın qovuşması kimi başa düşür. Onlara görə, iki müxtəlif
dünya arasında ziddiyyət ehtimalı nə qədər yüksək olsa da, ailədə heç
kim öz dünyasında tənha qalmamalıdır. Ailə həyatı qurarkən evlənmək
istədiyiniz adamın tanış çevrədən olması da çox mühümdür. Çünki belə
hallarda gözlənilməz sürprizlərlə qarşılaşmaq ehtimalı da azalır.
Sosial-mədəni səviyyələri bir-birinə yaxın olan ailələr də uzunömürlü
olurlar. Çünki hər iki tərəf ailə həyatına o vaxta qədər qazandıqları
vərdişlərlə başlayır.
Gələcək
ailələrdə valideynlərin razılığı da əsasdır. Valideynlərin razılığı
olmadan qurulan ailələrdə problemlərin olması da təbiidir. Digər
tərəfdən, problemlərin qarşısını almaq üçün hər iki tərəf
bir-birilərinin ailələri ilə öz ailəsi kimi davranmalıdır.