Elnur Rüstəmov: "Münasibətlərin soyumasına serialların da təsiri var”
Sosial
şəbəkələr ailədaxili münaqişələrə və boşanmalara rəvac verir.
Zaman-zaman bu kimi hadisələrə çox rast gəlinib. Nəinki evli qadınlar,
hətta subay qızlar da internetin qurbanına çevrilir. Beləliklə,
internetin mənfi təsirlərin çoxluğu və müsbət təsirlərin azlığı ortaya
bir gerçək çıxarır - sosial şəbəkələrin insan psixologiyasına əhəmiyyəti
üzərində dayanılması lazım olan bir məsələ...
Psixoloq
Elnur Rüstəmov "Cümhuriyət”ə bildirib ki, informasiya əsrində
yaşamağımız bu cür ailədaxili konfliktlərin, insan münasibətlərinin
fərqli məcrada getməsinə təsir göstərir:
"Burda
birbaşa sosial şəbəkələr yox, televiziyalarda göstərilən seriallarin
süjet xəttinin də təsirləri var. Fərdlər seriallarda olan əlaqələrə
baxır, bu, ailədaxili və fərdin cəmiyyətlə münasibətlərinə bu və ya
digər formada təsir göstərir. İnanmıram ki, bu proses tək Lənkəranda baş
verən hadisə ilə nəticələnsin. Bu, sadəcə, mətbuata gedən məlumatın
biridir. Bu cür olaylar çoxdur, sadəcə, ailə daxilində həll olunur.
Zaman-zaman insanlarda bu cür hadisələrə immunitet formalaşacaq. Bundan
qorunmaq və profilaktik tədbirlər aparmaq üçün birinci növbədə ailələrlə
bağlı maariflənmə işləri aparmaq lazımdı.
Ailədaxili
münasibətlər fərqli istiqamətdə tənzimlənməlidir. Fərqli istiqamət
nədən ibarətdir? Bu gün məsuliyyət daha çox tərəflərin özlərinin üzərinə
düşməlidir. Artıq adət-ənənə əvvəlki kimi ailə münasibətlərinin
tənzimlənməsində dirəniş göstərə bilmir. Bunu qabartmaq istiqamətində
maariflənmə işi aparmaq lazımdır. Demirəm bu ənənə tamamilə qalsın. Ən
azından müəyyən qədər saxlanması ailə münasibətlərinin daha yaxşı
formada qorunmasına gətirib çıxarar. Bu hadisənin üzərindən bir misal
çəkmək, əgər bu xanım öz atasını, anasını, qardaşını və yaxın
qohumlarını düşünsəydi, hisslərinə görə bir nəsli, ailəsini hətta
yaşadığı ölkəni zərbə altına qoymazdı. "Mən həyatımı yaşamaq istəyirəm,
buna görə də uşağımı da götürüb gedirəm” - bu, eqoist yanaşmadı.
İnformasiya
əsrində ailə münasibətlərini bunlara uyğun tənzimləməliyik. Bu proses
Avropa üçün normal haldır, ancaq Azərbaycanda şok effekti yaradır. Ailə
münasibətləri daha doğru formada tənzimlənməlidir. Problem olduğu
təqdirdə buna çözüm yolu tapılmalıdır. Bu olmadığı halda münasibətlər
pis istiqamətdə daha da dərinləşir. Evdən qaçmalar, boşanmalar,
ailədaxili konfliktlər qabarmağa başlayır”.
Sosial
şəbəkələrdə qurulan ailə modelindən də danışan psixoloq bunun həm
mənfi, həm də müsbət təsirinin olduğunu vurğulayıb: "Əvvəllər insanlarda
seçim imkanı informasiya bolluğu indiki kimi geniş deyildi. Buna görə
valideyn tövsiyəsi ilə qurulan ailələr çox idi. Yaxud eyni mühitdə
yaşayan insanların izdivaca girmə prosesi çoxluq təşkil edirdi. Ancaq
indiki dövrdə Azərbaycan əyalətində yaşayan bir gənc İngiltərə vətəndaşı
ilə ailə qurur. Bunun mənfi və müsbət tərəfi tanışlıqdan sonra
münasibətin hansı məcrada davam edəcəyindən asılıdır. Qloballaşan
dünyada yaşayırıq, köhnə prinsiplərlə ailə modelini yürüdə bilməyəcəyik.
Bunu tamamilə dağıtmaq da olmaz əksinə, bunu bərkitmək istiqamətində
maariflənmə işi aparmaq yaxşı olardı.
Bir
azərbaycanlı gedib bir avropalı ilə ailə quranda, o, eyni zamanda
ölkənin adət-ənənəsini də orda daşımış olur. Zaman keçdikdən sonra bu
proseslərdə müəyyən nailiyyətlərimiz olacaq. İnsanlar sosial şəbəkələr,
mobil telefon vasitəsi ilə tanış olurlar. İnanmıram ki, hansısa model
hazırlansın və bunun qarşısını almaq olsun. Avropa ölkələri bununla
barışıb və başqa tədbirlər görür. Bu səbəbdən də boşanma ilə bağlı
proseduranı dərinləşdiriblər. Cütlər 5-10 il bir yerdə yaşayıb sonra
nikaha girirlər. Azərbaycanda isə toy günü mütləq nikah olmalıdır. Bu
gün Azərbaycanda vətəndaş nikahı da var, bunu danmaq olmaz. Qloballaşan
cəmiyyətdə yaşayırıq bu da onun diktə etdiyi bir şeydir”.