Ailələrdə boşanmaların səbəbi

Müəllif: Efsuw2016
Şərhlər: 4
Baxılıb: 2 470
Səs ver:
(səs: 0)
Maddi-məişət problemləri ailənin yaşayış tərzi ilə bağlı meydana çıxan müxtəlif çətinlikləri özündə əks etdirir. Yaşayış şəraitinin ağırlığı, tərəf müqabillərindən birinin ailə təsərrüfatını idarə etmək istəməməsi və ya bunu bacarmaması , maddi təminatın olmaması və digər müvafiq problemlər ailələrin dağılmasına səbəb olan mənfi amillərdən sayılır. Belə problemlərin davamlı xarakter alması ağır maddi-mənəvi sıxıntılar doğurur. Bu vəziyyət son nəticədə ailədə ciddi fikir ayrılığının və kəskin münaqişələrin yaranmasına , ailənin ciddi böhran yaşamasına səbəb olur. Bəziləri bu böhrandan çıxış yolu taparaq ailə həyatını məcrasına qaytarmağa nail olsalarda, digərləri- öz həyat yoldaşından ayrılmağı üstün tuturlar.

Bir çox hallarda şəxsi münaqişələr də ailələrin dağılmasında həlledici təsirə malik olur. Öncə qeyd edildiyi kimi, ilkin sevgi hissinin itirilməsi, həyata fərqli baxışlar , kobudluq, qısqanclıq, şübhələr, inamsızlıq zəminində yaranan şəxsi ziddiyyətlər ailə həyatına olduqca mənfi təsir göstərir. Kobudluq, saymamazlıq və hörmətsizlik sadalanan amillər sırasında aparıcı yer tutur. Və bu amillər də nəticədə ailədə qarşılıqlı laqeydliyə, yadlaşmaya gətirib çıxarır.
Qadınlar, adətən, həyat yoldaşları ailəyə soyuq yanaşdıqda, içkiyə qurşandıqda . narkotik vasitələrə aludə olduqda , bu və ya digər səbəblərdən ailə məsuliyyətini daşımaq iqtidarında olmadıqda boşanmaya əl atırlar. Belə hallarda qadının ailədə zorakılığa məruz qalması, şəxsi ləyaqət hissinin tərəf müqabili tərəfindən alçaldılması onu bu addımı atmağa vadar edir.

Kişilərin qadınların kobud və məsuliyyətsiz davranışına münasibəti isə tamam fərqli məzmuna malikdir. Hər bir kişi bunu özünə qarşı olan hörmətsizlik , inamsızlıq, saymazlıq kimi dəyərləndirir. Burada xarakterlərin toqquşması amili də özünəməxsus rol oynayır. Bu amil kişilər üçün daha böyük əhəmiyyət kəsb edir.. Çünki, xarakterlərindən asıllı olmayaraq, ailədə tərəf müqabilinin onunla hesablaşması hər bir kişi üçün başlıca şərtdir.
Ailənin dağılmasına təsir edən xarici amillərə gəldikdə , burada xəyanət, tərəf müqabillərindən birinin həyat yoldaşına emosional-hissi münasibətinin dəyişməsi və ya yeni ailə qurmaq təşəbbüsü, valideynlərin , bir sıra kənar şəxslərin ailə həyatına müdaxilə etməsi xüsusi yer tutur.

Bir qayda olaraq, tərəf müqabillərindən birinin öz həyat yoldaşına xəyanət etməsi onların münasibətlərində olan natamamlığı, gizli yadlaşma meylini aşkara çıxarır. Psixoloqlar xəyanətin laqeydlik, inciklik və peşmançılıq hissini qüvvətləndirdiyini xüsusi vurğulayırlar. Ailədə xəyanətə uğrayanlar gec-tez bundan xəbər tuturlar və bu zaman dərin emosional-psixoloji sarsıntı keçirirlər. Istər qadının, istərsə də kişinin xəyanəti ailədə dərin böhrana, qarşılıqlı inam hissinin itməsinə, ailənin dağılmaq təhlükəsi ilə üz-üzə qalmasına səbəb olur.
Bütövlükdə valideynlərin gənclərin ailə həyatına bəzən kobud müdaxiləsi çox zaman mənfi fəsadlarla müşayiət olunur. Bu müdaxilə mənfi kənar təsirlə tamamlandıqda ailələrin mövcudluğu təhlükə qarşısında qalır. Bəzən gənc ailələrinayaq tutub yeriyə bilməməsinin , başqa sözlə , həyatın ilkin sınaqlarından çıxmamasının günahkarı məhz valideynlər olur.

Şəxsi ailə həyatının pozulmasına ayrı-ayrı insanların münasibəti fərqli olur. Hər kəs bu böhranı özünəməxsus şəkildə yaşayır. Ailə həyatl ilə bağlı ümidlərin puç olması, həyat yoldaşında onun arzulamadığı , dözülməz hesab etdiyi bir çox keyfiyyətlərin ortaya çixması hər kəs üçün ağırdır. Bu zaman insanın üzləşdiyi ruhi-mənəvi böhran , sanki onun həyatını dondurur. Ailədə yaranan böhran nəticəsində özünü yalqız və kimsəsiz hiss edən insan böyük ümidsizliyə qapılır, gərginlik , yorğunluq, özünə , yaxın ətrafa, əməyə qarşı biganəlik bir müddət onun həyat tərzinə çevrilir. Bu zaman dağılan ailələrdə uşaqların üzləşdiyi çətinlikləri və problemləri də yaddan çıxarmaq lazım deyil. Belə ki, ayrıldıqdan sonra keçmiş tərəf müqabilləri arasında uzun müddət davam edən açıq və gizli münaqişə vəziyyəti yaranır. Bu , bir tərəfdən uşaqlara diqqəti və qayğını həddən artıq zəiflədir, digər tərəfdən isə onların normal inkişafına səbəb olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri