Xəyanət ancaq bədənlə olmur...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 429
Səs ver:
(səs: 0)
Texnikanın inkişafı xəyanətin yeni növlərini meydana çıxarıb. Kompüter olan evlərdə evli kişi və qadınların əksəriyyəti virtual aləmin əsirinə çevriliblər. Çatlar və intim əyləncə saytlarına girən ər, mənzilin bir otağına çəkilərək, başqa qadınla, qadın isə başqa kişi ilə əlaqə qurur, bunu xəyanət hesab etmirlər...

Virtual münasibət xəyanətdirmi?

Ekspertlər hesab edirlər ki, virtual əlaqələr, uzun davamlı əlaqələrin və evliliklərin bitməsində əhəmiyyətli səbəbdir. Sosioloq, fəlsəfə elmləri namizədi Qızılgül Abbasova açıqlamasında bildirdi ki, virtual xəyanəti mənəvi baxımdan xəyanət saymaq olar, ancaq hüquqi baxımdan bu, xəyanət hesab olunmur. Sosioloqun sözlərinə görə, virtual xəyanət televizordan başlayıb: "Hər bir otaqda televizor olduğundan, hərə tələbatına uyğun kanala baxır. Bu isə ər-arvad arasında müəyyən aralanmaya, soyumaya səbəb olur. Ailədə mehribanlığı, asudə vaxtın birlikdə keçirilməsi yaradır. Əgər cütlüklər ailə quran zaman onların ümumi çıxış nöqtələri çox idisə, virtual həyat onların münasibətinə, səmimiliyinə mane ola bilməz".

Elmlər namizədi hesab edir ki, qurulmuş ailələrdə müəyyən illərə uyğun olaraq çətin mərhələlər olur və bundan uğurla çıxmaq lazımdır: "Ailənin qurulması üçün 5, 10 və 15 il mərhələlər var. Hər bir mərhələnin problemləri olur, hər mərhələyə uyğun böhranlar əmələ gəlir. Məsələn, ilk beşillik mərhələdə uşaq dünyaya gələn zaman problemlər yaranır. Bu zaman ananın üzərinə xeyli yük düşür. Ana özünə baxa bilmir, əvvəlki cazibədarlığı itir. Bu zaman ərlə onun arasında soyuqluq yaranır. Növbəti böhran yarana biləcək illər, uşaq məktəbə gedəndə yaranır. Sonra isə uşaqların yeniyetmə mərələsində və sairə. Həmin mərhələlərdən uğurla çıxmaq üçün birgə ünsiyyətin rolu böyükdür. Birgə süfrə arxasında oturmaq, qonaq getmək münasibətləri istiləşdirir. Əgər hərə öz aləminə qapanıb virtual həyata baş vurursa, münasibətlərin soyumasına və başa çatmasına gətirib çıxarır".

Virtual münasibətin daha çox əyləncə olduğunu deyən Q.Abbasovanın fikrincə, belə münasibətlər qərb cəmiyyətinə xasdır. Çünki şərq cəmiyyətində münasibətlər fərdilik yox, kollektivçilik üzərində qurulub. Qərb cəmiyətində ailənin, icmanın rolu azdır, ona görə də əziyyət çəkirlər. Azərbaycan gəncləri də həmin prinsiplərə doğru gedir. Həyatın sürəti o qədər artıb ki, çalışırıq onunla ayaqlaşaq. Hər şeyə yaşımızdan asılı olmayaraq əl atırıq, ona görə də haqlı narazılıqlar eşidirik.

Virtual münasibət, xəyanətin abzasıdır!

Regional Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Murad İsayev isə virtual münasibəti xəyanətin başlanğıcı hesab edir. Psixoloq Milli.Az xəbər portalına dedi ki, əgər virtual münasibət sosiallaşma baxımından qadın və ya kişinin inkişafına gətirib çıxarırsa, xəyanət hesab olunmur. Əksinə, söhbət psixo-intimual və tərəflər arasında münasibətin qurulması istiqamətində gedirsə, bu, xəyanətdə başlanğıcın abzasıdır. Çünki bu münasibət getdikcə virtual formada qalmır. Bir müddətdən sonra tərəflər görüşür və istəklərini yerinə yetirirlər.

"Qadının həyat yoldaşına deməli olduğunu başqa kişiyə deməsi..."

M.İsayevin sözlərinə görə, ailəli insanın virtual yolla psixo-intimual söhbətlər edirsə, bu, ailədə problemin olmasının göstəricisidir. Problem olur ki, kişi və ya qadın özünə yaxın və rahat bildiyi insanla söhbət edir. "Xəyanət tək kiminləsə görüşüb, intim münasibətdə olmaq hesab olunmur. Qadının həyat yoldaşına deməli olduğunu başqa kişiyə deməsi belə, xəyanət hesab olunur" kimi düşünən M.İsayev hesab edir ki, xəyanət edənlər kişilər arasında daha çoxdur:

"Azərbaycanda kişinin öz xanımı ola-ola başqa bir qadınla əlaqəsinin olmasına normal baxmaq kimi çərçivə var. Bu, kişilərin psixoloji məntiqinə çevrilib. Bu isə insanda natamamlıq yaradır. Yəni kişi həyat yoldaşı ilə tamamlana biləcəyi halda, ətrafındakıların münasibəti, onu başqa bir qadına doğru sürükləyir. Hətta arvadına xəyanət etmək istəməyən kişi, ətrafın təsirinə cavab vermək, şəxsiyyətini təsdiq etmək üçün addımı atır".

Qadınlar niyə xəyanət edir?

M.İsayevin fikrincə, qadınlar sırf problemdən, diqqətsizlikdən və ailədaxili problemlərdən qaçmaq üçün xəyanətə əl atırlar. Praktika da göstərir ki, qadınlar diqqəti həddindən artıq çox sevirlər. Ərindən görmədiyi diqqəti başqa tərəfdən aldıqda, psixoloji olaraq, həmin tərəfə əyilmələr ola bilər. Bu isə xəyanətin abzası hesab oluna bilər.

"Xəyanət, əsasən inanc strukturu aşağı olan cəmiyyətlərdə baş verir. Hər hansı inanc strukturu olan ailələlərdə xəyanət çox az hallarda baş verir. Onlar öz üzərlərində yüksək sistem tərəfindən qadağalar qoyulduğunu hiss edirlər və həyat yoldaşı olmayan yerlərdə də xəyanət etmirlər. Özlərində məsuliyyət və cavabdehlik daşıyırlar. Ailə kompromis sevən modeldir. Kompromisə hazır olmayan və inancı olmayan insanlar avtomatik xoş söz gələn tərəfə əyilirlər" - M.İsayev əlavə etdi.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 429
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri