Prolaktinin yüksəlməsi və sonsuzluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 069
Səs ver:
(səs: 0)
Prolaktin hormonu insanın beynində yerləşən hipofiz vəzisində hazırlanır. Bu hormonun fizioloji yüksəlməsi hamiləlik və əmizdirmə zamanı baş verir. Prolaktinin təsiri nəticəsində qadının süd vəzilərində süd hazırlanır.

Lakin bəzi hallarda hamilə olmayan və uşağı əmizdirməyən qadınların orqanizmində bu hormonun səviyyəsi yüksəlmiş olur ki, bu da nəticədə sonsuzluğa, qadının süd vəzilərindən südün ifraz olunmasına və s. pozulmalara səbəb olur.

Prolaktin hormonun səviyyəsinin yüksəlməsi (hiperprolaktinemiya) bir çox hallarda sonsuzluğun səbəbi olur. Məsələ burasındadır ki, prolaktin qanda normadan yüksək səviyyədə olduqda, qadında follikul yetişmir və ovulyasiya baş vermir. Nəticədə isə sonsuzluq inkişaf edir.

Məhz bu səbəbdən həkimə sonsuzluq problemi ilə müraciət edən qadına digər hormonlarla yanaşı prolaktin hormonun analizini də təyin olunur.

Prolaktinin səviyyəsi qanda təyin olunur. Analiz 8.00-dan - 10.00- qədər acqarına verilir. Analiz menstrual dövrünün müəyyən günü (həkim tərəfindən təyin edilir) verilməlidir. Adətən prolaktin menstrual dövrünün 5-ci günündən (menstruasiyanın 1-ci günündən saymaq lazımdır) 8-ci gününə kimi verilir.

Stres bu analizin dəqiqliyinə təsir edə bilər. Bu səbəbdən analiz verən qadın tam sakit olmalıdır. Analizdən əvvəl bir qədər oturmaq və rahatlanmaq tövsiyə edilir.

Bu hormonun normal göstəriciləri müxtəlif laboratoriyalarda müxtəlif ola bilər. Bu səbəbdən laboratoriya tərəfindən qadına təqdim edilmiş sənətdə əldə edilmiş nəticədən əlavə normal göstəricilər də qeyd olunur.

Əgər qadın hamilə deyilsə və uşaq əmizdirmirsə, prolaktinin yüksəlməsi orqanizmdə olan müxtəlif xəstəliklərin və pozulmaların nəticəsi ola bilər. Belə ki, prolaktinin patoloji yüksəlməsi bu kimi hallarda mümkündür:

1. Hipofiz vəzinin şişi olan prolaktinoma zamanı. Prolaktinomanın əsas əlamətləri: menstruasiyaların olmaması (amenoreya), qadınlarda sonsuzluq, artıq çəki, hamilə olmayan və uşağı əmizdirməyən qadının süd vəzilərindən südün ifraz olunması, baş ağrıları, görmənin pozulması, urəkbulanması. Prolaktinomaya şübhə yarandıqda qadına kompüter tomoqrafiyası və ya nüvə-maqnit-rezonans təyin olunur.

2. Hipotireoz (qalxanvari vəzi hormonlarının normadan az ifraz olunması) zamanı. Bunun əsas simptomları: yuxululuq, depressiya, dərinin quru olması, iştahanın azalması, menstrual dövrünün pozulması və s. Hipotireoz diaqnozunu təsdiq etmək üçün qalxanvari vəzi hormonları olan TSH, T3 və T4 hormonların səviyyəsi yoxlanmalıdır.

3. Polikistoz yumurtalıqlar sindromu zamanı. Bu xəstəliyin əlamətləri: menstrual dövrünün pozulmaları, sonsuzluq, tüklənmə və s. Diaqnozu təsdiq etmək üçün qadına yumurtalıqların USM-si və digər hormonal analizlər təyin olunur.

4. Digər xəstəliklər: hipotalamusun şişi, bəzi böyrək və qara ciyər xəstəlikləri, anoreksiya və s.

Bəzi dərmanların uzun müddət ərzində qəbul edilməsi də həmçinin prolaktinin artmasına səbəb ola bilər. Bu dərmanların arasında - estrogenlər, hamiləlik əleyhinə olan dərmanlar, antidepressantlar və s.

Prolaktinin səviyyəsinin artmasına səbəb olan xəstəlik müəyyən olunduqda həkim lazım olan müalicə təyin edir ki, bunun nəticəsində prolaktinin səviyyəsi normaya salınır. Belə ki, bunun səbəbi prolaktinoma olduqda xəstəyə konservativ (dərmanların köməyi ilə) və ya cərrahi müalicə təyin olunur. Hipotireoz zamanı xəstəyə çatışmayan qalxanvari vəzi hormonları təyin olunur və s.
Sağlam olun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 7 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri