Sonsuzluğun səbəbinin müəyyən edilməsi üçün ailə cütlüyü üzvlərinin
hər birinə təyin edilən ən əsas ilkin müayinələrdən biri CYKİ görə
müayinənin aparılmasıdır.
Cinsi yolla keçən infeksiyalar (CYKİ) – bir insandan digərinə əsasən seksual əlaqə zamanı (cinsi yolla) keçən xəstəliklərdir.
CYKİ-ın əksəriyyəti, onlara düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında
başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir. CYKİ-ın
qəddarlığı ondadır ki, onlar çox vaxt heç bir əlamətlə özlərini büruzə
vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər. CYKİ
müalicə olunmazsa və ya onun müalicəsi düzgün aparılmazsa, onlar
xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilərlər: sidik
yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, kişilərdə
impotensiya, kişilərdə və qadınlarda sonsuzluq və s. Buna görə də,
sonsuzluğun müalicəsi zamanı, CYKİ-yə görə müayinələrin aparılması vacib
hesab edilir.
Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər:
- cinsi akt zamanı;
- qeyri-steril tibbi alətlərdən istifadə edilməsi ilə;
- xəstənin qanı ilə kontaktda olduqda;
- tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.
Anatomik quruluşundakı xüsusiyyətlərinə görə qadınlarda bu infeksiyalara
yoluxma ehtimalı kişilərə nisbətən daha çox olur. Bundan başqa, qadının
anatomik xüsusiyyətləri xəstəliyin ilkin əlamətlərinin daha gizli
şəkildə getməsinə "kömək” edir.
Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:
- cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;
- çox tez-tez və ağrılı sidik ifrazı;
- cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;
- cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;
- bədəndə səpgilərin əmələ gəlməsi;
- cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda
xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;
- qadın və kişilərdə - qarının aşağı hissəsində ağrıların yaranması;
qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar
arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.
Əgər hər hansı insan özündə CYKİ - cinsi yolla keçən infeksiyaların
istənilən bir əlamətini hiss edərsə o, tez bir zamanda ginekoloqa
(qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa
(dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir. Ancaq
onu da yadda saxlamaq lazımdır ki, CYKİ gizli şəkildə də keçə bilərlər!
Buna görə də ailə qurmaq istəyində olan hər bir cütlük (həm kişi, həm də
qadın) bu infeksiyalara görə tam müayinə keçməli və lazım gəldikdə isə
müalicə kursu almalıdırlar! Bu gələcəkdə sağlam uşaq olmasını
planlaşdıran hər bir cütlük üçün çox vacibdir!!!
CYKİ - cinsi yolla keçən infeksiyalara diaqnoz qoyulması üçün həkim ilk
növbədə pasientin dərisi və cinsi orqanlarına baxış keçirir. Kişilərdə
həkim uretradan yaxma (sınaq) da götürür, lazım gəldikdə sidiyin
müayinəsini təyin edir. Qadınlarda isə uşaqlıq yolundan və/və ya uşaqlıq
boyunundan və sidik kanalından yaxma götürülür. Ola bilər ki, sifilis
və QİCS (SPİD) xəstəliklərinə görə müayinə aparmaq üçün pasientdən qan
analizi (damardan) də götürülsün. Əgər qadın hamilə olarsa, o bu barədə
öz həkiminə xəbər verməlidir. Çünki hər hansı bir infeksiya aşkar
edildiyi halda, onun müalicəsi üçün tətbiq edilə biləcək dərman
preparatlarının bəziləri dölə çox mənfi təsir edə bilər. Ailə cütlüyünün
bir üzvündə hər hansı bir infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü
də mütləq müvafiq müayinələrdən keçməli və lazım gəldikdə müalicə
olunmalıdır. Aparılan hər bir müalicə kursundan sonra, infeksiyadan tam
müalicə olunduqlarına əmin olmaq üçün həm qadın, həm də kişi təkrar
olaraq CYKİ-yə görə müayinədən keçməlidirlər.
Qonoreya (tripper-süzənək)
Bu xəstəlik cinsi yolla kecir. Çox nadir hallarda və adətən, uşaqlarda
bu xəstəliyə yoluxma məişət şəraitində, şəxsi gigiyenik, tualet
əşyaları, ümumi yataq dəstləri vasitəsi ilə də baş verə bilər (məsələn,
hamam lifində, hamam dəsmalında xəstəliyin törədicisi olan mikroblar öz
həyat qabiliyyətini bir neçə saat ərzində saxlaya bilirlər). Orta
hesabla yoluxmadan 3-7 gün sonra kişilərdə sidik ifrazı zamanı ağrı və
yandırma hissiyyatı, xayalıqda ağrı, sidik çıxarıcı kanalından
sarımtıl-yaşılaçalar rəngdə irinli ifrazat (alt paltarda ləkə qoyan)
kimi kliniki əlamətlər meydana çıxır. Qadınlarda isə xəstəlik zamanı
uşaqlıq yolundan sarımtıl-yaşılaçalar rəngdə ifrazat, tezləşmiş, ağrılı,
çətinləşmiş sidik ifrazı, qarının aşağı hissəsində ağrılar, bəzi
hallarda uşaqlıq yolundan qan qarışıqlı ifrazat, aybaşı tsiklinin
pozulması və digər əlamətlər baş verə bilər. Ancaq əksər qadınlarda
(cinsi orqanların bəzi anatomik xüsusiyyətlərinə görə), adətən, xəstəlik
gizli şəkildə gedə bilər ki, bu da çox təhlükəli hesab edilir. Nəticə
etibarı ilə bu, xəstəliyin daha gec aşkar olunmasına və bir sıra
fəsadların baş verməsinə (hətta sonsuzluğa) səbəb ola bilər.
Qadınlarda qonorreya zamanı sidikifrazedici kanal, uşaqlıq yolu, anal
dəlik ətrafındakı sahə və kişilərə nisbətən onların daxili orqanları da
(uşaqlıq, yumurtalıqlar, Fallopi boruları) daha asanlıqla xəstəlik
törədiciləri tərəfindən zədələnə bilər. Kişilərdə xəstəlik zamanı daxili
cinsiyyət üzvləri də zədələndiyi üçün onlarda xaya artımlarının, toxum
kisəciyi, prostat vəzinin xroniki xəstəlikləri inkişaf edir. Həm
qadınlarda, həm də kişilərdə xəstəlik son nəticədə sonsuzluğa səbəb ola
bilər.
Sifilis
Sifilis xəstəliyi seksual əlaqələr zamanı, qan ilə (qan köçürülməsi,
tatuirovka - bədəninə şəkillər döydürməsi, iynə vurulması), həmçinin
xəstələrin diş fırçasından, qab-qacağından, istifadə edilməsi, öpüş
zamanı (xəstələrin ağız boşluğunda və dodaqlarında xoralar və ya qan
sızan zədəli sahələr olduqda) də keçə bilər. Xəstəliyə yoluxma steril
olmayan tibbi alətlərlə də (ginekoloji, stomatoloji, cərrahi) baş verə
bilər.
Sifilis xəstəliyi öz inkişafı prosesində bir neçə mərhələdən keçir:
- Birinci mərhələ (ilkin sifilis) yoluxmadan 3-4 həftə sonra başlayaraq,
təxminən 6-8 həftə davam edir. Bu mərhələdə xəstəlik törədicisinin
bədənə daxil olduğu yerdə kiçik, ağrısız, kənarları və səthi hamar,
səthindən parlaq, şəffaf maye ifraz edən dairə şəkilli xora əmələ gəlir.
"Bərk şankr” adlanan belə xora əmələ gəldikdən sonra, ona yaxın olan
limfa düyünləri böyüməyə başlayır. Böyümüş bu düyünlər, adətən, ağrısız
olur. Şankr əksər hallarda cinsiyyət üzvlərində (kişilərdə, kişi
cinsiyyət üzvü və xayalıqda, qadınlarda isə kiçik cinsiyyət
dodaqlarında, uşaqlığın selikli qişasında), həmçinin anal dəlik (anus,
arxa dəlik) ətrafında, ağız boşluğu və dodaqlarda yaranmış olur. Bir
neçə həftədən sonra şankr müalicə olunmadan da sağalır ki, bu da onu
daha təhlükəli edir. Çünki bu zaman xəstə sağaldığını düşünərək, özünü
rahat hiss etsə da, o digərləri üçün yoluxucu hesab olunur! Xəstəliyin
ilkin dövründə başlanan düzgün müalicə heç bir fəsad vermədən tam
sağalma ilə nəticələnir.
- Yoluxmadan təxminən 2 ay sonra xəstəliyin ikinci mərhələsi başlayır.
Bədənin, ovucların, ayaqaltı sahələrin dəri örtüyündə, ağız boşluğunun
və cinsi orqanların selikli qişasında səpgilər (onlar vaxtaşırı yaranır,
sonra isə yox olurlar) əmələ gəlir. Səpgidən başqa, qızdırma, titrəmə,
yorğunluq, oynaqlarda ağrılar, az hallarda isə saçların tökülməsi də
müşahidə edilə bilər.
- Xəstəlik müalicə olunmadıqda yoluxmadan 4-5 il sonra onun üçüncü
mərhələsi başlayır ki, bu zaman onurğa beyni və baş beyinin zədələnməsi,
psixiki pozğunluqlar, ifliclər, xəstələrin eybəcər hala düşməsi baş
verir. Hazırda sifilis xəstəliyi yaxşı müalicə olunduğu üçün xəstəliyin
üçüncü mərhələsi çox nadir hallarda təsadüf edilir.
Genital herpes
Genital herpes – çox yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma cinsi əlaqə
vasitəsi ilə, öpüşlə (əgər virus ağızda olan səpgilərdə olarsa), qanla,
hamilə olarkən anadan uşağa, həmçinin məişət əşyaları vasitəsi ilə keçə
bilər. Xəstə adam və onun ətrafında olan yaxınları şəxsi gigiyena
qaydalarına çox dəqiqliklə əməl etməli, ayrı-ayrı yataq dəstləri və
dəsmallardan istifadə etməlidirlər!!
Genital herpes zamanı selikli qişalar və dəri zədələnmiş olur.
Yoluxmadan 3-7 gün sonra xəstələnən şəxslərin (ancaq hamıda yox; belə
ki, bir çoxlarında infeksiya özünü heç bir əlamətlə büruzə vermir) cinsi
yollarında qaşınma, yandırma hissiyyatı, daha sonra içərisi maye ilə
dolu olan qovuqcuqlar əmələ gəlir ki, o da sonradan şəffaf maye ifraz
edən xoraya çevrilir. Xoralar həm daxili, həm də xarici cinsiyyət
orqanlarında, anal dəlik ətrafında, bir çox hallarda isə dodaqlarda və
budlarda da əmələ gəlir. Bundan başqa, xəstələrdə qızdırma, baş
ağrıları, ağrılı sidik ifrazı, qadınlarda uşaqlıq yolundan, kişilərdə
isə sidik kanalından ifrazat xaric edilməsi də təsadüf edilir. Bütün bu
əlamətlər sonradan heç bir müalicə aparılmadan da keçib gedə bilərlər.
Virus isə insanın ömrünün sonuna qədər onun orqanizmində qalır və onun
inkişafı üçün müvafiq əlverişli şərait yaranmış olduğu halda (bədənin
soyuması, qızışması, yorulması, streslər keçirilməsi, digər
infeksiyalardan sonra) xəstəlik təkrarən yenidən aktivləşə bilir.
Genital herpes xəstəliyini tam şəkildə müalicə etmək mümkün olmur və bu
zaman müalicə yalnız xəstəliyin residiv verməsi (təkrarlanması)
hallarının sayının, müddətinin və ağırlıq dərəcəsinin azaldılması
istiqamətində aparıla bilər.
Bəzi hallarda xəstəlik mərkəzi sinir sistemi və gözləri də zədələyə
bilər. Hamilə qadınlarda isə genital herpes əksər hallarda uşaqsalmaya,
vaxtından qabaq doğuşa, bəzi hallarda isə uşaqda müxtəlif anomaliyalara
da səbəb ola bilər.
Xlamidioz
Hal-hazırda xlamidioz xəstəliyi cinsi yolla keçən infeksiyalar arasında ən çox yayılmış infeksiya hesab edilir.
Xəstəliyə yoluxduqdan 1-4 gün sonra xəstələrdə selikli-irinli ifrazat,
ağrılı sidik ifrazı, qarının aşağı hissəsində, beldə ağrılar, qadınlarda
aybaşılar arası dövrdə qanaxmalar, kişilərdə xayalıq və aralıq
nahiyəsində ağrılar baş verir. Əksər qadınlarda və kişilərin bir
hissəsində xəstəliyin bütün bu əlamətləri ya çox zəif ifadə olunur, ya
da heç olmaya da bilir. Xlamidioz xəstəliyi müalicə olunmadığı hallarda,
uşaqlıq boruları, uşaqlıq boynunun iltihabı, hamiləlik və doğuş
patologiyaları, daxili orqanların (qara ciyər, dalaq, periton - qarın
boşluğu divarlarını və üzvlərini örtən qişa) müxtəlif xəstəlikləri,
xaya artımlarının, prostat vəzi, sidik kisəsinin iltihabı, kişilərdə
potensiyanın pozulması kimi patoloji hallara da səbəb ola bilər.
Trixomoniaz
Trixomoniaz - əksər hallarda digər cinsi yolla keçən infeksiyalarla
(CYKİ) birgə təsadüf edilir. Xəstəlik əsasən cinsi yolla ötürülür.
Məişətdə yoluxma yalnız tək-tək hallarda baş verir.
Xəstəliyin əlamətləri yoluxmadan 4-21 gün keçdikdən sonra özünü büruzə
verə bilər. Bu zaman qadınlarda xeyli miqdarda ağ və ya yaşıl-sarı
rəngli, köpüklü, kəskin, pis-xoşagəlməz iyli ifrazatın xaric olması qeyd
oluna bilər. Bu ifrazat isə öz növbəsində, cinsi orqanlarda qaşınmaya,
qıcıqlanmaya, həmçinin sidik ifrazı zamanı ağrı və yandırma
hissiyyatının yaranmasına, cinsi əlaqə zamanı isə ağrılara da səbəb ola
bilər. Aybaşı zamanı qadınlarda göstərilən bu əlamətlər arta da
bilərlər. Kişilərdə sidik ifrazı zamanı yandırma hissiyyatı, uretradan
(sidik kanalından) selikli-irinli ifrazatın olması baş verir. Ancaq bir
çox hallarda xəstəlik açıq şəkildə ifadə olunmuş əlamətlər olmadan da
keçə bilər ki, bu da müalicə olunmadığı təqdirdə son nəticədə ciddi
fəsadlara səbəb ola bilər.
Trixomoniaz zamanı qadınlarda uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın
daxili təbəqəsi, uşaqlıq boruları və yumurtalıqlar zədələnmiş olur. Bəzi
hallarda infeksiya periton qatının iltihabına da (peritonit) səbəb ola
bilir. Kişilərdə xəstəlik prostat vəzini, xaya və xaya artımlarını,
sidik yollarını zədələyə bilir ki, bu da onlarda potensiyanın pozulması
ilə də nəticələnə bilər. Xlamidioz kimi, trixomoniaz da bir çox hallarda
sonsuzluğun səbəbi ola bilər.
Kandidoz
Kandidoz xəstəliyini – Kandida nəslindən olan maya göbələklərinə bənzər
mikroorqanizmləri törədirlər. Az miqdarda olmaqla, onlar əksər
adamların cinsi orqanlarında, bağırsaqda mövcud olaraq heç bir xəstəlik
halına səbəb olmurlar.
Ancaq uzun müddət ərzində antibiotik preparatları qəbul etdikdə, şəkərli
diabetdə, hamiləlik vaxtı və s. hallarda immunitetin zəifləməsi fonunda
bu göbələklərin sayının sürətlə artması baş verə bilər. Kandidozun
inkişaf etməsinə dar və sintetik paltarların geyilməsi və uşaqlıq
yolunun müxtəlif tərkibli mayelərlə tez-tez püskürdülməsi, şırınqa ilə
yuyulması da səbəb ola bilər. Beləliklə, kandidoz əksər hallarda cinsi
əlaqədə olmadan da əmələ gələ bilir. Ancaq bu xəstəlik cinsi yolla da
ötürülə bilər. Uşaqlar doğuş zamanı anadan, həmçinin sanitar-gigiyenik
normaların pozulması nəticəsində digər hallarda da yoluxa bilərlər.
Kandidoz xəstəliyi ilə daha çox hallarda qadınlar xəstələnirlər.
Xəstəlik kliniki olaraq, uşaqlıq yolundan xeyli miqdarda olan ağımtıl
"kəsmiyə bənzər" ifrazatın, xarici cinsi üzvlərin şişkinliyi, qaşınma,
sidik ifrazı zamanı yandırma hissiyyatı kimi əlamətlərlə müşayiət
olunur. Əksər hallarda isə xəstəlik ya gizli şəkildə, ya da çox az
əlamətlərlə keçir. Kişilərdə kandidoz xəstəliyi zamanı cinsiyyət üzvü
başının və kənar pülüyün iltihablaşması, cinsiyyət üzvünün başının
qızarması və üzərində xarakterik kəsmiyə bənzər təbəqənin əmələ gəlməsi
və uretradan (sidik kanalından) ifrazatın olması kimi kliniki əlamətlər
baş verə bilər. Kişilərdə kandidoz xəstəliyi zamanı prostat vəzi,
xayalar və onun artımları, sidik kisəsi kimi orqanlar, qadınlarda isə
daxili qadın cinsi orqanları, sidik kisəsi və böyrəklər də zədələnə
bilər.
Papillomavirus infeksiyası
Xəstəlik insan papilloma virusu (İPV) tərəfindən törədilir. Xəstəlik həm
cinsi yolla, həmçinin hamiləlik və doğuş zamanı isə anadan uşağa keçə
bilər.
Xəstəliyin əlamətləri infeksiyaya yoluxduqdan 1-9 ay sonra (orta hesabla
3 ay ərzində) özünü büruzə verməya başlayır. Xarici cinsiyyət
üzvlərində, anal dəlik ətrafında, uşaqlıq yolu və ya sidik kanalı
daxilində açıq qırmızı və ya dəri rəngində olan ziyillər əmələ gəlir.
Onlar bəzi hallarda yastı şəkildə qalaraq az nəzərə çarpa bilərlər.
Bəzən isə onların sayı və ölçüləri artaraq, tədricən gül kələminə və ya
xoruz pipiyinə bənzər şəkil ala bilər. Kandilomalar (ziyillər) xəstə
insanda zədələnmə sahəsində qaşınma, yandırma hissiyyatı, ifrazatın
olması, bir qədər qanaxma, sidik ifrazı zamanı ağrı, cinsi əlaqə və
gəzinti zamanı narahatlıq kimi kliniki əlamətlərə səbəb olurlar.
Həkimlərin fikirinə görə, əksər hallarda qadınlarda uşaqlıq boynunun
xərçənginin və kişilərdə isə xərçəng xəstəliklərinin bir hissəsinin
səbəbi də insan papilloma virusunun (İPV) bəzi tipləri hesab olunur.
Yadda saxlamaq lazımdır ki, bədənin aşağı hissələrində olan ziyillərin
heç də hamısı kandiloma olmasa da, belə törəmələr cinsi orqanlar və
onlara yaxın yerlərdə yerləşmiş olarlarsa, mütləq həkimə müraciət etmək
lazımdır! Kandilomaların heç bir halda özünüz tərəfindən xaric
edilməsinə cəhd etmək olmaz!
Mikoplazmoz. Ureaplazmoz
Bu xəstəliklər əsasən cinsi yolla ötürülür. Bəzi hallarda isə qadınlar,
xüsusilə qız uşaqları ümumi gigiyena əşyaları ilə də yoluxa bilərlər.
Xəstəliklə həm kişilər, həm də qadınlar eyni dərəcədə xəstələnirlər.
Kişilər və hamilə qadınlar üçün bu xəstəlik daha təhlükəli hesab edilir.
Mikoplazmoz və ureaplazmoz xəstəlikləri yoluxmadan 3-5 gün sonra,
özlərini müəyyən əlamətlərlə büruzə verirlər. Bu zaman xəstə qadınlar
cinsi üzvlər sahəsində qaşınma və diskomfortdan (narahatlıq), az
miqdarda şəffaf ifrazat, ağrılı sidik ifrazından, qarının aşağı
hissəsində ağrılardan şikayət edirlər.
Xəstəlik müalicə olunmadığı təqdirdə həm qadınların, həm də kişilərin
cinsi üzvlərində iltihabi proseslərin baş verməsi ilə nəticələnə bilər.
Kişilərdə bu xəstəliklər, həmçinin spermatogenezin (spermanın
hazırlanması) pozulması nəticəsində sonsuzluğa da səbəb ola bilər.