Azərbaycanda sonsuzluq niyə artır ?

Müəllif: Efsuw2016
Şərhlər: 2
Baxılıb: 2 291
Səs ver:
(səs: 0)
Elə ailələr var ki, illərdi uşaq səsinə həsrət qalıb. Belə cütlüklərə heç müalicələrin də xeyri olmur. Ekspertlərə görə, ümumiyyətlə, həm qadınlarda, həm də kişilərdə sonsuzluqla bağlı problemlər artıb.

Statistikaya görə, son 11 ildə Azərbaycanda qadınlar arasında sonsuzluq halları iki dəfə artıb. 2005-ci ildə Azərbaycanda 1117 nəfər qadın ilk dəfə qadın sonsuzluğu diaqnozu ilə qeydə alınıb.

2011-ci ildə bu rəqəm 1776, 2014-cü ildə 2294, 2015-ci ildə 2314, 2016-cı ildə 2208 olub.

Hər 100000 nəfər qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınan qadınların sayı 2011-ci ildə 26,3 nəfər, 2014-cü ildə 48,5 nəfər, 2015-ci ildə 48,4, 2016-cı ildə 45,7 nəfər olub.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova bildirir ki, Azərbaycanda son zamanlar süni mayalanma halları artıb. O, bunun səbəbini sonsuzluğun çoxalması ilə izah edib.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 7368, 2012-ci ildə 7575, 2013-cü ildə 7972, 2014-cü ildə 6840, 2015-ci ildə 6950, 2016-cı ildə isə 6146 uşağı olmayan ailədə boşanma qeydə alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun “Trend”ə verdiyi məlumata görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Lakin sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır.

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Aynurə İsmayılova deyir ki, son zamanlarda sonsuzluğun artma səbəbi bir neçə amillə bağlıdır: “Sonsuzluğun artması xarici faktorlar – ekzogen və daxili faktorlar – endogen faktorlarla bağlıdır. Ekzogen faktorlara ekologiyanın pozulması, sağlam həyat tərzinin aparılmaması, zərərli vərdişlərin olması, normal, düzgün, sağlam qidalanmamaq aiddir. Endogen faktorlara endokrin xəstəliklərin inkişaf etməsi, infeskiyalar, daxildə baş verən patoloji vəziyyətlər sonzuzluğun yaranma səbəbini artırır”.

A.İsmayılova qeyd edir ki, sonsuzluq birincili və ikincili olur: “Birincili sonsuzluq dedikdə, heç hamilə qalmayan qadınlar başa düşülür. İkincili sonsuzluqda isə hamiləlik baş verir, amma hamiləlikdən sonra dölün saxlanılmasında problemlər yaranır. Qadın və kişi sonsuzluğu ayırd edilir. Qadın sonsuzluğu daha çox hormonal, uşaqlıq defektləri ilə bağlı olan sonsuzluqdur. Kişi sonsuzluğunun da son illər artımı müşahidə olunur. Bu da həm xarici amillərin, həm də daxili amillərin təsiri altında baş verir”.

Kişilərdə zərərli vərdişlərə meylin artdığını deyən müsahibimizə görə, onlar sağlam həyat tərzi sürməkdə maraqlı olmurlar. Bunun da nəticəsində kişilərdə də sonsuzluq problemləri artır.

İsmayılovanın sözlərinə görə, sonsuzluğun müalicəsi bir neçə istiqamətdə aparılır: “Burada həm hormonal profil yoxlanılmalıdır, həm də infeksiyon “skrinninq” aparılmalıdır. Nəzərə almaq lazımdır ki, həm kişi, həm də qadın eyni zamanda yoxlanılmalıdır. Kişilərdə sperma analizi aparılmalıdır. Sonsuzluğun səbəbi dəqiqləşdirilməlidir. Sonsuzluğun səbəbi aydın olduqdan sonra buna uyğun müalicə təyin olunur. Bəzən elə olur ki, səbəbi olmayan sonsuzluq olur. Sonsuzluğun səbəbi müəyyən olunubsa, onun həm konservativ, həm də cərrahi müalicə üsulları var”.

Tibb üzrə fəlsəfə doktoru bildirir ki, sonsuzluğun ən yeni müalicə üsulu ekstrakorporal (süni mayalanma) mayalanma üsuludur: “İllərdir ki, bu üsuldan Azərbaycanda yeni tətbiq olunur. Azərbaycanda süni mayalanmanı həyata keçirən ilk mərkəz 2005-ci ildə açılıb. Bu müalicə üsulu da 100 faizlik zəmanət vermir. Süni mayalanmanın aparılmasında həm qadının yaşı rol oynayır, əldə olunan embrionların keyfiyyəti öz təsirini göstərir, istifadə olunan yumurta hüceyrələrinin keyfiyyəti də rol oynaya bilər. Əgər boru faktoru ilə bağlı olan süni mayalanmadırsa, onda hamilə qalmaq şansı daha yüksəkdir. Qadınlar gənc yaşda süni mayalanma edirlərsə, daha müsbət nəticə əldə edə bilərlər”.

Müsahibimiz qeyd edir ki, ikincili sonsuzluğa abortlar və infeksiyalar səbəb olur: “Çoxsaylı abortlar keçirən qadınlarda ikincili sonsuzluğa daha çox rast gəlinir. Artıq arzuolunan hamiləliyi əldə etmək mümkün olmur. Çünki uşaqlığın daxili zədələnir. Bu da hamiləliyin normal gedişatının qarşısını alır. İkincili sonsuzluğun digər səbəbi infeksiyalardır. Xlamidiya infeksiyası borularda iltihabı proses yaradır. İltihabı proses nəticəsində normal, fizioloji mayalanma prosesinə nail omaq olmur”.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri