Yəqin
ki, məşq zallarında arıq xanımları gördükdə təəccüblənirsiniz. Artıq
çəkisi olan xanımlar idmana arıqlamaq üçün gəlirlər. Bəs arıq xanımlar
niyə məşq zallarına üz tutur? Bununla bağlı danışan məşqçi Orxan
Məmmədov bildirir ki, arıq xanımların bədənlərinin bəzi hissəsində artıq
çəki olur. Bu zamansa bədənin proporsiyası pozulur. Arıq xanımlar
bədənlərinin bəzi hissələrindəki çəkidən azad olmaq üçün idmanla məşğul
olmalıdır: "Məsələn, çox sayda arıq xanım var ki, qarın hissələrində
qalın yağ qatı var. Azərbaycan xanımlarının əksəriyyəti aşağı
ətraflardan şikayət edir. Aşağı ətrafları ilə bel hissəsinin ölçüləri
uyğun olmayan xanımlar da az deyil. Mütəmadi düzgün proqramla tərtib
edilən idman bütün bu problemləri qaydasına salır. Bütün xanımların
bədən ölçülərinə uyğun məşq proqramı tərtib edilir. Onlar üçün xüsusi
məşq formaları təyin edilir ki, bədənin məhz həmin hissəsi arıqlasın”.
Çəki
azlığından şikayət edən xanımlar üçün ən yaxşı vasitə idmandır. Məşqçi
deyir ki, bu cür xanımlar üçün əsasən çəki artıran məşqlər təyin edilir:
"Arıq xanımların qaçış aparatı, xizək və velosipedlərdən çox istifadə
etməmələri tövsiyə edilir. Yalnız güc artıran hərəkətlərdən istifadə
olunmalıdır. Bu cür xanımların əzələlərini şok vəziyyətinə saldıqda
istənilən nəticəni əldə etmək olar. Normal istirahət də şərtdir. Ən
əsası, qidalanmalarına fikir verməlidirlər. Əzələnin inkişafı
istirahətdə baş verir. Düzgün məşq, düzgün proqram və düzgün qidalanma
ilə sağlam kökəlmək mümkündür. Arıq xanımlar qaçış aparatında 10
dəqiqədən çox qaçmamalıdırlar. Bu isə yalnız isinmə məqsədi daşımalıdır.
Əzələlərin inkişafı üçün bu cür məşq üsulu lazımdır”.
Unutmayaq
ki, idman hər şeydən öncə sağlamlıqdır. Arıqlığından və köklüyündən
asılı olmayaraq hər kəs idmanla məşğul olmalıdır. İdman təkcə arıqlamaq
üçün deyil, həm də ideal bədən quruluşana malik olmaq üçün lazımdır.
İdmanın xeyrindən başqa heç bir ziyanı yoxdur: "İdmanın əks təsirini
yalnız qidalanmaya fikir vermədikdə görmək olar. Məşqlərdən sonra düzgün
qidalanmayan xanımlarda sürətli kökəlmə baş verə bilər. Bəzən idmandan
yarım saat sonra yemək yeyirlər. Məşqdən minimum 2 saat sonra qidalanmaq
olar. Arıq xanımlar isə məşqdən 40 dəqiqə sonra yemək yeyə bilərlər.
Çünki məşq adamı acdırır, iştahı artırır. Bu isə kökəlmək üçün şansdır”.