Mark Zaxarovun "Həmin o Munhauzen" filmində Baron Munhauzen
öz monoloqunda deyir: "Boşanmaq bəşəriyyətin ən böyük tapıntılarından
biridir"
Təəssüflər
olsun ki, bəşəriyyətin ən böyük tapıntılarından biri, yəni
boşanmaqəbizim ölkədə hər mənada çox böyük problemə çevrilib. Boşanmaq
istəyən adam bu ölkədə o qədər gözlənilən və gözlənilməyən problemlərlə
qarşılaşır ki, nəticədə başını itirir, təzədən həyata bərpa olunmağa
gücü qalmır.
Problemin
hüquqi tərəflərin qoyuram kənara. Bu haqda hüquqşünaslar danışsalar,
yaxşı olar. Mən bizim davranışlarımızdan dolayı ortaya çıxan
problemlərdən danışmaq istərdim. Bir dəfə bloku təmiz görüb barmağımı
dişlədim. Bildim ki, ya nişan olacaq, ya da toy.
Bir
dəfə də belə hal baş vermişdi. Bloku arvadlar növbəylə süpürürdülər.
Növbədə qarışıqlıq yaranmışdı. O deyirdi sənin, bu deyirdi sənin
növbəndir. Zibil dizə qədər dirənmişdi. Heç cür dil tapa bilmirdilər.
Nəhayət, bir qıza elçi gəldi. Həmin ailə qarğış edə-edə, lənət
oxuya-oxuya bloku zir-zibildən təmizlədi. Hətta öz qapılarının ağzını
yudular, divarlarını rənglədilər... Bax, bütün bu problemlər blokun
məcburən yuyulmasındadı. Hər şey bu yalanlardan başlayır.
Çox
vaxt deyirlər ki, filankəs yaxşı oğlan, filankəs yaxşı qız idi, toydan
sonra dəyişdi. Xeyr, elə deyil. O, sadəcə rol oynayırdı. Əgər
xəsisdirsə, bir az özünü səxavətli göstərirdi. Əgər pintidirsə, bir az
səliqəli geyinməlidir. Əsl faciə odur ki, bir adam rola girmir, bütöv
ailə, nəsil rola girib "aktyorluq" edirdilər. Toydan sonra isə adamların
əsl sifəti ortaya çıxır. Məqsədlərinə nail olduqdan sonra hər kəs
oynadığı roldan bezir. Bəzən tez, bəzən isə bir az gec hər bir kəsin
həqiqi simasi görünür. Reallıq isə hər iki tərəfi dəhşətə gətirir. Bax,
əsl problem bu aktyorluqdadı. Boşanmaq isə əsl faciədir. Sən toya
çağırdığın 300-500 adamın hər birinə ayrı-ayrılıqda niyə, nə səbəbə
boşandığının izahını verməlisən. İzah verməsən, əl çəkən deyillər.
Bizim
ölkədə adamlar bekarçılıqdan asanlıqla bir-birilərinin həyatına
müdaxilə edirlər. Əlbəttə, əgər sən toyu özün üçün yox, qonşu üçün
edirsənsə, evinə divar kağızını öz zövqünə görə yox, qonşunun zövqünə
görə çəkirsənsə, adamlar da asanlıqla sənin həyatına müdaxilə edəcəklər:
Niyə boşandın? Bu sualı toya dəvət etdiyin hər bir adam sənə verəcək.
Cavab verməyə məcbursan, çünki toya beş yüz adam dəvət etmisənsə, bu
suala da cavab verməlisən.
Adamlar
çox vaxt bu söz-söhbətlərdən uzaq olmaq, bu kimi suallara tuş gəlməmək
üçün boşanmaq fikrindən vaz keçirlər. İt-pişik kimi bir yerdə yaşamağa
üstünlük verirlər. Beləcə, illərlə bir-birilərinə nifrət edə-edə bir
yerdə yaşayırlar. Uşaqlar, hamı bu nifrəti görür, hiss edir. Beləcə,
müharibə şəraitində yaşayırlar və bunun da adını qoyurlar ailə həyatı.
Açığı,
ikiüzlülükdü, üstəlik, bu it-pişik kimi yaşayan adamlar Avropa
ölkələrindəki boşanmayla bağlı statistikanı tez-tez dilə gətirirlər və
Azərbaycan ailələrinin gözəlliyindən həvəslə danışırlar. Bes, əgər
bəşəriyyətin boşanmaq adlı bir tapıntısı varsa, adamlar niyə it-pişik
kimi bir birilərinə nifrət edə-edə illərlə bir yerdə yaşayırlar? Bunun
nə mənası var? Uşaqlar üçün? Axmaq söhbətdi. İki nəfərin bir-birinə
nifrət etdiyi yerdə böyüyən və bu nifrəti açıq-aşkar hiss edən, ürəyinə
salan uşağın halını təsəvvür edin. Elə bilirsiniz o, heç nəyi bilmir?
Hər şeyi yaxşı bilir. Ən azı uşaq həssaslığı ilə hər şeyi çox gözəl hiss
edir.
Problemin
kökü bizim qeyri-səmimiliyimizdə, iki üzlülüyümüzdə və
saxtakarlığımızdadı. Əvvəla, bizim insanlar özü üçün yaşamır. Qonşu
üçün, qohum üçün, iş yoldaşı üçün yaşayır. Ona görə də bizim insanlar
hər zaman, hər bir yerdə öz hərəkətlərinə görə başqalarına izahat vermək
məcburiyyətindədi.
Yuxarıda
da qeyd etdiyimiz kimi, toya beşyüz adam cağırmısansa, beşyüzünə də
boşanmağın haqqında yerli-yataqlı izahat verməlisən.
Bəzən
bizim adamlar mütləq iki adam arasında günahkar axtarırlar. Kim
günahkardı, qadın yoxsa kişi? Ola bilər ki, hər ikisi pis adamdı. Ola
bilər hər ikisi yaxşı adamdı. Sadəcə, alınmayanda alınmır.
İnsan
mürəkkəb varlıqdı. Zatən insan mürəkkəb varlıq olmasaydı bu qədər film
çəkilməzdi, bu qədər roman yazılmazdı. İki yaxşı insanın bir yerdə
yaşaya bilməməsi aralarında narazılığın olması da çox təbiidir. Ola
bilsin ki, onlar həqiqətən də yaxşı ailə qurmaq istəyirdilər. Həyatda
hər şey olur. Alınmayanda alınmır.
Qadınlar
üçün boşanmaq daha çətindi. Bu ölkədə kişilər başlarını güclə
saxladıqları halda qadın üçün daha əlavə problemlər yaranır.
İstər-istəməz axmaq suallar çıxır ortaya. Boşanmış qadına adamların
münasibəti dəyişir. Adi bir misal çəkim. Bizim ölkədə əgər qadınla
küçəyə çıxdınsa avtomatik olaraq gedə biləcəyin yerlərin sayı minimum 90
faiz ixtisara düşür. Xərclər avtomatik olaraq artır. Hərəkətlərində və
davranışlarında istər-istəməz dəyişikliklər etməlisən. Bir zənən
xeyağıyla bir stəkan çay içmək üçün çox vaxt şəhərin mərkəzinə getmək
məcburiyyətində qalırsan. Rayonlardakı vəziyyətdən isə danışmağa
dəyməz.
Bir
zənən xeylağı gedib bulvarda düz-əməlli təmiz hava ala bilmir. İmkan
vermirlər. İndi təsəvvür edin ki, boşanmış qadının üzərinə necə böyük
yük düşür. O həm suallara cavab verməlidi, yeni qaydalara öy-rəşməlidi,
üstəlik də, hələ öz adını qorumağın qeydinə qalmalıdı. Bununla belə,
uşaq böyütməli və işləməlidi. Bütün bunlardan sonra əgər özündə güc
tapsa, həyata təzədən başlamalıdı. Bir çox qadınlar məhz iqtisadi
cəhətdən azad olmadıqlarına görə it zülmü altında yaşamğa məcburdurlar.
Onların sadəcə getməyə yeri yoxdu. Ata evində heç kim onu gözləmir. Onu
evdən yola salanda nə olursa-olsun geriyə dönməməyi tapşırırlar. Elə bil
ki, oğlanı əsgərliyə yola salırlar. Nə olursa-olsun geriyə dönmək
olmaz! Bu qadağalara nəsihət, mərifət, adət adı da qoymağı bacarıblar.
Bizim vaxtmızda elə idi, belə idi. Ərə gedənin atası-anası olmur (yeni
ər tərəfindən söyüləcəksən, amma narahat olma, olan şeydi).
İşi
və peşəsi olmayan qadınlar ərinin zülmü altında inləməyə məcburdur.
Özündə cəsarət tapıb boşananları isə kəşməkəşli həyat gözləyir.
Cəngəllik qanunlarının hökm sürdüyü bir ölkədə boşanmış qadın statusuyla
yaşamaq yəqin ki, heç də asan deyil. Ona görə də mən iaşə obyektlərində
çalışan qadınlarla kobud rəftar edən adamları başa düşmürəm. Heç kim
heç nədən sığortalanmayıb. Kimin axırının necə olacağını heç kim bilə
bilməz. Bir sözlə, həyatın kobud zarafatlarından hamının payına nəsə
düşə bilər. Əlbəttə, mən heç də boşanmağı təbliğ etmirəm. Serialdan
təsirlənib hər xırda problemə görə düşünmədən boşanmaq qərarı vermək də
doğru deyil. Biz sadəcə, illərlə məcburən bir yerdə yaşayıb və bo-şana
bilməyən adamlardan danışırıq. Biz öz davranışlarımızla öz həyatımızı
cəhənnəmə çeviririk. Bu davranışların çox iyrənc olduğunu bir çox
adamlar görürlər, başa düşürlər, sadəcə, həyatlarını dəyişməyə
qorxurlar. Bəziləri dəyişmək üçün tənbəllik edirlər. Mövcud münasibətlər
sistemində axına qoşulub həyatlarını yaşayırlar. Bəziləri isə hətta bu
davranış qaydalarını tərifləyərək açıq-aşkar cığallıq edirlər.
Bizim
davranışlarımız bizim həyatımızın düşmənidir. İnsanlar bu davranışlara
adət-ənənə, mərifət-qanacaq adı qoyub, bir-birilərinin qanını içirlər.
Maddi vəziyyətlərindən xəbərdar ola-ola iki ailə bir-birini
amansızcasına talan edir. Bu talançılıqda isə daha çox mağaza və şadlıq
evlərinin rəhbərləri qazanırlar. Əslində, onlar da maaşa işləyirlər,
ümumilikdə pul on beş adamın cibinə axır. Halbuki iki ağlı başında olan
adam sakitcə oturub dil tapa bilər və axmaq-axmaq işlərə çəkdikləri
xərclə bir gənc ailəyə yuva düzəldə bilərlər. Etmirlər, əvəzində axmaq
işlərlə məşğul olurlar. Hələ bir buna görə də özlərinə qarşı xüsusi
hörmət tələb edirlər. Guya onlar ağsaqqaldırlar, ağbirçəkdirlər, guya
ağıllı adamlardı. İndi mən nəyə görə inkişafa mane olan bu ağsaqqal və
ağbirçək dəstəsinə hörmət etməliyəm? Bəyəm bütün bu bəlaların başında və
kökündə onların "dəyərlər sistemi" dayanmayıb?
Etiraf
edək ki, bir çox adamlar üçün toy qadın əldə etmək üçün yeganə
vasitədir. Ona görə də adamlar rola girməyə, aktyorluq etməyə
məcburdular. Ehtiras qısa müddətdə sönür və tərəflər öz adi
vəziyyətlərinə qayıdırlar. Onlar uşaq sahibi olmaq, birgə yaşamaq, ailə
qurmaq üçün deyil, cinsi əlaqəyə girmək üçün evlənirlər. Belə desək, bir
növ cütləşirlər. Əgər toydan əvvəl onlar bir-birinin "dadına" baxa
bilsəydilər, çoxu heç evlənməzdi. Ehtiras onların gözünü tutur. Heç nə
görmürlər. Üstəlik, nəzərə almaq lazımdır ki, qapalı ölkədə yaşayırıq.
Tərəflər bir-birilərini tanıya bilmir. Bunun üçün şərait demək olar ki,
yox dərəcəsindədir. Nə qədər ki, bakirəlik institutu dağılmayıb, nə
qədər ki, ölkədə seksual inqilab baş verməyib, adamların böyük
əksəriyyəti ailə qurmaq, uşaq sahibi olmaq, birgə yaşamaq üçün deyil,
sadəcə öz ehtiraslarını söndürmək, yataq əldə etmək üçün evlənəcəklər...