Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.
Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı
necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan
yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün
nöqteyi-nəzərdən qiymətləndirin.
Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə
gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya
kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa
çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə
bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra
onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis
keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur
ki, yaddaşınızı baş vermiş ən kiçik uğurlarla bağlı xatirələr üçün
boşaldın.
Günahkarlıq hissi və xəcalət sizə uğur qazanmağa mane olur. Onların badına getməyin.
Davranışınızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.
Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar.
Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin
müəyyən adlarla çağırılması haqda insanların öz aralarında
razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan
verir ki, insanlara daha səbirlə yanaşısınız və alçaldıcı görünən
hallara ürəyiaçıqlıqla tab gətirəsiniz.
Heç vaxt özünüz haqqında pis danışmayın. Ələlxüsus özünüzə "səfeh",
"eybəcər", "bacarıqsız", "bəxtigətirməyən", "yönsüz" və s. kimi mənfi
keyfiyyətləri özünüzə aid etməyin.
Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür
qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və
başqalarının sizin şəxsiyyətinizi tənqid etməyə imkan verməyin.
Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur
edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə
çıxarasınız və sonrakı daha böyük uğursuzluqlardan yaxa qurtarmış
olasınız.
Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və
şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək
qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan
üz çevirin.
Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda
ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa, özünüzü
daha yaxşı anlaya bilərsiniz.
Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən
adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən
zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi
yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə
istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin. Sonra isə bu
cür mübadiləyə hazır olduğunuzu onlara da anlatmağa çalışın.
"Mən"inizi həddən ziyadə qorumayın, çünki o, siz düşündüyünüzdən də
möhkəm və plastikdir. O, "əyilir", amma "sınmır". "Mən"inizin
qısamüddətli emosional zərbə alması daha yaxşıdır, nəinki
fəaliyyətsizlikdə və izolyasiyada olması.
Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin ki, onlara gedən
yolda kiçik və aralıq məqsədlərdən keçərsiniz. Aralıq məqsədlərə nail
olmaq üçün hansı məqsədlərdən istifadənin daha zəruri olmasını
ölçüb-biçin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü
ruhlandırmağa və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan
qorxmayın, çünki sizi heç kim eşitmir.
Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün,
ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik
piramidasının zirvəsiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz,
Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət,
həyatınızın aktiv yaradıcısınız. Əgər siz özünüzə inamlısınızsa, onda
maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik
edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, "necə yaşamaq
lazımdır fikri" ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına
baş vuracaqsınız.