Nəyi necə yemək lazımdır?

Müəllif: Antikvar
Şərhlər: 2
Baxılıb: 1 906
Səs ver:
(səs: 0)
Düzgün qidalanma insanların həyat və fəaliyyətinə təsir edən ən mühüm amillərdən biri kimi daim diqqət mərkəzindədir. Dünyanın çoxsaylı problemləri arasında uşaq və yeniyetmələrin, ümumiyyətlə gənc nəslin qidalanmasındakı xoşagəlməz vəziyyət də özünəməxsus yer tutur. Piylənmə, düzgün seçilməyən qidanın insan orqanizmində yaratdığı fəsadlar, bəzi yemək və içkilərin çox istifadəsindən yaranan xəstəliklər, ekoloji təmiz olmayan məhsullardan istifadə ilə yanaşı, son zamanlar doğru olmayan qidalanmanın hətta xərçəng yaratma riskinin sürətlə artması narahatlıq yaradır.

Ölkəmizdə də bu baxımdan vəziyyət ürəkaçan deyil. Bir çox hallarda nə yemək, nə vaxt yemək və nə qədər yemək ölçülərinə diqqət etməməyimizdən ortaya çıxan problemlər ya arxa plana keçirilir, ya da ümumiyyətlə ciddiyə alınmır. Nəticə isə özünü biruzə vermək üçün o qədər çox gözləmir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Azərbaycan əhalisinin 25 faizi piylənmədən əziyyət çəkir. Dünya alimlərinin apardığı çoxsaylı araşdırmalardan gəlinən ümumi nəticədə isə bildirilir ki, piylənmənin əsasını ana südü əmməyən uşaqlara verilən süni qidalar, eləcə də məktəbyaşlı uşaqlar arasında fast — food qidalanma təşkil edir.

Mütəxəssislər uşaqları qorumaq üçün onların qida rasionuna meyvə-tərəvəz, ağartı məhsulları daxil etməyi, kartof çipsləri, mütəmadi olaraq istifadə edilən yağlarda bişirilən un məmulatlarını, ayaqüstü yeməkləri isə menyudan çıxarmağı tövsiyyə edir. Xüsusilə də zehni fəaliyyəti artıq olan uşaqların qidalanması diqqət tələb edir ki, bu zaman gün ərzində hər bir insan üçün tələb edilən qədər kalori almaq və daha sonra artıq çəkidən əziyyət çəkməmək üçün artıq kalorilərdən yaxa qurtarmaq vacibdir. Doğrudur, Azərbaycan anası ailəsinin qidalanmasını daim diqqətdə saxlayır. Xüsusən də əgər söhbət uşaqlardan gedirsə. Amma etiraf edək ki, yemək yox, nə yemək önəmlidir və anaların çox zaman diqqət yetirmədikləri məqam da məhz budur.

Uşağın ac qalmaması bəzən daha ön plana keçərək məhz hansı yeməyin müqabilində ac qalmamaq anlayışını üstələyir. Digər tərəfdən, uşaqlar müəyyən yaşlardan sonra ailənin xəbəri olmadan da qidaların qəbuluna başlayırlar ki, bura da əsasən çipslər, qazlı içkilər və s. daxildir. Məsələn, Amerikada şagirdlər gündəlik enerji ehtiyaclarının 40 faizindən çoxunu kimyəvi şəkərli içkilərdən alırlar. Bu təhlükəni nəzərə alan Fransa məktəblərində şəkərli, qida dəyəri az, kalorisi çox yemək və içki satan avtomat maşınlarından istifadə olunmur.

Uşaq bədənində zəhəri nə toplayır?
Şagirdlər arasında keçirdiyimiz kiçik bir sorğu ilə onların daha çox nə yeməyə meylli olduqlarını aydınlaşdırmaq çətin olmadı. Maraqlıdır ki, sorğuda iştirak edən uşaqlar yaşlarından asılı olmayaraq əsasən eyni məhsulların adlarını çəkdilər ki, bu siyahıda da əsasən orqanizm üçün ziyanlı məhsullar yer alır. Belə ki, tərkibində yüksək miqdarda şəkər, yağ, duz və süni kimyəvi əlavələr olan yemək və içkilər uşaqların sevimli qidalarıdır. Halbuki qazlı içkilərin tərkibində yüksək miqdarda şəkər və süni dadvericinin, boya və qoxu üçün istifadə olunan kimyəvi maddələrin olduğu məlumdur.

Vafli və şokoladda da yüksək miqdarda şəkər və soya yağından istifadə edilir. Bu məhsulların da tərkibində ləzzət, rəng və qoxu verən süni kimyəvi maddələr az deyil. Uşaqların sevimli qidası hesab edilən çipslərə isə özəlliklə diqqət yetirmək lazımdır. Hazırlanmasında kartofla yanaşı, qarğıdalıdan da geniş istifadə olunan bu məhsulun məktəb bufetlərində satışı bir çox ölkələrdə qadağan edilib. Çünki çipsin hazırlanmasında istifadə olunan xammalın adı genetik modifikasiya olunmuş məhsullar sırasında çəkilir. Çipsin hazırlanmasında kimyəvi duz, yüksək miqdarda yağ və süni kimyəvi ekstraktlardan istifadə olunması isə təhlükəni daha da yaxınlaşdırır.

Kolbasa və sosislərin tərkibi natrium nitrit, duz və digər zərərli maddələrlə “zəngindir”. Kartof və ya ət kökələrinin bişirildiyi yağ uzun müddət istifadə edildiyindən və hazırlanması zamanı sanitariya qaydalarına çox da əməl olunmadığından aclıq hissini dəf etsə də, gələcək üçün həyəcan siqnalı da çalır.

Və nəhayət uşaqların, elə böyüklərin də aclığı yox etmək üçün ən çox istifadə etdikləri qida — dönərdən danışaq. Son illər istifadəsi geniş yayılmış, tez və asan hazırlanan, eləcə də ucuzluğu ilə insanların diqqətini cəlb edən dönərlər əsasən metan qazı ilə bişirilir ki, bunun da orqanizm üçün yarada biləcəyi təhlükələr az deyil. Doğrudur, son zamanlar paytaxtda “köz dönəri” reklamı yayılır, lakin bu da həmin qidanın hazırlanması zamanı bütün tələblərə əməl edildiyini söyləməyə əsas vermir. Beləliklə, sorğuda iştirak edən uşaqların ən çox xoşladıqları və istifadə etdikləri qidaların siyahısına nəzər saldıq. Təhlükə mənbəyi olan bu qidalardan istifadənin qarşısını almaq mümkün deyil, buna nail olmaq üçün ailədə və məktəbdə düzgün qidalanma, qida rejimi barədə mütəmadi maarifləndirmə işi aparılmalıdır. Valideynlər bir çox hallarda ya övladlarının yedikləri məhsulların zərəri barədə bilmir, ya da bildiyi halda ondan istifadənin qarşısını almaq iqtidarında deyil. Bunu da bizimlə söhbətində valideynlər özləri söylədilər.
Bir tərəfdə piylənmə riski, bir tərəfdə kalori ehtiyacı

İndi isə barəsində daha ciddi düşünməli olduğumuz başqa bir məsələ barəsində danışaq. Yeniyetmələrin qida rejimi barədə. Bu mövzunun diqqətimizi cəlb etməsinin öz səbəbləri var. Mövzunun qəhrəmanları əsasən yuxarı sinif şagirdləridir, o şagirdlər ki, məzun olub tələbə adını qazanmağa hazırlaşırlar. Gələcəyin tələbələrinin bu günü həyəcan, streslə doludur. Üstəlik də bu həyəcanı, narahatlığı düzgün qidalanmama müşayət edərsə, vəziyyətin heç də xoşagələn olmadığı fikri ilə razılaşarsınız.

Məsələ burasındadır ki, bu yaş qrupunda olanlar xüsusi diqqət və qayğı tələb edir. İngiltərədə qidalanma ilə əlaqədar elmi məsləhət komitəsinin rəyinə görə, insanlarda gündəlik kalori miqdarını artırmağa ehtiyac var. Belə ki, qurumun hesablamalarına görə qadınlar gündəlik 2 min, kişilər isə 2500 kalori almalıdırlar. Beləliklə də qadınlara indiyə qədər bu ölkədə irəli sürülən miqdardan 320, kişilər üçünsə 400 artıq kalori almasının vacibliyi vurğulanıb. Bütün dünyada artıq kalori probleminin olduğu bir zamanda qurumun bu araşdıması ölkədə etirazlara da səbəb olub. Çünki bu halda piylənmə xəstəliynin daha çox yayılması riski də artmış olur. Amma ingilis alimləri belə hesab edirlər ki, insan yeriyərkən, çalışarkən və hətta düşünərkən də kalori xərcləyir, buna görə də artıq kaloridən qorxmağa dəyməz.

Lakin kalorinin nə qədər alınmasından daha çox, nələrdən alınması daha əsasdır. Biz də bir neçə həmsöhbətimizə gün ərzində nə yediyi ilə bağlı sual ünvanladıq. Həmsöhbətlərimizi “onbirincilər” arasından seçməyimiz təsadüfi olmadı. Onların gün rejimi digər uşaqlara nisbətən daha gərgindir. Məktəblə yanaşı, ali məktəbə hazırlaşdıqlarından onların daha çox enerjiyə ehtiyacı var. Lakin söhbətlərimiz göstərdi ki, bu yaş qrupunda olan uşaqların qidası heç də tələb olunan səviyyədə deyil.

Bir şagirdin nümunəsi
Şahnaz 11-ci sinfi yenicə başa vurub. Həftənin bazar günü də daxil olmaqla bütün günlərində repetitorla imtahana hazırlaşır. Əksəriyyət kimi o da müəllimlərin evinə getmək məcburiyyətindədir və deməli, gününün bir hissəsi də yolda keçir. Fiziki və zehni fəaliyyətə davam gətirmək üçün qida dəyəri yüksək olan məhsullardan istifadə etməlidir. Lakin o bunu edirmi? Gəlin Şahnazın gündəlik qida cədvəlinə baxaq.

Səhər yeməyi — şirin çay, pendir və ya kəsmik. Nadir hallarda 1 ədəd yumurta.

Günorta — həftənin 3 günü məktəbdən birbaşa müəllim yanına getdiyi üçün evdən gətirdiyi buterbrod, yaxud dönər, kola və ya ayran. Həftənin bir günü arada bir saat boşluq olduğu üçün yeməyi məktəbin yaxınlığındakı kafelərdə yemək imkanı var. Bunun üçün ona 5 manat ayrılır, lakin o, pulun hamısını xərcləməyib əsasən dönər, qutab və bu kimi yeməklərlə kifayətlənir. Həftə sonu günorta yeməyini evdə yeyir. Çünki həm hazırlıq cədvəli buna imkan verir, həm də anası həmin günlər evdə olduğundan yeməklərə diqqət edir.

Axşam yeməyi – toyuq və ya ətdən hazırlanan, əsasən quru yeməklər, tərəvəz.

Menyuda nələr olmalıdır?
Şahnaz gün ərzində süd, ağartı məhsullarını, demək olar ki, qəbul etmir. Maye qəbulunda qazlı içkilərə üstünlük verir. Lakin son zamanlar anasının təkidi ilə bu içkiləri ayranla əvəzləyir. Bir çox həmyaşıdları kimi Aytac da meyvə yeməyə həvəskar deyil, bunun əvəzində kiçik həcmli meyvə sularından istifadə edir. Qış aylarında anası səhərlər ona təzə çəkilmiş təbii meyvə suyu hazırlasa da bu həmişə baş vermir. Çünki vaxt və əlavə xərc tələb edir.

Bu yalnız bir şagirdin nümunəsidir, amma ümumiləşdirilməsi mümkün olan nümunədir. Halbuki mütəxəssislər gündəlik qida cədvəlində aşağıdakıların olmasını vacib hesab edirlər: Gündəlik enerji ehtiyacının 55 — 60 faizi karbohidratlardan, 15 — 20 faizi proteinlərdən, 30 faizi isə yağlardan təşkil olunmalıdır. Yağ seçimi zamanı yeməklərə əlavə edilən yağların bərabər miqdarda qarışdırılması məsləhət görülür. Zeytun yağı, qardığalı yağı kimi bitki yağlarına seçimdə üstünlük verilməlidir. Çünki Omega 3 və Omega 6 kimi yağ turşuları uşaqlarda göz və beynin inkişafına, orqanizmin möhkəmlənməsinə, ürək — damar xəstəlikləri risqinin azalmasına səbəb olur. Bunun üçün uşaqlara kələm, yaşılyarpaqlı tərəvəzlər, paxlalı bitkilər, balıq, qoz-fındıq mütəmadi olaraq verilməlidir.

Günlük kalori miqdarına gəlincə isə, bu, yaşa görə dəyişir. 4 — 6 yaşlı uşaqlarda 1800 kalori, 9 — 12 yaşlı oğlanlarda 2100, qızlarda 1700 kalori, 13 — 18 yaşlı uşaqlarda isə bu miqdar müvafiq olaraq 2500, 2100-ə qədər yüksələ bilir. Mütəxəssislərin sözlərinə görə, tək tip qida çox zərərlidir. Gündə bir yumurta, bir-iki kibrit qutusu qədər pendir, 2-3 kotlet və ya ət dilimi, 500 millilitr süt və ya qatıq, 2 pors göyərti, 2 — 3 pors meyvə yeyilməlidir. Bu qidaların mütəmadi olaraq istifadəsi orqanizmin möhkəmlənməsinə yardımçı olur. Bəlkə elə buna görədir ki, qədimlərdə “can boğazdan gəlir” deyirmişlər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri