Aloe bitkisinin faydası

Müəllif: adsiz-a
Şərhlər: 10
Baxılıb: 3 817
Səs ver:
(səs: 4)
Bu bitkini "ev həkimi" adlandırırlar. Aloe bitkisi müxtəlif xəstəliklər zamanı istifadə olunur.
Farmasevtik sənaye bu bitkinin əsasında müxtəlif dərman preparatları, körpələr üçün olan müxtəlif yağlar, kremlər və s. hazırlayır.
Araşdırmalar nəticəsində məlum olub ki, aloenin tərkibində 200-dən artıq bioloji aktiv maddələr var - vitaminlər, mikroelementlər, aminturşular, fitonsidlər, fermentlər və s.
Aloe (bu bitkini "aloe vera" da adlandırırlar) güclü yarasağaldan təsirinə malikdir. Dəridə olan yaraları bu bitkinin köməyi ilə tez bir zamanda sağaldmaq mümkündür. Bunun üçün bitkinin ən qalın yarpaqları (onlar aşağıda yerləşir) istifadə olunur. Yarpaq yuyulur, üzərində olan nazik pərdə soyulur və yarpaq yaranın üzərinə qoyulur.
Aloe yarpağı həmçinin yanıqların sağalmasını sürətləndirir, ağsızlaşdıran, mikrob və iltihabəleyhinə təsirinə malikdir. Sübut olunub ki, aloe bitkisi stafilokokklar, streptokokkları, göbələkləri məhv edir.
Aloe yalnız dərinin üzərində olan yaraları yox, daxildə olan yaraları da sağaldır. Aloe şirəsi mədə və 12 barmaq bağırsağı xoraları və eroziyaları zamanı geniş istifadə olunur. Şirə xoraların və eroziyaların sağalmasını sürətləndirir. Aloe şirəsinin balla qarışığı bu xəstəliklər zamanı ən təsirli və sınanmış xalq təbabəti üsullarından biri sayılır.
Bu təbii dərmanı hazırlamaq üçün aloenin qalın yarpağı götürülür, tənzifə bükülür və 3-4 gün ərzində soyuducuda saxlanılır. Daha sonra yarpaq yaxşı yuyulur, üzərində olan nazik pərdə soyulur və yarpaq blenderdə əzilir. Alınmış kütlə bir neçə lay tənzifdən sıxılır. 2 xörək qaşığı aloe 1 xörək qaşığı balla qarışdırılır və səhər tezdən qida qəbulundan əvvəl qəbul edilir. Müalicə kursu 10-15 gündür.
Aloe şirəsi ilə bal həm də yüksək immunitet stimullaşdırıcı təsirinə malikdir. Soyuq fəsillərdə bu sadə vasitə sizi respirator xəstəliklərdən qoruyacaq.
Aloe şirəsini həmçinin rinit (zökəm) zamanı buruna damızdırmaq olar. Boğaz ağrısı, tonzillit (angina), stomatit (ağız boşluğu iltihabı) zamanı aloye şirəsi ilə qarqara çox yaxşı müalicəvi təsir edir.
Aloe şirəsinin güclü işlədici təsiri var. Qəbizlikdən əziyyət çəkən insanlar aloe şirəsini müalicəvi vasitə kimi istifadə edə bilərlər.
Aloe kosmetologiyada da geniş istifadə olunur. Bu bitkinin şirəsi üz dərisinin müxtəlif problemlərlə (civzələr, irinliklər və s.) mübarizədə yaxşı kömək edir. Aloe şirəsi müxtəlif təmizləyici və ağardıcı kosmetik maskalara daxildir. Ev şəraitində bu kimi təmizləyici maskanı hazırlamaq olar: 2 xörək qaşığı mavi gil + 2 xörək qaşığı su + 2 xörək qaşığı aloe şirəsi, yaxşı qarışdırın və üzünüzə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
Problemli dəri üçün bu kimi losyon da hazırlamaq olar. İri aloe yarpağı soyulur, blenderdən keçirilir və üzərinə 50 qr tibbi spirt əlavə olunur. 1 gün keçdikdən sonra məhlul bir neçə qat tənzifdən yaxşı süzülür. Losyonu yalnız problemli yerlərə çəkin. İlk dəfə losyonu (və həmçinin maskanı) dərinin kiçik hissəsində yoxlayın, qazırtı və s. allergik reaksiya olmazsa, istifadə edə bilərsiniz.
Aloe şirəsi həmçinin dəriyə cavanlaşdırıcı təsir edir, dərinin "karkası" olan kollaqen liflərinin bərpasına kömək edir. Bu səbəbdən aloe şirəsi bir çox anti-age ("yaş əleyhinə") vasitələrin tərkibinə daxil edilir. Ev şəraitində aloe şirəsini cavanlaşdırıcı maskaların tərkibində istifadə etmək olar. Məsələn, 2 xörək qaşığı xama, 5 damcı vitamin A (apteklərdə satılır), 2 xörək qaşığı aloe şirəsi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və dəriyə qidalandırıcı krem çəkin.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 3 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri