Pediatrdan uşaq bezlərilə bağlı XƏBƏRDARLIQ: “İnfeksiyalar, iltihab, sonsuzluq”

Müəllif: Onun_Mələyi
Şərhlər: 9
Baxılıb: 4 040
Səs ver:
(səs: 0)
Müasirləşən dünyada həyatımıza sürətlə daxil olan bir çox yeniliklər var və onlardan da biri uşaq bezləridir.

Bu bezlər olmasa, körpələri saxlamaq necə çətin olardı deyə valideynlər dəfələrlə dilə gətirirlər. Adətən keçmişdə hər bir şeyin indikindən daha yaxşı olduğunu söyləyən yaşlı nəslin nümayəndələri “Eh, bez olandan sonra uşaq saxlamağa nə var ki…”, – deyə hətta qibtə hisslərini gizlətmirlər. Hazırda demək olar ki, bütün ölkələrdə analar körpələri üçün gündəlik uşaq bezlərindən istifadə edilir. Çünki körpənin dərisini daha quru saxlayır, istifadəsi rahat və asan başa gəlir, bir sözlə, anaları bir xeyli əziyyətdən azad edir. Amma illərdir uşaq bezlərinin zərərləri ilə bağlı müzakirələr də səngimək bilmir. Hətta bu bezlərdən istifadənin uşaqlar üçün gələcəkdə ciddi problemlər yaradacağı söylənilir.

Məlumat üçün bildirək ki, uşaq bezlərinin yaranması XX əsrin ortalarına təsadüf edir. Belə ki, üç nəvəsinə baxmalı olan kimyaçı-texnoloq Viktor Milz güclü sorma təbəqə hazırlayıb uşağın alt paltarına bağlayır. Daha sonra bezlər daha da təkmilləşdirilərək, kütləvi şəkildə 1961-ci ildən istifadəçilərin ixtiyarına verilir. Hazırda bir quru bezin çəkisi 50 qramdır. Ölkəmizdə ölçüsünə görə məhsulun bir ədədi 20-70 qəpiyə təklif olunur.

Pediatr Günay Rəsulova bildirdi ki, uşaq bezlərindən istifadə zamanı valideynlər diqqətli olmalıdırlar. Çünki bu vasitənin təlimata uyğun istifadə olunmaması və gərək olmadığı hallarda da taxılması gələcəkdə uşaqların sağlamlığına ciddi problemlər yarada bilər: “Əvvəlcə onu deyim ki, körpələrə ən gec 2 yaşına qədər bez taxmaq olar. Bundan sonra yavaş-yavaş tərgitmək lazımdır. Mütləqdir ki, uşaqlara hər zaman bir ölçü böyük bez geyindirilsin. Xüsusilə də oğlan uşaqlarında qan damarlarının sıxılması nəticəsində xayaların qanla qidalanması çətinləşir və bu, onlarda xaya hidropsuna, yəni su yığılmasına gətirib çıxara bilər. Xayalarda kiçilmələr baş verir və bunun da nəticəsi sonsuzluq ola bilər”.

Onun sözlərinə görə, mütəmadi şəkildə uşaqlara bezlərin taxılması onlarda böyrək, yaxud sidik yolları ilə bağlı problemləri izləməkdə çətinlik yaradır: “Yəni uşaq daim bezdə olduğu üçün onda olan iltihabi prosesləri görmək olmur. Həmçinin qızlarda da sidik yollarının, sidik kisəsinin iltihabi prosesini yaradan səbəblərdəndir”.

Həkim valideynlərə tövsiyə edir ki, uşaqlara bezi tərgitmək üçün isti ayları seçsinlər: “Çalışmaq lazımdır ki, körpənin dərisi daha çox hava görsün. Bezlərdən istifadə edən uşaqlarda kontakt dermatitin yaranmasına çox sıx rastlanır. Yəni uşağın dərisi qıcıq, bişməcə olur. Xüsusilə dərisi həssas uşaqlarda bu problem daha çox yaranır. Bəzən bu bezlər sintetik materialdan hazırlanır ki, bunun da fəsadları çoxdur. Valideynlər bu problemlərlə qarşılaşmamaq üçün daha keyfiyyətli məhsuldan istifadə etməlidirlər".

Görünən isə odur ki, yuxarıda sadalanan problemlərdən əsaslı çıxış yolu körpələrə mümkün olduğu qədər tez tualet vərdişinin öyrədilməsidir. Dünya Pediatrlar Assosiasiyası tərəfindən uşaqları güvəcə alışdırmaq üçün 2-3 yaş arası məsləhət görülür. Ümumiyyətlə, bu məsələ hər bir uşağın həm fiziki, həm də psixoloji olaraq hazır olması ilə bağlıdır. Mütəxəssislər bildirir ki, 12 aya qədər heç bir uşaq təbii ehtiyacını istəkli olaraq idarə edə bilmir. 12-18 aylarda isə çox azı idarə edə bilər. Bir çox uşaq 18-24 aylarda buna hazır ola, bəzilərisə 30 ayında belə, hazır olmaya bilər. Onlar bildirir ki, uşağın ayaqyolu təhsili üçün hazır olub-olmadığını müşahidə edərək anlamaq mümkündür. Əgər uşaqların altı gündüzləri 2 saatdan artıq və yatarkən quru qalırsa, üz ifadəsi, hərəkətləri və ya danışmasıyla, sidiyin gəldiyini dərhal müəyyən edirsə, çirkli bezdən narahat olub, altının dəyişdirilməsini istəyirsə, deməli, ayaqyolu təhsilinə hazırdır.

Psixoloqlar isə uşaqların tualet təhsili prosesində onlarla diqqətli davranmaq lazım olduğu qənaətindədir. Belə ki, valideynlər daha səbrli olub bu işi bir oyuna belə çevirə bilərlər. Məsələn uşaqların ayaqyolu istəyini zamanında bildirməsini kiçik hədiyyələrlə mükafatlandırmaq olar. Yaxud onun xoşladığı formada, rəngdə olan güvəci seçməklə, paltarlarının daha asan çıxarılan olması və uşağın qəza etdiyi zaman onu danlamamaq bu təhsilə daha tez öyrənməsi üçün bir addım sayıla bilər.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 040
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri