"Gün ərzində mağazamıza 20-25 qadın müraciət edir. Bizdə paltarların
maksimum ölçüsü 60-dır. Amma elə qadınlar olur ki, bu ölçü də onlara
balaca olur. Şikayət edirlər ki, "niyə daha böyük bədən paltar
gətirmirik”. Bu sözləri paytaxtda böyük bədən paltarlar satan
mağazalardan birinin satıcısı deyir. Üzərinə elə satdıqları paltarların
ölçüləri kimi böyük hərflərlə "Böyük bədən qadın paltarları” yazılan
mağazaların artması diqqət çəkir.
Bu artım həm də onlara olan
ehtiyacdan xəbər verir. 10 il əvvəl paytaxtda yeganə böyük bədən
mağazası satışın aşağı olmasından bağlanmışdı.
İndi
isə mağaza satıcıları alıcı sayından razılıq edirlər. Satıcılar razı
olsalar da, köklər bu əziyyət hər addımdan, ilk növbədə isə paltar
axtararkən hiss edirlər. İstədiyi paltarı geyinə bilməmək, ancaq böyük
bədən mağazalardan paltar almaq heç də xoş hiss deyil. Paltar almaq
onlar üçün əsl əzaba çevrilir. Bundan başqa piyada gəzmək, pilləkən
qalxmaq, iş görmək də ilkin problemlərdəndir. Amma ən asası isə artıq
çəki bir çox xəstəliklərin əsas səbəbidir. Artıq çəkinin yaratdığı
şəkərli diabet xəstələrinin sayı 2005-ci ildə 56 min idisə, 2012-ci ildə
bu rəqəm 163280-dir.
Aparılan araşdırmalara əsasən, Azərbaycanda
60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir. Azərbaycanda insanlar
arasında artıq çəki 35,8 faiz, piylənmə isə 21,9 faiz təşkil edir.
Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən
qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur.
"Qırmızı xətt” layihəsində artıq çəki yaranma və ondan xilas səbəblərini
araşdıracağıq.
Qonşu ölkələrdə də vəziyyət heç də ürək açan
deyil.15 yaşdan yuxarı insanlar arasında aparılmış araşdırmaya əsasən,
Amerikada əhalinin 33.8, Meksikada 30, Avstraliyada 24.6, Kanadada
24.2%-i piylənmədən əziyyət çəkir. Piylənmənin ən az olduğu ölkələr isə
3.8%-lə Koreya, 3.9%-lə Yaponiya, 8.1%-lə isə isveçrədir. Qonşu
Türkiyədə də vəziyyət ürəkaçan deyil. Bu ölkədə 15 yaşdan yuxarı
əhalinin 17%-nin piylənmə problemi var. 15 yaşa qədər isə bu 5 faiz
təşkil edir.
Araşdırmalara görə, yetişkin kişidə bədən
ağırlığının 15-18%-i, qadınlarda isə 20-25%-i piy təbəqəsi təşkil edir.
Kişilərdə bunun 25, qadınlarda isə 30%-dən çox olması piylənmə hesab
edilir.Dünya üzrə göstəricilərə gəldikdə isə piylənmənin göstəricisi
1980-ci ildən bu günədək iki dəfə artıb. Dünya üzrə 43 milyon uşaq artıq
çəkidən əziyyət çəkir. Piylənməyə məruz qalan və artıq çəkili insanlar
dünyada 5-ci dərəcəli ölüm riskinə aid edilirlər. Hər il dünyada 2,8
milyon insan artıq çəki və piylənmədən dünyasını dəyişir.
Gündə 400 qram və Super nəticə
Azərbaycanda
artıq çəkinin müəyyən olunması üçün araşdırma aparan İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin Səhiyyə Siyasəti və İslahatlar şöbəsinin müdiri
Töfhə Cəmilova faizin bu qədər yüksək olmasının səbəblərindən
danışdı:"Bu araşdırma həm Bakı, həm də iqtisadi rayonları əhatə edirdi.
Əhalinin 60%-dən çoxu artıq çəkidən əziyyət çəkir ki, onların 25%-dən
çoxunda isə piylənmə müşahidə olunur. Bu ölkədə ilk araşdırma olduğuna
görə, rəqəmin artıb-azaldığını demək çətindir. Amma bu cür
monitorinqlər daim aparılmalıdır ki, risk faktorunun qarşısını almaq
mümkün olsun. Düzdür, araşdırma 18 yaşdan yuxarı olanlar götürülüb. Amma
məktəblilər arasında da bu cür monitorinqlər aparılmalıdır.
Faizin
bu qədər yüksək olmasının əsas səbəbi qeyri-sağlam qidalanma ilə
əlaqədardır. İnsanların əksəriyyəti meyvə-tərəvəzdən normal istifadə
etmir. Baxmayaraq ki, ölkəmizdə bu məhsulların çatışmazlığı problemi
mövcud deyil. Sorğu iştirakçıları həftədə 4-5 dəfə meyvə tərəvəz
yediklərini bildirdilər, baxmayaraq ki, hər gün ən azı 400 qram
miqdarında qəbul etməlidirlər. Hətta qəbul edənlər belə bu normaya əməl
etmirlər”.
T.
Cəmilova onu da vurğuladı ki, insanlar əsasən, kərə yağı və
marqarindən istifadə edir. Həmçinin fast-food qidalardan çox qəbul
edirlər. Duz və turşulardan çox istifadə də artıq çəkiyə səbəb olur.
Turşular, sənaye məhsullarının tərkibindəki gizli duzlar bədənə toplanır
və çəkinin artırır. "Amma insanların əksəriyyəti qidalanma
normalarından xəbərsizdir. Məlumatı olanlar da riayət etmirlər.
Uşaqlar
arasında da artıq çəkidən əziyyət çəkənlərin sayı çoxdur. Valideyn
normal qidalanmadığına görə, uşaqlarda da bu vərdişlər formalaşmır.
Məktəblər bufetlərində əsasən qeyri-sağlam qidalar istifadə edilir.
Onların tərkibi sadə şəkər, yüksək səviyyədə duz, doymuş yağlar var.
Normadan yüksək çəki ilk növbədə ürək-damar, şəkərli diabet, infakt,
insult kimi xəstəliklərə səbəb olur. Xüsusən də, şəkərli diabet
xəstələrində yüksək çəki əsas səbəblərdəndir”.
Bədən Çəki İndeksiniz neçədir?
Bədən çəki indeksinin 16 olması çəki defisiti, 16,5-18,49 bədən çəkisinin az olması, 18,5-24,99
normal
çəki, 25-29,99 çəki artığı (piylənmədən əvvəlki vəziyyət), 30-34,99
birinci dərəcəli piylənmə, 35-39,99 ikinci dərəcəli piylənmə, 40 üçüncü
dərəcəli piylənmə hesab olunur. Hər bir insan boyunu, bədən çəkisini
bildikdən sonra formulaya əsasən bədən çəki indeksini hesablaya bilər.
Bəs bədən çəki indeksimizi necə müəyyən edək?
Bunu
müəyyən etmək heç də çətin deyil. Bədən çəki indeksi bədən çəkisinin
boyun kvadratına (mertlə) bölünməsindən alınır. BÇİ= bədən çəkisi
(kq)/boy (m)2.
Məsələn, bədən çəkiniz 92 kq, boyunuz 1.75 mertdirsə, bu zaman onun çəki indeksi 30 olacaq.
BDİ- 92/(1.75*1.75)=30
Deməli, piylənmədən əziyyət çəkirsiz.
"Bütün xəstəliklərin əsas səbəbi piylənmədir”
Çəkinin
artması insanın qəbul etdiyi kalorinin, xərclənən enerjidən azdırsa, bu
artıq piylənmənin başlıca səbəbidir. Amma qidalanma məsələsinə fərdi və
yaşa görə, yanaşmaq lazımdır. Enerji kalori bölümü yaşa görə bölünür.
18-29, 30-39, 40-59 yaş arası insanların işinə və cinsinə görə kalori
qəbulu müxtəlifdir. Məsələn, zehni əməklə məşğul olan 18-29 yaş arası
qızlar üçün gündəlik kalori qəbulu miqdarı 2000, kişilər üçün isə 2450
kaloridir. İdeal pəhriz qəbul edilən kalorinin miqdarının düzgün müəyyən
olunmasından asılıdır.
Dietoloq, Azərbaycan Tibb
Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri
İbrahim Əhmədov piylənmənin genetik, patoloji, qidalanma ilə əlaqədar
olduğunu bildirdi:"Bizdə piylənmə daha çox qidalanma ilə əlaqədar olur.
İnsanlar sağlam qidalanmaq istəmir. Sağlamlıq üçün ən zərərli qidalar -
şəkər, duz, ağ undan imtina etmirlər. Uşaqlar makaron, kartof
yediklərinə görə, onlar arasında da piylənmə artıb. Erkən yaşda piylənmə
isə daha təhlükəli hesab olunur. Nəticədə, piylənməyə şəkərli diabet,
hipertoniya, beyin-qan dövranı pozunmasına kimi xəstəlikləri də özü ilə
birlikdə gətirir. İnsanlar bilməlidir ki, bütün xəstəliklərin əsas
səbəbi piylənmədir”.
Ekspert onu da bildirdi ki, arıqlamaq üçün
fiziki fəallığı artırmaq, qidanın miqdarını azaltmaq lazımdır. Bununla
artıq çəkidən xilas ola bilmirlərsə, pəhriz saxlamalıdır.
"Pəhriz
seçilərkən həmin insanın metobolizması nəzərə alınmalıdır. Bu məsələdə
fərdiliyə diqqət edilməsi başlıca prinsipdur. Düzgün istiqamət
seçilərsə, müsbət nəticə əldə olunacaq. Kiminsə dediyinə uyğun saxlanan
pəhriz çəki itirmənizə səbəb olsa da, ömür boyu əzab çəkəcəyiniz, ya da
ölümünüzə səbəb olacaq nəticələr verə bilər.
Pəhriz saxlayanlar
qidanın miqdarını yox, kalorisini azaldıb, hərəkətliliyi artırsalar,
qısa zamanda müsbət nəticə əldə edəcəklər. Təkcə pəhrizlə çəkini
azaltmaq mümkün deyil. Bu müvəqqəti ola bilər”.
Yaz arıqlamaq
üçün ən ideal dövr hesab olunur. Yayda istədiyiniz paltarı geyinməyiniz
üçün indidən fəaliyyətə başlamalısız. Amma arıqlayacağam deyərək
sağlamlığınıza da zərər vurmayın.