Hamiləlik dövründə ultrasəs müayinəsinin əhəmiyyəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 22 954
Səs ver:
(səs: 0)
Mamalıq – ginekologiya sahəsində ultrasəs müayinə üsulunun istifadə edilməsi bu sahədə aparılan müayinələri və ən əsası dölün ana bətnində inkişafının izlənməsini kəmiyyət və keyfiyyət baxımından yeni bir pilləyə qaldırdı. Uzun illər ərzində ultrasəs müayinə usulunun təbabətdə istifadə olunmaması, mamalıq təcrübəsində dölün ana bətnində inkişafını başqa müayinə üsulları ilə izlənməsində bir sıra çətinliklər törədirdi. Hər zaman təcrübəli həkimlər hamilə qadının orqanizminə və onun gələcək övladına zərərsiz təsirə malik olan, əksgöstərişləri olmayan, texniki baxımından istifadə üçün çox sadə və eyni zamanda hamilə qadını dinamik izləmək imkanı yaradan müayinə üsuluna ehtiyac duyurdular - tam məsuliyyətlə demək olarki bu göstəricilərə ultrasəs müayinəsi cavab verir.
Ultrasəs müayinəsi- ultrasəs şualarının müxtəlif orqan və toxumalar tərəfindən udub və əksetdirmə qabiliyyətindən asılı olaraq alınan təsvirin sonradan analizinə əsaslanan müayinə üsuludur. Ultrasonografiyanın digər diagnostika üsullarından fərgli olaraq üstün cəhətləri çoxdur:

1. Zərərsiz olması- cox sayda aparılmış tədqiqatlar göstərir ki, ultrasəs şüalarının ana bətnində inkişaf edən dölün müxtəlif strukturlarına, habelə ananın orqanizminə neqativ şualanma təsiri yoxdur.
2. Müayinənin ağrısız və eyni zamanda tez bir vaxtda aparılması.
3. Ən əsas döldə yaranan müxtəlif inkişaf qüsurlarını erkən vaxtda aşkarlamaq
imkanı yaradır.

Ultrasəs müayinəsinin tarixi keçən əsrin 30- cu illərindən başlamasına baxmayaraq mamalıq- ginekologiya sahəsində bu müayinənin uğurlarını 60- cı illərin əvvəllərindən qeyd etmək olar. Beləki 1961 ildə Yan Donald ilk dəfə sadə ultrasəs avadanlığın vasitəsi ilə dölün baş ölçülərinin və bir sıra beyin toxumasında yerləşən strukturlarını təsvir etmişdir. Daha sonra bu illərdə bir çox ölkələrdə istifadəyə verilmiş ultrasəs avadanlıqların köməkliyi ilə - hamiləliyin təyin edilməsi, dölün ürək vurğularının müşahidə edilməsi, ciftin yerləşməsi barəsində müxtəlif araşdırmalar həyata keçmişdir. Alınan nailiyyətlər keçən əsrin 70- ci və 80- ci illərdə belə öz əhəmiyyətini itirmədi. Bu illər ərzində döldə yaranan bir sıra inkişaf qüsurları ilkin olaraq təyin edildi. Zaman keçdiqçə ultrasəs müayinəsində istifadə edilən avadanlıqların müasirləşməsi bu üsulun mamalıq- ginekologiya sahəsində imkan dairəsini genişləndirdi. Hər il mamalıq- ginekologiya sahəsində ultrasəs müayinəsinin istifadəsi barəsində keçirilən konfranslar bunu sübut edir ki ultrasəs müayinəsi dölün ana bətnində inkişafını izlənilməsi üçün əvəzolunmaz bir üsuldur. Müasir dövrdə tam qətiyyətlə demək olar ki ultrasəs müayinəsi kompyuter tomoqrafiyası və eləcədə nüvəli maqnit rezonansı kimi üsullarla yanaşı tibbin bir çox sahələrində geniş istifadə edilir.Yalnız, bu nailiyyətlərə baxmayaraq hər bir hamilə qadın müayinəyə gəldikdə ilk növbədə ultrasəsin mənim körpəmə bir ziyanı varmı? deyə maraqlanır. Təbiyi ki yox- ultrasəs müayinəsi rentgen deyil və dölün müxtəlif orqanlarına heç bir ziyanlı təsiri yoxdur. Hər bir hamilə qadın hamiləlik dövründə minimal olaraq 4 dəfə ultrasəs müayinəsindən keçməlidir:

1. Hamiləliyin 7- ci həftəsinə qədər- bu ərəfələrdə ultrasəs müayinəsi bizə normal hamiləliyi uşaqlıq boşluğunda təsdiq etməyə və bu muddətlərdə baş verən bir sıra patologiyaları aşkarlamağa imkan yaradır.
2. Hamiləliyin 12- 13 həftəsində- bu müddətlərdə aparılan ultrasəs müayinəsində döldə yaranmaq ehtimalı olan inkişaf qüsurlarını aşkar etmək mümkündür.
3. Hamiləliyin 20- 25 həftələrində – döldə 90 % qədər yaranan inkişaf qüsurlarını aşkar etmək üçün ən optimal vaxt hesab edilir. Bu həftələrdə dölün ana bətnində bütün orqan və sistemlərinin formalaşmasını və eləcədə dölün ana bətnində inkişafını izləmək mümkündür.
4. Sonuncu müayinə doğuşa yaxın yəni 37- 38 həftələrdə aparılmalıdır.

Hamilə qadınlar üçün bu həftələrdə aparılmış ultrasəs müayinəsinin sayca ən minimal həddidir. Əgər hamiləlik dövründə hamilə qadınlarda müxtəlif patoloji hallara şübhə olarsa məsələn: gestoz, hamiləlik nefropatiyası,və yaxud döldə yarana biləcək inkişaf qüsurları, bu zaman ultrasəs müayinəsinin sayı bir neçə dəfəyə qədər artırıla bilər.
Bütövlüklə hamiləlik dövrü üç əsas trimesterdən ibarətdir. Hamiləliyin hər bir trimesterində ultrasəs müayinəsini aparılmasında məqsəd ana bətnində dölün inkişafını izləmək və burada əmələ gəlmiş inkişaf qüsurlarını erkən dövrdə aşkar etməkdir.

Hamiləliyin 1-ci trimestrində ultrasəs müayinəsi
Ultrasəs müayinəsinin ən vacib üstünlüklərindən biri məhz onun hamiləliyin erkən dövründə istifadə edilməsidir. Exografiya usulu bizə nəinki normal hamiləliyi təsdiq etməyə, eyni zamanda embrion- ruşeymin inkişafinı, onun artmasını və muxtəlif orqanlarının anatomik strukturlarını izləmək imkanı yaradır. Bununla yanaşı məhz bu dövrdə uşaqlıqdan kənar hamiləlik, beçəxor xəstəliyi və inkişafdan qalmış hamiləlik kimi patologiyaları bu müayinə üsulu ilə təyin etmək mümkündür. Uşaqlıq boşluğunda normal hamiləlik ultrasəs muayinəsi ilə 3 - 4 həftədən başlayaraq təyin edilə bilər. Erkən hamiləliyi təsdiq etmək üçün ultrasəs müayinəsi əsas iki üsulla aparıla bilər: abdominal və transvaginal üsullar ilə.

 

Erkən hamiləlik 4həftə Erkən hamiləlik transvaginal müayinə
Abdominal müayinə zamanı qadın müayinəyə gəlməmişdən əvvəl maye qabul etməli və sidik kisəsi dolu olan halda ultrasəs müayinəsi aparılmalıdır. Sidik kisəsinin dolu olmasının əsas məqsədi uşaqlıq boşluğunun və həmçinin yumurtalıqların daha aydın şəkildə müayinə edilməsidir.
Son illər ərzində vaginal tipli otürücülərin ultrasəs müayinəsində istifadə edilməsi mamalıq ginekologiya təcrübəsində geniş imkanlar yaratdı. Transvaginal müayinəsinin köməkliyi ilə hamiləlik daha erkən yəni 2- 3 həftəsindən müşahidə edilə bilər. Transvaginal ultrasonoqrafiyanın ziyansız olmasını nəzərə alaraq hamiləliyin erkən dövründə, və onun müxtəlif patologiyalarını daha dərindən differensasiya edilməsi üçün istifadə edilə bilər. Digər tərəfdən məhz bu müayinə üsulu əngəl törədən bir sıra amilləri
(bağırsaq mənfəzində köp, piylənmə fakrotu, kiçik çanaq orqanlarında bitişmələr) geridə qoyaraq uşaqlıq boşluğunu daha dərindən izləmək üçün şərait yaradır. Hamiləliyin təxmini 6- 7 həftəsindən başlayaraq döl kisəsinin tərkibində embrion – rüşeyimin təyin edilməsi mümkündür. Bu göstərici ilə yanaşı ən vacib məqamlardan biri də embrionun ürək vurğularının götürülməsi və beləliklə onun həyat göstəricilərinin qiymətləndirilməsidir. Ürək vurğuları həm adi ultrasəs müayinəsinin köməkliyi ilə vizual olaraq təsdiq edilə bilər, həmçinin mütləq doppler və M- rejimi vasitəsi ilə təsdiq edilməlidir. Normal olaraq dölün ürək vurğuların sayı 120 -160 vurğu arasında dəyişə bilər.

 

Hamiləlik 8 həftə- transvaginal müayinə Ürək vurğularının təyin edilməsi- M – rejimində
Qeyd etmək lazımdır ki embrionun anatomiyası birinci trimestrin axırlarından təxmini olaraq 10-12 həftələrdə izlənilə bilər. Hamiləliyin 11-12 həftələrində bir sıra orqanları izləmək mümkündür. Onlardan baş və kəllə sümüklərinin tam formalaşmasını, beyin toxuması strukturların arasında beyin mədəciklərini, damar kələfini izləmək mümkündür. Digər orqanlardan onurğa sütunu, mədə, sidik kisəsi kimi orqanları aid etmək olar. Hamiləliyin 12- ci həftəsində dölün cincini təyin etmək mümkündür.Vurğulamaq lazımdır ki hamiləliyin birinci trimestrində bir çox orqanların kiçik olmasını nəzərə alaraq onlarda baş vermiş patologiyaları aşkarlamaq bir sıra çətinliklər törədir məsələn: ürək- qan-damar sistemi, bağırsaq traktı və digərlərini qeyd etmək olar. Hamiləliyin birinci trimestrində müayinə zamanı mütləq dölün ənsə qalınlığına fikir verilməlidir. Bu göstəriciyə əsasən döldə yarana biləcək xromosom patologiyalarını istisna etmək mümkündür. (məsələn Daun xəstəliyi). Ənsə qalınlığının ölçüsünü götürmək üçün ən optimal vaxt birinci trimerstrin axırı yəni 11-12 həftələr hesab edilir. Normal olaraq ənsə qalınlığının ölçüsü 2-3mm-dən cox olmamalıdır.

 


Hamiləlik müddəti 11 həftə.Dölün ümumi görünüşü.

 


Hamiləliyin 2- ci trimestrində ultrasəs müayinəsi
Hamiləliyin ikinci trimestrində ultrasəs müayinəsində artıq ana bətnində tam formalaşmış və bütün daxili orqanları inkişaf etmiş vəziyyətdə olan dölün müayinəsi aparılır. Hamiləliyin ikinci yarısında ultrasonoqrafiyanın aparilması üçün ən optimal vaxt 20-24 həftələr hesab edilir. Ultrasəs müayinəsi ikinci trimestrdə adətən fetometriyanın aparılması ilə başlayır. Fetometriya - dölün müxtəlif anatomik üzvlərinin olçüsünün götürülməsi adlandırılır. Alınmış nəticələrə əsasən dölün ana bətnində nə dərəcədə düzgün inkişaf etməsindən xəbər almaq olar. Olçüləri götürdüqdən sonra erkən dövürdə olduğu kimi hamiləliyin ikinci yarısında da dölün anatomiyasina fikir verilməlidir. Burada ilkin olaraq başin ümumi formasına nəzər salınır. Daha sonra kəllə sümüklərinin tamlığına və beynin daxili strukturlarına nəzər salınmalıdır. Daha sonra dölün üz cizgilərinə nəzər yetirilir- göz yuvasının formasına onun daxili ve xarici məsafəsinin ölçüsünə, burun sümüyünün tamlığina, üst ve alt çənənin tamlığina fikir verilməlidir.

 Dölün baş strukturları. Hamiləliyin 2- ci trimestri. Dölün üz cizgiləri


Qeyd etmək lazımdır ki dölün üz nahiyyəsində yerləşən orqanların müxtəlif funksiyalara malik olmasından, burada baş vermiş inkişaf qüsurları onların kombinə olunmuş funksiyasının pozulmasına və gələcəkdə dünyaya gəlmiş korpənin əlil olmasına səbəb ola bilər. Dölün onurğa sütununun müayinəsi onun bütövlüklə, uzunluq boyunca aparılmalıdır. Buna səbəb müxtəlif inkişaf qüsurları onurğa sütununun muxtəlif sahələrində baş verməsidir. Dölün ürək- damar sisteminin yoxlanılması ən vacib məsələlərdən biri hesab edilir. Bunun əsas səbəbi dünyaya gələn körpələrin bir yaşına kimi müxtəlif ürək qüsurlarından vəfat etməsidir. Müayinə zamanə ilk növbədə ürəyin normal yerləşməsini ürək kameralarının ümumi formasına, onların olçülərinə, ürək qapaqlarının vəziyyətinə fikir verilir. Qeyd etmək lazımdır ki dölün ürək- damar sisteminin yoxlaniılması avadanlıqın tərkibində olan doppler ve M- rejiminin köməkliyi ilə, əlavə aparılmalıdır. Bu müayinələrin köməkliyi ilə ürəyin əzələ qatının ölçüləri və eləcədə ürəkdaxili qan dövranı haqqında məlumat əldə etmək mümkündür. Qarın boşluğu orqanların arasında mədə, qaraciyər, böyrəklər, bağırsaq traktının müxtəlif hissələri, sidik kisəsi kimi orqanların ölçüləri mütləq hamiləliyin müddətinə uyğun gəlməlidir. Son olaraq hamiləliyin ikinci trimestrində dölün ətraf sümüklərinin quruluşuna, formasına və ölçülərinə fikir verilir. Hamiləliyin 2-ci yarisinda ultrasəs müayinəsi zamanı dölün inkişafında mühüm rol oynayan bir sıra strukturlara nəzər salınmalıdır. Onların arasında cift, dölətrafı sular və göbək ciyəsini qeyd etmək olar. Cift mürrəkəb quruluşa malik olan və eyni zamanda ana ilə dölün arasında gedən mübadilə prosseslərində iştrak edən vacib strukturlardan biridir. Ultrasəs müayinəsində ciftin əsas 3 göstəricisinə fikir verilir: ciftin yerləşməsi, qalınlığı ve daxili strukturu. Dölətrafı suların əsas funksiyası dölü ana bətnində müxtəlif travmalardan qorumaq və eyni zamanda mübadilə proseslərində iştrak etməkdir. Müayinə zamanı dölətrafı suların miqdarına və şəffafliq dərəcəsinə fikir verilməlidir. Göbək ciyyəsinin müayinəsi zamanı burada yerləşən damarların sayına fikir verilir. Normada göbək ciyyəsi 1 vena və 2 arteriyadan ibarətdir. Daha sonra damarların qan dövranına və əsasən doğuşa yaxın, dölün boyun ətrafına göbək ciyyəsinin dolanmasının olub- olmamasına fikir verilir.

Dölün ürəyi. 4kameralı təsvir. Göbək ciyyəsi - rəngli doppler rejimində

Hamiləliyin 3- cü trimestrində ultrasəs müayinəsi
Hamiləliyin 3- cü trimestrində sonuncu dəfə olaraq ultrasəs müayinəsində dölün ana bətnində inkişafının izlənilməsi aparılır. Bundan əlavə dölün gələcək hissəsini, yerləşmə vəziyyətini təyin etmək olar. Buna əsas səbəb doğuşa yaxın həkimin düzgün doğuş taktikasının seçə bilməsidir. Eyni zamanda dölün təxmini olaraq çəkisi müəyyənləşdirilir. Hamiləliyin 3- cü yarsında ultrasəs müayinəsinin əsas missiyasından biri də məhz ana- cift- döl sistem kompleksinin qiymətləndirilməsindən ibarətdir. Bunun əsasında dölün müxtəlif orqanlarının yetişkənlik dərəcəsinə, anatomik strukturlarının ölçülərinin hamiləliyin müddətinə uyğun gəlməsinə fikir verilir. Bu formada aparılmış müayinə dölün bətin daxili inkişafdan qalmasını vaxtında aşkar etməyə imkan yaradır. Qeyd etmək lazımdır ki döldə gecikmiş formada yaranan bi sıra inkişaf qüsurlarını bu müddətdə təyin etmək olar.

Hamiləlik dövründə inkişaf qüsurları
Ultrasəs müayinəsinin ən vacib məsələlərindən biridə hamiləlik dövründə döldə yaranan bir çox inkişaf qüsurlarını erkən olaraq təyin etməkdir. Qeyd etmək lazımdır ki ailədə övladın hər hansı bir qüsurla dünyaya gəlməsi hər zaman stress olaraq qarşılanır, və bu mövzu mamalıq- ginekologiya təcrübəsində qlobal problemlərdən biri olaraq qalmaqdadır. Vurğulamaq lazımdır ki, körpə inkişaf qüsuru ilə tam sağlam olan ailədə belə doğula bilər. İnkişaf qüsurların yaranma səbəbləri müxtəlifdir:

1. Hamilə qadının qanında müxtəlif virus və infeksiyaların olması.Onların arasında – sitomeqalovirus, herpes virusu, xlamidiya, ureaplazma kimi infeksiyaları saymaq olar.
2. Müxtəlif dərman vasitələrin ziyanlı təsiri.
3. Şualanma faktorları.
4. Hamilə qadının alkoqol və nikotin kimi maddələrdən istifadə etməsi.
Bununla yanaşı digər faktorların arasında qohum nigahların olması bir sıra irsi keçən xəstəliklərə yol aça bilər. Ultrasəs müayinəsində dölün müxtəlif inkişaf qüsurlarını aşkar etmək üçün ən optimal vaxt: hamiləliyin 11-13, daha sonra 20-24 və 32-34 – cü həftələr hesab edilir. Hamiləliyin 12-13 – cü həftəsində aparılmış ultrasəs müayinəsi zamanı döldə yarana biləcək inkişaf qüsurların yalnız 2-3 % aşkar etmək mümkündür. Eyni zamanda hamiləliyin bu müddətində dölün ənsə qalınlığını ölçərək bir sıra irsi keçən xəstəlikləri təyin etmək olar. Hamiləliyin 2- ci və son olaraq 3 – cü trimestrində aparılmış ultrasəs müayinəsi zamanı döldə yaranan 90% qədər inkişaf qüsurlarını aşkar etmək mümkündür. Bütövlüklə inkişaf qüsurlarını iki qrupa bölmək olar: irsi fonda əmələ gəlmiş qüsurlar-onların arasında hemofiliya,albinizm, Daun xəstəliyi və irsi fonda yaranmayan inkişaf qüsurları- anensefaliya, hidrosefaliya, anadangəlmə ürək qüsurları. Təbii ki bu bölgü nisbidir, çünki əksəriyyət hallarda inkişaf qüsurları genetik dəyişikliklər və ətraf mühitin neqativ təsiri altında yaranır. Bunu nəzərə alaraq qüsurların multifaktorial səbəblər nəticəsində əmələ gəlməsini desək yanılmarıq. Ultrasəs müayinəsi zamanı döldə inkişaf qüsurları aşkar olunduqdan sonra çox vacib məsələlərdən biri də hamiləliyi sonadək uzatmaq və ya olduğu müddətdən dayandırmaq sualları meydana çıxır. Bunu nəzərə alaraq inkişaf qüsurlarını 2 qrupa bölmək olar:
1. Dünyaya gəlmiş körpənin həyat qabiliyyətini saxlanılması mümkün olan inkişaf qüsurları. Onların arasında- dovşandodaqlıq, qurdağızlıq, polidaktiliya- yəni yuxarı və aşağı ətraflarda yerləşən barmaqların sayının çox olması, sadə formada yaranmış ürək qüsuralrı və s. Bu tip qüsurların doğuşdan sonra cərrahi üsulla tam olaraq korreksiyası mümkündür.
2. Körpənin həyat qabiliyətinin saxlanılması üçün mümkün olmayan inkişaf qüsurları. Onların arasında:
- Anensefaliya- dölün kəllə sümüklərinin və beyin toxumasının inkişaf etməməsi
- Qastroşizis- qarnın ön divarının tamlığının pozulması nəticəsində burada yerləşən
orqanların dölətrafı sulara xaric olması.
- Spina bifida- onurğa sütünunun kobud formada əmələ gəlmiş yırtıqları.
- Qarın boşluğu orqanlarında əmələ gəlmiş müxtəlif törəmələr.
- Bir neçə qüsurlardan əmələ gəlmiş mürəkkəb ürək qüsurları və digərlərinin qeyd
etmək olar.

Inkişaf qüsuru – anensefaliya İnkişaf qüsuru - dölün sifət strukturlarının ödemi


Sadalanan inkişaf qüsurlarında hamiləlik müddətindən asılı olmayaraq dayandırılır. İnkişaf qüsurlarını azaltmaq məqsədi lə aparılmış tədbirlər əsasən hamilə qadının qeyd olunmuş müddətlərdə ultrasəs müayinəsindən keçmək, qanda inkişaf qüsurlarının yaradan infeksiyaları yoxlatmaq və hamilə qadının tibbi genetik konsultasiyadan keçməsi məsləhət görülür.

Hamiləlik dövründə doppleroqrafiya
Son illər ərzində ultrasəs müayinəsində dölün inkişafını izləməklə yanaşı onun qan dövranı haqqında məlumat əldə etmək mümkün olmuşdur. Bu nailiyyətlər doppleroqrafiya adlanan üsulun köməkliyi ilə həyata keçmişdir.
Doppleroqrafiya- ultrasəs müayinəsinin köməkliyi ilə damarlarda qan dövranı haqqında məlumat verən müayinə üsuludur. Müayinə vaxtı yoxlanılan damarın mənfəzində gedən dəyişiklikləri, qan axımının surəti haqqında, onun istiqaməti haqqında tam olaraq məlumat əldə etmək olar. Hamiləlik dövründə doppleroqrafiyadan istifadə etməkdə məqsəd ana-cift –döl sistemi arasında olan qan dovranını izləmək və alınan nəticələri əsasən dölün inkişafına təsir edə biləcək bir çox neqativ amilləri vaxtında aşkar etməkdən ibarətdir. Hamiləlik dövründə doppleroqrafiyanın aparılması üçün ən optimal vaxt hamiləliyin 20- ci həftəsindən və daha sonrakı həftələr hesab edilir. Doppleroqrafiyanın aparılmasi üçün bütün gostərişləri 3 qrupa bölmək olar:
1. Hamilə qadında olan xəstəliklər. Onların arasında- gestozlar, hipertoniya xəstəliyi, hamiləlik dövründə böyrək patologiyası, şəkərli diabet, və rezus konfliktləri qeyd etmək olar.
2. Dölün müxtəlif inkişaf qüsurları. Burada əsasən dölün bətndaxili inkişafdan qalması, dölətrafı suların kəskin azalması və yaxud çoxalması, ciftin qalınlaşması və s.
3. Hamiləlik anamnezinin təhlükəli olması.

Sadalanan bütün hallar ana-döl qan dovranının pozulmasına səbəb ola bilər.
Təsnifatına əsasən ana-cift-döl sistemi qan dövranının pozulmaları 3 qrupa bölünür:
1. a) Ana-cift qan dövranınnın pozulmasına baxmayaraq dölün qan dovranı müvvəqəti olaraq normada qalması
   b) Döl qan dövranının pozulmasına baxmayaraq, ana- cift qan dövranının normada qalması.
2. Ana – cift və döl – cift qan dövranının maksimal həddinə çatmayan pozulması
3. Kritik formada ana- cift və döl- cift qan dövranının pozulmaları.

Hamiləlik dövründə üçölçülü ultrasəs müayinəsi.
Ultrasəs müayinəsinin yeni üsullarından biri hesab edilən üç ölçülü ultrasonoqrafiya son illər ərzində mamalıq- ginekologiya təcrübəsində uğurla istifadə edilir. Adi ultrasəs müayinəsi olduğu kimi 3 – D rejiminin ziyansız olması bu müayinə də dölün inkişafını izləmək üçün geniş imkanlar yaratdı. Müayinənin əsasında alınan nəticələr dölün bir çox orqanlarında, əsasəndə üz –sifət strukturlarında, onurğa sütununda və ətraflarda baş vermiş inkişaf qüsurlarını daha dərindən öyrənmək imkanı yaradır. Üç ölçünün bir arada istifadə edilməsi bir çox inkişaf qüsurlarını aşkar edilməsi üçün ideal bir vasitədir. Bundan əlavə 3 – D rejimində aparılmış ultrasəs müayinəsi hamilə qadınlara onun gələcək körpəsini yüksək keyfiyyətli fotoşəkillərini əldə etmək və real zamanda dölün hərəkətlərini izləmək imkanı yaradır.

Dölün sifət strukturlarının 3 – D rejimində alınmış təsviri.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 22 954
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri