QOHUM NİGAHLAR NƏ VƏD EDİR?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 389
Səs ver:
(səs: 2)

alt


 
Qohum nikahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir. Dünyaya gələn uşaqların ən azı, 8,4 faizi qohum nikahdan doğulur.
Qohum nikahlara ən az və ən çox rast gəlinən ölkə hansıdır?
Xüsusilə də bu amil Qərbi Aralıq dənizi və Cənubi Hindistanda çox geniş yayılıb. Qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. Xalqın təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması, bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Japoniyada isə qohum evlilikləri 6 faiz nisbətindədir, hətta adalarda 29 faizə yüksəlməkdədir. Ərəb ölkələri, Cənubi Hindistan, Misir və Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir. Avropa və Amerikada isə qohum evliliklərindən doğulacaq uşaqların qüsurlu, irsi xəstəliklər və əqli qüsurlu olma vəziyyəti geniş yayılıb. Qohum evliliyində olan problem, sağlam olan şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlarına keçməsidir. Birinci dərəcə qohumlar arasında evliliklərdə genlərin 1/8-i paylaşıldıqda genetik olarak aşkarlanan xəstəlik riski 3 faizdir. Aralarında qan bağı olmayan ata-analardan doğulan uşaqlarda isə 2 faizdir. Birinci dərəcədən qohumlar arasındakı evliliklərdə uşaqlarda düşmə, ölü doğum, beyin iflici göstərilir.
Qohum nigahların ən çox rast gəlindiyi ölkələrdən olan Türkiyədə bu səbəbdən uşaqlarda bir sıra irsi xəstəliklərin yüksək olduğu müşahidə edilir. Belə ki, Türkiyədə qurulan evliliklərin 30-35 faizi qohum nigahların payına düşür. Bu evliliklər irsi xəstəlikləri özü ilə gətirir.
Alimlərin araşdırmalarına görə, sümük iliyi nəqli dedikdə, sadəcə, xərçəng xəstələri ağla gəlsə də irsi xəstəliyi aşkar olunan xəstələr üçün də sümük iliyi vacib amildir. Belə ki, irsi xəstəliklərin bir qismi sadəcə sümük iliyi ilə müalicə edilir.
Ən çox rast gəlinən irsi xəstəliklərdən biri də talassemiya olduğu vurgulanır. Belə ki, Türkiyədə sümük iliyi nəql edilən 400 xəstənin 150-i talassemiyalı xəstələrdir. Onu da qeyd edək ki, dünyada qohum evliliyi nəticəsində doğulan uşaqların bir qisminin 1 yaşına çatmadan ağır infeksiyalar səbəbilə itirilməsi, xüsusilə də ailələrin oğlan uşaqlarının yaşamadıqlarına rastlanır. Bu isə immun çatışmazlığı ilə bağlıdır ki, bunların da bir qismi məhz qohum evlilikdən qaynaqlanır.
Bu nikahdan yaranan fəsadları bilirsinizmi? 
Bunlardan biri olan otozomal resesif xəstəlikləri adlanır. Burada genetik geçmənin özəllikləri isə odur ki, ilk növbədə cinsiyyət fərqi yoxdur. Otozomal resesif xəstəliklər hər nəsildə özünü göstərməz. Sağlam ata-anadan doğulan uşaq xəstədirsə, həm ana, həm də ata daşıyıcıdır (heterozigot). Normal olan ata-ananın uşaqlarının 1/2-nin daşıyıcı olması, 1/4-nin isə genotipik olaraq tamamilə sağlam olması gözlənir. Xəstə adam ilə genotipik olaraq tamamilə sağlam şəxs evlənərsə, uşaqlarının hamısı daşıyıcı olacaq. Xəstə şəxslə daşıyıcı şəxs evlənərsə, uşaqlarının yarısı xəstə, yarısı daşıyıcı olacaq. Daşıyıcılar, fenotipik olaraq sağlam olsalar da xəstə genləri sonrakı nəsillərə ötürən daşıyıcı vəzifəsini yerinə yetirirlər. Xəstə bir uşağın qardaş və bacılarında xəstəlik çıxma riski 25 faizdir və ailə bu təhlükənin hər hamiləlik üçün eyni olduğunu yaxşı dərk etməlidir. Yəni, ailədə bir xəstə uşaq olduğu üçün bu risk azalmış deyil.
Onu da qeyd edək ki, qan bağı olmadan da bu xəstəliklər, iki daşıyıcı evlənərsə, ortaya çıxa bilər. Ancaq eyni tip xəstəlikli genlə qarşılaşma riski qohumluq olduğunda daha yüksək olacağından, xüsusulə də ailəsində otozomal resesif xəstəlikləri olan şəxslərin mütləq genetik məsləhət almaları və yaxın qohumla evlənəcəyi zaman ortaya çıxacaq təhlükələr haqqında məlumat almalıdırlar.
Bu xəstəliklərdən ən çox rast gəlinənlərdən biri kistik fibrozistdir və orta sıxlığı 2000-də 1-dir. Kistik fibrozistdə toxumalar pozulma və müxtəlif problemlər yaranır. Kistik fibrozisli xəstələrin yaşama müddəti orta hesabla, 27 ildir.
Ən geniş yayılan talassemiyadır ki, xüsusilə Aralıq dənizi bölgəsində daşıyıcılığı yüksək bir qan xəstəliyidir. Hemoqlobindəki problemlə bağlı yaranır. Etnik qruplarda talassemiya nisbəti 3-5 faizdir. Böyümə geri qalır və ürək çatışmazlığı yaranır. Müalicə ilə yaşama müddəti 40 yaşa qədər uzadıla bilər.
Kənd əhalisi qan qohumluğu nikahlarına daha çox haqq qazandırır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) qohum nikahlara münasibətin birmənalı olduğunu bildirdilər. Belə ki, bu kimi nikahlar gələcək nəslimizin sağlamlığını sual altına qoyur.
Alimlərin araşdırmalarına əsasən, yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində uşağın xəstə doğulması riski daha da artır. Beləliklə, nikaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Komitədən təəssüflə bildirildi ki, Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür. Gələcək ailə, cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıyır. Gənclər ailə həyatı qurarkən yalnız özləri barədə deyil, dünyaya gətirdikləri övladları haqqında da fikirləşməlidirlər. Gələcək valideynlərin öz sağlamlıqlarının qeydinə qalmaları dünyaya gətirdikləri körpənin sağlamlığının təminatıdır. Sağlam uşaq sağlam ailədə böyüyür. Hər hansı bir problemi öncədən bilib qarşısını almaq onu həll etməkdən daha asandır. Əfsuslar olsun ki, bəzən insanlar öz sağlamlıqları barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Halbuki bu xoşagəlməz hadisənin qarşısını əvvəlcədən almaq mümkündür. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi - dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin şən, firavan və rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır.
Komitədən onu da bildirdilər ki, kənd əhalisi şəhər əhalisinə nisbətən qan qohumluğu nikahlarına daha çox haqq qazandırır. Həmçinin qan qohumluğu nikahlarının təhsil səviyyəsindən də asılılığı mövcuddur, yəni, natamam və tam ali təhsilli şəxslər belə nikahları daha çox tənqid edirlər. Qohumlar arasında bağlanan nikahların əsas səbəbləri kimi bunlar göstərilir: var-dövləti nəsildə saxlamaq, ailə fərdləri arasında sevgi və hörməti qorumaq və s. Qan qohumları arasında nikahlara qarşı ən çox irəli sürülən arqument, dünyaya gələcək uşaqların irsi xəstəliklərlə doğulmasıdır.
Bildirilir ki, ümumiyyətlə, əsas səbəblərdən biri nikaha daxil olan qan qohumlarının gələcək problemlər haqqında məlumatsız olmasıdır. Buna görə də, Komitə gənclər və onların valideynləri arasında maarifləndirmə işləri aparır. Beləliklə, пїЅomitə tərəfindən 2010-cu ildə gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması istiqamətində maarifləndirmə işlərinin aparılması məqsədilə respublikanın yuxarı sinif şagirdləri üçün hər il olduğu kimi bu il də silsilə mühazirələr təşkil edilib.
Qohum nikahların qarşısının alınması üçün ilk növbədə maarifləndirmə lazımdır
Səhiyyə Nazirliyinin genetik problemlər üzrə baş mütəxəssisi Kamilla Dadaşova bildirdi ki, ümumiyyətlə, qohum nikahlar doğulan uşaqlarda xəstəlik riskini daha da artırır: "İrsi xəstəliklər çox böyük problemdir. Doğulan uşaqlarda bir çox xəstəliklər var. Bəzi xəstəliklər qadınlarda, genlərdə daşıyıcısıdır. Onlar qohumla ailə qurduqda uşaqların 50 faizi xəstə ola bilər. Bəzən xəstələr deyir ki, bizim başqa qohumlar var ki, qohum nikahları var, amma onlarda xəstəlik yoxdur. Düzdür, biz demirik ki, qan qohumluğu xəstəlik yaradır, biz deyirik ki, onun riski qalxır. Əgər bir neçə xəstəliyin daşıyıcısı olan insan qohumla ailə qurmazsa, o zaman onun riski azdır, əks təqdirdə isə, onun qanında çox vaxt xəstəliyi daşıyacaq genlər var. Mən qohum nigahları yaxşı hesab etmirəm”.
Mütəxəssisin sözlərinə görə, qohum nikahların müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri kimi bir tərəfdən insanlar düşünür ki, qohumlar bir-birlərini daha yaxından tanıyırlar. Problemli tərəfə gəldikdə isə K.Dadaşova qeyd etdi ki, hansısa xəstəlik, məsələn, doğulan uşaqda talassemiya qan xəstəliyi aşkarlanır: "Qohum nikahlarda onun riski çoxdur. Ancaq ola bilər ki, qadın qohumla ailə qurmasın, o zaman da orada belə gen olur. Lakin qan qohumluğu bu riski qaldırır”.
Bundan başqa, qan qohumluğunun mənfi amillərindən biri də hüquqlarla bağlı olduğunu deyən mütəxəssisin sözlərinə görə, qohum nigahlar çox zaman valideynlər tərəfindən arzuolunan nigahlardır: "Çox vaxt onun nəticəsində reproduktiv sağlamlıqla bağlı hüquqlar pozulur. Uşaq xəstə olduqda çox vaxt ailədə söz-söhbətə səbəb olur. Belə ki, hər iki tərəf günahı qarşı tərəfdə görür. Erkən nikahların böyük əksəriyyəti də məhz qohum nikahlardır”.
Ümumiyyətlə, irsi xəstəliklərin müalicəsinə gəldikdə isə mütəxəssis deyir ki, bu xəstəliklə doğulan uşaqların bir qisminin müalicəsi var, bir qismi əlil olur: "Çox vaxt profilaktika lazımdır. Yəni, ana bətnində bilirik ki, uşaq saglamdır, ya yox. Qohum nikahların qarşısının alınması üçün ilk növbədə maarifləndirmə lazımdır. Biz sorğu aparmışıq və kişilərin çoxu bildirir ki, biz qohum nikaha ona görə getmək istəyirik ki, həyat yoldaşım mənim valideynlərimə baxacaq. Qadınlar isə deyir ki, bu evlilikdə məni incitməyəcək, kobud davranmayacaq. Ancaq faktiki olaraq konflikt olur. Qadın da öz hüquqlarını itirir, anası deyir ki, səsini çıxarma, qohumlarımızla problemlərimiz olmasını istəmirik. Bu zaman zorakılıq olur. Mənim fikrimcə, bu, həm səhiyyə, həm sosial, həm də hüquqi baxımdan problemdir”.
Beləliklə, hərtərəfli, daha yaxından tanıma kimi cəhətlərə üstünlük verərək qohum nikahları seçənlər ən azından, xəstə övladlarının dünyaya gələcəyini düşünməlidirlər. Əgər ailədə ən mühüm amillərdən birinin məhz sağlamlıq olduğunu nəzərə alsaq, demək qohum nikahlar heç də xoşbəxt ailə vəd etmir.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 6 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri