Uşaqlığın mioması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 255
Səs ver:
(səs: 1)
Uşaqlığın mioması (fibroma və ya fibromioma da adlanır) – uşaqlığın hormonlardan asılı olan xoşxassəli şişi olub, qadın cinsiyyət üzvlərinin ən çox yayılmış şiş xəstəliklərindən biridir. Mioma xərçəng şişi olmadığı üçün onu xoşxassəli şiş adlandırırlar. Ancaq bəzi hallarda mioma bədxassəli şişə də keçə bilər.

Miomanın yaranmasına və inkişaf etməsinə qadın cinsi hormonları – estrogenlər təsir edir. Bu xəstəlik, reproduktiv (dölyaratma) qabiliyyətli qadınlar (16-45 yaş) üçün xarakterik hesab olunur.

Miomanın əmələ gəl-məsinin və inkişaf etməsinin səbəbi hələ də sona qədər öyrənilməmişdir. Belə hesab edirlər ki, onun əmələ gəlməsinin əsas səbəbi qadın orqanizmində qanın tərkibində estrogenlərin (qadın cinsi hormonları) yüksək səviyyədə olmasıdır. Bu isə orqanizmin endokrin sistemində olan pozğunluqlar, həmçinin qara ciyər xəstəlikləri (məhz bu orqanda bütün hormonlar parçalanmalıdır) zamanı baş vermiş olur.

Miomanın əmələ gəlməsinə, uşaqlığın və onun artımlarının kəskin və xroniki xəstəlikləri, yumurtalıqların kistası və kistomaları, abortlar (süni uşaqsalmalar) və digər bu kimi patoloji hallar təkan verə (aktivləşdirə) bilər. Məhz buna görə mövcud olan ginekoloji xəstəliklərin vaxtında aşkar edilərək müalicə olunması çox vacib hesab edilir. Axı qadın orqanizminin bütün dölyaratma orqanları bir-biri ilə çox sıx əlaqəlidirlər. Miomanın inkişafına piylənmə də təkan verə bilər. Çünki qadınlarda olan piy toxumasının özü də qadın cinsi hormonları hazırlamaq qabiliyyətinə malikdir.

Bəzi növ miomaların inkişafına uşaqlıqdaxili vasitələr (spirallar) də təsir edə bilər. Doğmayan qadınlarda uşaqlığın miomasına daha çox təsadüf edilir.

Belə bir fikir də mövcuddur ki, uşaqlığın miomalarının əmələ gəlməsinə meyllik irsi olaraq anadan qızına ötürülür. Ancaq əvvəlki dövrdə sizin nəslinizdə uşaqlığın mioması olan qadınların olması, heç də o demək deyil ki, sizdə də mütləq bu xəstəlik inkişaf edəcək. Uşaqlığın miomasının yaranmasının qarşısını almaq üçün sizə aşağıda sadalanan vacib qaydaları yerinə yetirmək tövsiyə olunur:

- sağlamlığınıza qarşı diqqətli olmaq;

- vaxtaşırı olaraq profilaktik həkim-qinekoloqun müayinəsindən keçmək;

- cinsi sistemin istənilən xəstəliklərini vaxtında müalicə etmək;

- mayalanmanın qarşısını almaq üçün uşaqlıqdaxili vasitələrdən (spiral) istifadə etməmək;

- süni uşaqsalma əməliyyatından (abort) uzaq olmaq;

- çəkini norma daxilində saxlamaq və s.

Statistik məlumatlara görə uşaqlığın miomasının inkişaf etmə təhlükəsi cənub bölgələrində - Qafqazda – demək, Azərbaycanda da daha çoxdur.

Uşaqlığın mioması əksər hallarda qadına heç bir narahatlıq vermir və adətən, həkim-ginekoloq tərəfindən profilaktik müayinə zamanı təsadüfən aşkar edilir. Digər hallarda isə uşaqlığın mioması yaranmış olduqda, qadında qarının aşağı hissəsində, belində ağrı hissiyyatı, qanaxma, cinsi əlaqə zamanı ağrı, aybaşı tsiklinin pozulması, qarın ölçüsünün xeyli böyüməsi kimi əlamətlər əmələ gələ bilər.

Uşaqlığın miomasının ölçüləri müxtəlif ola bilər – çox kiçik ölçülərdən çox böyük ölçülərədək. Bəzi hallarda miomanın olması səbəbindən uşaqlığın ölçüləri hamiləliyin 5-ci ayına (bəzən daha çox) uyğun gəlir. Həkimlərin ümumi rəyinə görə uşaqlığın miomasının ölçüləri hamiləlik zamanı olan ölçülərə uyğun olmaqla - müvafik şəkildə qeyd edilir.

Mioma uşaqlığın xarici, orta və daxili qişalarında yerləşə bilər. Bunlardan ən təhlükəli olanı isə daxili qişada yerləşən miomalar hesab edilir. Belə miomalar uşaqlıq boşluğunun formasını dəyişir və adətən, hər ay xeyli həcmdə qanaxmalara səbəb olaraq qanda hemoqlobinin kəskin şəkildə azalmasına səbəb olur.

İri ölçülü miomalar qonşu orqanlara təzyiq edərək həzm və sidik ifrazı sistemlərinin funksiyalarını da poza bilər. Miomatoz düyünün hansı orqana təzyiq göstərməsindən asılı olaraq, xəstələrdə düz bağırsaq, sidik kisəsi, nazik bağırsaqlar nahiyəsində ağrılar, qəbizlik, tezləşmiş və ya çətinləşmiş sidik ifrazı kimi əlamətlər də mövcud ola bilər.

Uşaqlığın mioması sonsuzluğa da səbəb ola bilər. Belə ki, şiş uşaqlıq boşluğunun formasını dəyişərək mayalanmış yumurta hüceyrəsinin uşaqlığın daxili səthinə bitişməsinə mane olur.

Miomanın olması heç də hər zaman cərrahi əməliyyat aparılmasına göstəriş hesab edilmir. Bu zaman hər şey xəstənin ümumi vəziyyətindən, xəstəlik əlamətlərinin ifadə olunması dərəcəsindən və şişin ölçülərindən asılı olur. Biz bilirik ki, miomalar hormonal asılılıqlı şişlərdir. Buna görə də klimaks dövründən sonra qadınlarda miomalar əksər hallarda kiçilməyə başlayırlar. Hətta bəzi hallarda onlar heç bir müalicə aparılmadan (tədricən orqanizmdə qadın cinsi hormonlarının səviyyəsinin azalması səbəbindən) tam şəkildə sorula da bilərlər.

Miomanın cərrahi üsulla xaric edilməsi - onun sürətlə böyuyərək qonşu orqanlara təzyiq etməklə onların funksiyasını pozduqda, onun bədxassəli şişə keçə bilməsinə şübhə olduqda və s. bu kimi hallarda aparıla bilər. Sonsuzluğa görə müayinə olunarkən onun səbəbinin uşaqlığın mioması olması aşkar edildiyi hallarda da miomanı cərrahi yolla xaric edirlər. Belə xəstələrdə əməliyyatdan 6 ay sonra hamiləliyi planlaşdırmağa icazə verilir. Bu zaman hamiləliyi ləngitmək də məsləhət görülmür. Çünki əks təqdirdə miomalar bir müddətdən sonra yenidən əmələ gələ bilər. Buna səbəb isə miomaların hormonal yaranma səbəbinin cərrahi əməliyyat nəticəsində heç də aradan götürülməməsidir.

Bəzi hallarda, miomanın ölçüləri çox böyük olduqda və ya onun çox sayda düyünləri olduqda, əməliyyat zamanı həkimlər uşaqlığı, bəzən isə yumurtalıqları da xaric etməli olurlar. Bu halda qadın gələcəkdə uşaq olmasını arzu etdikdə, yalnız süni mayalanma üsullarından istifadə etmək lazım gələcək.

Bəzən isə əməliyyat zamanı uşaqlığı tam şəkildə deyil, hissəvi olaraq xaric edirlər. Bu halda isə qadın gələcəkdə uşaq olmasını arzu edərsə, o, adi yolla da hamilə olaraq öz körpəsini dünyaya gətirə bilər.

Uşaqlıq miomasının xaric edilməsi əməliyyatı laparoskopik yolla, uşaqlıqdan olmaqla və ya histeroskopun (uşaqlığın vəziyyətini və uşaqlıq boruları keçiriciliyinin müayinəsi üçün istifadə olunan aparat) köməkliyi ilə yerinə yetirilir.

Miomanı qeyri-cərrahi yolla da (yəni, dərman preparatlarının köməkliyi ilə) müalicə etmək olar. Bu zaman əsas şərtlər - onun ölçüsünün 2,5 sm-dən böyük olmaması, kəskin ağrıların, xeyli dərəcədə menstrual və uşaqlıq qanaxmalarının olmamasıdır. Ancaq onu da qeyd etmək lazımdır ki, dərman preparatlarının tətbiq edilməsi ilə aparılan müalicə, miomanın heç də tam şəkildə sorulmasına səbəb olmur. Belə müalicə ilə yalnız onun inkişafını ləngitmək və ağrılı əlamətləri aradan götürmək mümkün olur. Mioma hormon asılılıqlı olduğu üçün, dərmanla müalicə üsulunda, əsasən hormonlardan istifadə edilir. Belə hallarda, adətən, qanda estrogen hormonların səviyyəsini azaldan, progesteron hormonunun səviyyəsini isə artıran dərman preparatları tətbiq edilir. Həkim tərəfindən bu preparatların təyin edilməsindən qabaq, müvafiq laborator müayinəsi aparmaqla, xəstənin qanında hormonların səviyyəsi müəyyən edilir.

Mioması olan qadınlar zülali pəhriz saxlamalı, yağlı qidaların qəbulunu məhdudlaşdırmalı, artıq çəkini azaltmalı, düzgün həyat tərzini (yuxunu, qida qəbulunu normallaşdırmaq, yüngül fiziki hərəkətlərlə məşğul olmaq, pis vərdişlərdən imtina etmək, streslərdən uzaq olmağa çalışmaq) formalaşdırmalıdırlar.

Mioma xəstəliyi olan qadınlarda hamiləliyin tam normal şəkildə sona çatdırılması halı da mükündür. Hər şey miomanın ölçüsündən və onun yerləşməsindən asılıdır. Bir çox qadınlarda, ölçüsü böyük olmayan miomalar olduqda, hamiləlik zamanı heç bir fəsad baş vermir. Əgər miomanın ölçüsü artmaqda davam edərsə, uşaqlıqda döl ilə miomanın eyni zamanda olması səbəbindən xeyli darısqallıq yaranmış olur ki, bu da gələcəkdə uşaqsalmaya və ya vaxtından qabaq doğuşa səbəb ola bilər. Məhz bu səbəbdən belə şəraitdə doğulan uşaqların ümümi çəkisi də normadan az ola bilər.

Əlbəttə ki, mioma fonunda hamiləliyin gedişi əvvəldən-axıradək həkim-ginekoloq tərəfindən çox diqqətlə aparılmalıdır. Belə halda doğuş bir qədər uzun sürsə də, təbii yolla aparıla bilər. Bir çox hallarda isə həkimlər hamilə qadına Keysər kəsiyi əməliyyatı aparılmasına daha çox üstünlük verirlər. Keysər kəsiyi əməliyyatı zamanı bəzi hallarda miomatoz düyün də xaric edilə bilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 9 255
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri