Uşaqlıq boynunun xərçəngi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 10 962
Səs ver:
(səs: 0)
Uşaqlıq boynunun xərçəngi bədxassəli şişdir. Bu xəstəlik, adətən, yaşlı qadınlarda təsadüf edilir. Ancaq tibbi ədəbiyatlarda xəstəliyin cavan qadınlarda əmələ gəlməsi hallarının olması barədə də məlumatlara rast gəlinir.

Uşaqlıq boynunun xərçənginin əmələ gəlmə səbəbləri sona qədər öyrənilməmişdir. Belə bir fikir mövcuddur ki, bu şişin inkişaf etməsində əsas rollardan biri insan papilloması virusuna (İPV) məxsusdur. Uşaqlıq boynu hüceyrələrində uzun müddət qalan bu viruslar həmin hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinə səbəb olurlar.

Uşaqlıq boynunun xərçənginin əmələ gəlməsinin əsas risk (təhlükə) faktorları aşağıdakılardır:


- cinsi həyatın erkən (14-15 yaşından) başlaması;

- erkən və gecikmiş hamiləliyin və doğuşun olması;

- cinsi əlaqə tərəfdaşlarının tez-tez dəyişdirilməsi;

- urogenital (sidik-cinsiyyət sistemi orqanlarının) infeksiyaların (xüsusən, papillomovirus infeksiyasının) olması;

- uşaqlıq boynunun müxtəlif xəstəlikləri (edometriyanın polipləri, uşaqlıq boynunun polipləri, eroziyalar);

- travmatik doğuşlar;

- çoxsaylı cərrahi abortlar (uşaqsalmalar) və s. bu kimi hallar.

Əfsuslar olsun ki, uşaqlıq boynunun xərçəngi ilkin dövrlərində özunü heç bir əlamətlə büruzə vermir. Əlamətlər üzə çıxdıqda isə proses artıq xeyli dərəcədə inkişaf etmiş olur.

Uşaqlıq boynunun xərçənginin gecikmiş dövrlərində xəstələr uşaqlıq yolundan xeyli miqdarda selikli-qanlı ifrazatın olmasından, zəif və ya güclü qanaxmalardan şikayət edirlər. Qanaxma bilavasitə cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra baş verə bilər. Daha sonradan xəstələrdə qarın nahiyəsində, bəzən beldə və aralıq nahiyəsində ağrılar yaranmış olur. Şişin ölçülərinin artması və onun yanaşı orqan toxumalarına (bağırsaq, sidik kisəsi, uretra) keçməsi ilə ağrıların daha da şiddətlənməsi baş verir.

Uşaqlıq boynunun xərçənginin diaqnostikası həkim-ginekoloqun müayinəsindən və şikayətlərin öyrənilməsindən başlayır. Ginekoloji güzgülərin köməkliyi ilə aparılan müayinədən sonra həkim uşaqlıq boynunun vəziyyətini, orada şişin olmasını müəyyən edir. Bu müayinə zamanı biopsiya da (uşaqlıq boynu toxumasından mikroskopik materialın götürülməsi) yerinə yetirilə bilər. Götürülən materialın laborator müayinəsi onun bədxassəli olub-olmadığını müəyyən etməyə imkan verir. Xəstənin diaqnozunu dəqiqləşdirmək üçün USM, kompüter və ya nüvə-maqnit-rezonans tomoqrafiya müayinələrindən də istifadə edilməsi tələb oluna bilər.

Uşaqlıq boynunun xərçənginin ilkin dövrlərində əsasən cərrahi müalicə üsulundan istifadə edilir. Proses çox dərinləşməmiş olduqda uşaqlığın cisimini, uşaqlıq boruları və yumurtalıqları saxlamaqla yalnız uşaqlıq boynunu xaric edirlər. Bu halda, qadın gələcəkdə ekstrakorporal mayalanma (EKM) tətbiq edilməsi yolu ilə ana ola bilər. Xəstəliyin gecikmiş dövrlərində isə uşaqlığın yumurtalıqlarla birlikdə (və ya onlarsız) xaric edilməsi üzrə cərrahi əməliyyat aparılır.

Bəs uşaqlıq boynunun xərçəngindən necə qorunmaq olar? Bunun üçün hər bir qadın ilk növbədə ildə 2 dəfə olmaqla (hər 6 aydan bir) həkim-ginekoloqa müraciət etməlidir.

Həkim uşaqlıq boynunun xüsusi müayinəsini apararaq oradan götürülmüş yaxmanı laborator müayinəyə göndərir. Hal-hazırda inkişaf etmiş ölkələrdə, xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi nəticəsində, uşaqlıq boynunun xərçəngindən ölənlərin sayı ilbəil azalmaqdadır. Bundan başqa, uşaqlıq boynu xərçənginin profilaktikası məqsədi ilə eroziyalar, endometrioz, displaziyalar və sairə bu kimi xəstəliklərin vaxtında aşkar edilərək diqqətlə və dəqiqliklə müalicə olunması da vacib hesab edilir!

Uşaqlıq boynu xərçənginin profilaktikasında əsas üsullardan biri də İPV – insan papilloması virusuna qarşı vaksinasiya sayılır. Müasir təbabətdə belə hesab olunur ki, İPV-insan papiloması virusu nəinki uşaqlıq boynunun xərçəngi, həmçinin uşaqlıq boynunun eroziyası, uşaqlıq boynunun displaziyası, genital (qadın cinsi üzvlərinin) ziyillərin (kandillomalar) əmələ gəlməsinin də əsas səbəbkarıdır. İPV-yə qarşı vaksinasiya ilk növbədə, cinsi həyata başlamamış qız uşaqları, həmçinin cavan qadınlar üçün vacib hesab edilir. Eyni zamanda vaksinasiyanın yaşlı qadınlarda olan effektivliyi barədə də tibbi məlumatlar mövcuddur.

Peyvənd kursu müəyyən fasilələr verilməklə 6 ay ərzində olunan 3 sayda əzələdaxili inyeksiyadan (iynə vurulması) ibarətdir. Vaksinasiyanın olunmasına əks göstərişlər: ağır xroniki xəstəliklər, qan xəstəlikləri, vaksinanın tərkibindəki maddələrə qarşı fərdi uyğunsuzluq, hamiləlik.

Hal-hazırda Azərbaycanda bu vaksini əldə etmək mümkündür. Yaşından asılı olmayaraq İstənilən qadın, İPV-insan papilloması virusuna qarşı peyvənd etməklə, özünü qadın cinsi orqanlarının bir sıra təhlükəli xəstəliklərinə yoluxmaqdan sığorta etmiş (qorumuş) olar.
Sağlam olun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 10 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri