Uşaqlığın xərçəngi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 7 577
Səs ver:
(səs: 1)
Uşaqlığın xərçəngi uşaqlıq boynunun xərçəngindən daha az təsadüf edilir, və adətən, 50 yaşından artıq olan qadınlarda təsadüf edilir.

Qadın cinsi orqanlarının digər bədxassəli şişləri kimi, uşaqlıq xərçənginin əmələgəlmə səbəbləri də sonadək öyrənilməmişdir.

Mütəxəssislər hesab edirlər ki, uşaqlıq xərçənginin inkişaf etməsinin yüksək təhlükəsi (riski) olan qadınlar əsasən aşağıdakı xəstəliklərə düçar olanlardır: aybaşı tsiklinin (dövrünün) pozulması, yumurtalıqların polikistozu, sonsuzluq (dölsüzlük), hipertoniya xəstəliyi, piylənmə, şəkərli diabet xəstəliyi, ana xətti üzrə irsiyyət daşıyıcısı olan qadınlar və s.

Cavan qadınlarda uşaqlıq xərçəngi aybaşı tsiklinin (dövrünün) pozulması, menopauza dövründə olan qadınlarda isə qanaxmalar və qanlı ifrazatla özünü büruzə verir.

İlkin dövrlərdə xərçəngin bu forması da əlamətsiz olaraq keçir. Ağrılar isə əsasən xəstəliyin çox gecikmiş dövrlərində meydana gəlir. Uşaqlıq xərçəngi ilk növbədə yaxınlıqdakı limfatik düyünlərə (bel, qasıq və s. sahələrdə), daha sonra isə uzaq olan orqanlara metastaz verir.

Bəs, uşaqlıq xərçənginin ilkin dövrlərində onu necə aşkar etmək olar? Təcrübəli həkim-ginekoloq hətta ilkin ginekoloji baxış zamanı da bu xəstəlikdən şübhələnə bilər. Bu halda uşaqlıq boynu kanalından sitoloji (hüceyrənin müayinəsi) müayinə üçün yaxma və ya zədələnmə sahəsindən biopsiya üçün şiş toxumasından mikroskopik nümunə götürülür.

Uşaqlıq və yumurtalıqların ultrasəs müayinəsinin (USM) aparılması da xərçəngin ilkin dövrlərində onu aşkar etməyə imkan verir. Uşaqlıq xərçənginin daha gecikmiş dövrlərində, digər orqanlara olan metastazların aşkar edilməsi üçün isə, kompüter (KT) və nüvə-maqnit-rezonanslı tomoqrafik müayinələr (MRT) aparıla bilər.

Uşaqlıq xərçənginin müalicəsi qadının yaşından və şişin yayılması dərəcəsindən asılı olaraq fərdi qaydada aparılır. Əksər hallarda uşaqlığın yumurtalıqlarla birlikdə (bəzən isə çanaq limfa düyünləri ilə birgə) cərrahi yolla xaric edilməsi əməliyyatından istifadə edirlər. Belə əməliyyatdan sonra bir sıra hallarda şüa ilə müalicə də təyin edilə bilər.

Bəzi hallarda şüa müalicəsi ayrıca şəkildə də (məsələn, xəstəliyin ilkin dövrlərində - şişin digər orqan və toxumalara yayılmadığı dövrdə və ya xəstəliyin gecikmiş dövrlərində mövcud olan ağrıları azaltmaq üçün) təyin edilir.

Uşaqlıq xərçənginin müalicəsində, həmçinin şişin inkişaf etməsini ləngidən xüsusi dərman preparatlarından da istifadə edilir (kimyavi terapiya).

Bəs uşaqlıq xərçənginin qarşısını necə almaq olar? Hər bir qadın yadda saxlamalıdır ki, bunun üçün ilk növbədə ildə 2 dəfədən az olmayaraq həkim-ginekoloqun profilaktik müayinələrindən keçməklə, özlərini qadın cinsi üzvlərinin bir çox xəstəliklərindən (həmçinin onkoloji xəstəliklərindən) qoruya bilərlər!

Qadınlar onu da yaxşı bilməlidirlər ki, müntəzəm keçən aybaşı tsikli (dövrü) – dölyaratma yaşında olan qadınlar üçün sağlamlığın ən əsas göstəricisi hesab edilir. Daha yüksək yaş qrupuna daxil olan qadınlar isə yadda saxlamalıdırlar ki, aybaşı kəsildikdən sonra, cinsi yollardan aybaşıya bənzər hər hansı ifrazatın olması çox təhlükəli əlamət hesab edilərək əksər hallarda onkoloji xəstəliyin olmasına işarə edir və təcili olaraq həkim-ginekoloqa müraciət edilməsini tələb edir!
 
Sağlam olun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 7 577
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri