Cinsiyyət yollarından ifrazatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 8 378
Səs ver:
(səs: 5)
Hansı cür ifrazatlar normal hesab olunur?
İfrazatlar hər bir sağlam qız və qadında müşahidə oluna bilir. Məhz ifrazatların sayəsində uşaqlıq yolunun selikli qişası ölü hüceyrələrdən, bakteriya və selikdən təmizlənir.
Sizin ifrazatlarınız aşağıdakı kimi olduqda normal hesab olunur:
Şəffaf və ya ağımtıl, krem və ya solğun sarı rəngdə
Duru (sulu) və ya bir qədər dartılır (selikə bənzəyir)
Qoxusuz
Ifrazatlar çox miqdarda deyil, yəni gündə bir çay qaşığından çox deyil.
Hansı cür ifrazatlar qeyri-normaldır?
Aşağıdakı hallarda Sizin ifrazatlarınız qeyri-normaldır və xəstəliyin simptomudur:

Ifrazatlar sarı, yaşıl, palıdı və ya başqa rəngdədir;
Ifrazatlar qatıdır, köpüyə bənzəyir və ya kəsmik şəklindədir;
Ifrazatların xoşagəlməz (turş, çürük, iylənmiş balıq qoxusu, soğan qoxusu və ya hansısa başqa bir şey) qoxusu var;
Ifrazatlar çoxdur: gündə bir çay qaşığından çoxdur;
İfrazatların fonunda Sizin cinsi orqanlarınızda qızartı, qaşınma, uşaqlıq yolunda quruluq və diskomfort hissi, qarnınızda ağrı, bədənin temperaturunun yüksəlməsi, sidik ifrazatı zamanı ağrılar və yanğı, seks zamanı ağrılar əmələ gəlir.
Qeyri-normal ifrazatlar niyə yaranır?
Qeyri-normalar ifrazatların əsas səbəbi iltihabdır. Uşaqlıq yolunun və uşaqlığın iltihabı cinsi yolla keçən xəstəliklər nəticəsində, habelə uşaqlıq yolunun mikroflorasının tərkibi pozulduqda (bakterial vaqinoz) yaranır.
Qeyri-adi ifrazatların səbəbi intim gigiyenanın elementar qaydalarına əməl edilməməsi ola bilər.
İfrazatların rənginə əsasən onların səbəbini müəyyən etmək olarmı?
Təəssüf ki, yox. Ginekoloqlara uşaqlıq yolundan ifrazatların 100-dən çox səbəbi məlumdur. Bunlardan çoxunun simptomları eynidir. Məhz buna görə də hətta ən təcrübəli ginekoloq belə ifrazatların xarici görünüşünə əsasən diaqnozu qoya bilməz.
İfrazatların səbəbini necə müəyyən etmək olar?
Yalnız floraya görə yaxmanın köməyi ilə. Floraya görə yaxma uşaqlıq yolunun selikli qişasından götürülən yaxmadır. O, boyalanıb mikroskop altında öyrənilir. Mikroskop altında ifrazata səbəb olan əksər bakteriya və göbələklər görünür.
Məndə çoxlu miqdarda şəffaf və ya selikli ifrazatlar olur. Bu nədir və mən nə etməliyəm?
Вəzi hallarda tamamilə normal və ya selikli ifrazatlar həddindən artıq çox (gündə bir çay qaşığından çox) olur.  
Bu, aşağıdakı hallarda normal ifrazatlardır:
Seksual oyanma nəticəsində meydana gəldikdə;
Ifrazatlar seksdən bir neçə dəqiqə və ya saat sonra meydana gəldikdə;
Ifrazatlar menstrual tsiklin ortalarında yaranır və 3-5 gündən artıq davam etmir.
Aşağıdakı hallarda ginekoloqa müraciət edin:
Çoxlu ifrazatlar menstrual tsiklin əvvəlində və ya sonunda yaranır və 3 gündən çox davam edir;
Sizin yaşınız 40-45-dən çoxdur və Sizdə çoxlu miqdarda sulu və ya selikli ifrazatlar yaranmışdır;
Şəffaf ifrazatlardan başqa, Sizdə aşağıdakı simptomlar da qeydə alınır: uşaqlıq yolundan qanlı ifrazatlar menstrual tsikldən asılı olmayaraq və cinsi aktdan sonra əmələ gəlir, aybaşı adətindən daha uzun çəkir, kürəyinizdə ağrılar olur, çəkiniz azalır. Yuxarıda sadalanan simptomlar uşaqlıq boynu xərçəngi zamanı müşahidə oluna bilir.
Məndə ağ rəngli ifrazat meydana gəlib. Bu nədir və mən nə etməliyəm?
Ağ rəngli ifrazatlar normal ola bilir, ya da uşaqlıq yolunun selikli qişasının iltihabına işarə edir. Normal ağ rəngli ifrazatlar aybaşından bir qədər əvvəl və aybaşından bir neçə gün sonra az miqdarda meydana gəlir.
Göbələk xəstəliyi zamanı ifrazatlar qaşınma ilə müşayiət olunur, xoşagəlməz qoxuludur və kəsmik konsistensiyalıdır.
Bakterial vaginoz  zamanı ağ ifrazatlar az miqdarda olur, xoşagəlməz balıq qoxusu verir, uşaqlıq yolundan quruluq və qaşınma hissi ilə müşayiət olunur.
Cinsi yolla ötürülən xəstəliklərdə ağ ifrazatlar seksdən bir neçə saat və ya bir neçə gün sonra yaranır, güclü qaşınma ilə müşayiət olunur, qatı olmaqla xoşagəlməz qoxu verir. Əgər bu simptomlardan başqa, Sizdə sidik ifrazı zamanı ağrı və yanğı hissi də yaranmışdırsa, onda infeksiya ehtimalı çox yüksəkdir.
Əgər ağ ifrazatlarda qeyri-normal ifrazat əlamətləri varsa, onda Siz mümkün qədər tez ginekoloqa müraciət etməlisiniz. Ginekoloq uşaqlıq yolunu müayinə edər, floraya görə yaxma götürər və müayinənin nəticələrini almaq üçün nə vaxt gəlməyinizi bildirər. Yaxmanın nəticələrinə əsasən ginekoloq Sizə ifrazatların səbəbini göstərər. Sizdə iltihab aşkar edildikdə, ginekoloq Sizə müalicə təyin edəcəkdir.
Məndə sarı ifrazat meydana gəlmişdir. Bu, nədir və mən nə etməliyəm?
Normal ifrazatlar solğun sarı rəngdə ola bilir. Ifrazatlar intensiv sarı rəngdədirsə, bu normal ifrazat deyil. Sağlam qadın və qızlarda heç vaxt sarı ifrazatlar olmur. Bu, həmişə iltihab əlamətidir. Əgər sarı ifrazatlar müdafiə olunmayan seksdən sonra meydana gəlmişdirsə, onda buna səbəb çox vaxt infeksiya olur. Qonoreya və trixomoniaz sarı ifrazatların ən çox rast gəlinən səbəbləridir. Cinsi yolla ötürülən xəstəliklərdə ifrazatlar xoşagəlməz qoxulu olur, praktiki olaraq həmişə qaşınma, quruluq və diskomfort, habelə sidik ifrazı və seks zamanı yanğı ilə müşayiət olunur. Əgər Siz cinsi həyat keçirmirsinizsə, onda sarı ifrazatlar bakterial vaginoz adlandırılan uşaqlıq yolunun iltihabı nəticəsində yarana bilər.
Sarı ifrazatlar yarandıqda, ginekoloqa müraciət etməlisiniz. Ginekoloq floraya görə yaxma götürəcək və ifrazatların səbəbini müəyyən edəcəkdir. Sarı ifrazatlara səbəb olan bir xəstəlik müxtəlif yolla müalicə olunur. Sarı ifrazatların səbəbini bilməyincə, müalicənin effekti olmayacaqdır.
Məndə yaşıl rəngdə ifrazat meydana gəlmişdir. Bu, nədir və mən nə etməliyəm?
Yaşıl ifrazatlar həmişə infeksiya əlamətidir. Sağlam qadınlardayaşıl ifrazatlar olmur. Uşaqlıq yolundan yaşıl rəngdə ifrazatlara cinsi yolla ötürülən xəstəliklərdə - qonoreya, trixomoniaz, xlamidioz, mikoplazmoz və s. rast gəlinir. Belə ifrazatlar müdafiə olunmayan seksdən bir müddət sonra meydana gəlir və sidik ifrazı zamanı qaşınma, ağrı və diskomfortla müşayiət olunur. Cinsi həyat keçirmirsinizsə, onda yaşıl ifrazatlar bakterial vaginoza işarə ola bilər.
Yaşıl ifrazatlar yarandıqda, mümkün qədər tez bir zamanda ginekoloqa müraciət etməlisiniz. Ginekoloq floraya görə yaxma götürəcək və yaxmanın nəticələrinə əsasən müalicə məsləhət edəcəkdir.
Məndə çəhrayı rəngdə ifrazat meydana gəlmişdir. Bu, nədir və mən nə etməliyəm?
İfrazatlara çəhrayı rəng verən xırda qan damlalarıdır. Çəhrayı rəngdə ifrazatlar aşağıdakı hallarda normal hesab olunur:
Aybaşı başlamazdan bir neçə gün əvvəl yaranır;
Siz hamiləlik əleyhinə dərmanlar qəbul edirsiniz və çəhrayı ifrazatlar menstrual tsiklin ortasında meydana gəlmişdir;
Çəhrayı ifrazatlar fırtınalı seksdən sonra yaranmışdır;
Çəhrayı ifrazatlar yarandıqdan bir qədər sonra Siz hamilə olduğunuzu bilmisiniz.
Tez-tez və ya hər dəfə seksdən sonra yaranan çəhrayı ifrazatlar uşaqlıq boynunun eroziyasının və ya hətta uşaqlıq boynu xərçənginin simptomu ola bilər. Əgər çəhrayı ifrazatlar yarandıqdan sonra Sizdə planlaşdırılmamış menstruasiya başlayıbsa, onda, çox güman ki, bu, menstrual tsikl pozğunluğudur. Çəhrayı ifrazatlar pis qoxu verirsə, Siz qarnınızın aşağı hissəsində sürükləyən ağrı hiss edirsinizsə və bədəninizin temperaturu yüksəkdirsə, onda, çox güman ki, Sizdə endometritdir (uşaqlığın daxili qişasının iltihabı). Çəhrayı ifrazatlar daha ciddi xəstəliklərin, məsələn, yumurtalığın yırtılması, uşaqlıqdankənar hamiləliyin simptomu ola bilər. Bu xəstəliklər zamanı çəhrayı ifrazatlar çox vaxt qarında güclü ağrılarla müşayiət olunur.
Çəhrayı rəngli ifrazatlar normal ifrazatlara uyğun gəlmirsə, onda Siz ginekoloqa müraciət etməlisiniz. Ginekoloq uşaqlıq boynuna baxış keçirər, floraya görə yaxma götürər, yumurtalıqların və uşaqlığın USM-ni də təyin edə bilər. Bütün bu analizlər çəhrayı rəngli ifrazatların səbəbini müəyyən etməkyə və müalicə təyin etməkyə köməklik edər.
Məndə palıdı və ya qara rəngdə ifrazat meydana gəlmişdir. Bu, nədir və mən nə etməliyəm?
Tünd rəngli (palıdı və ya qara) ifrazatlar qanlıdır, yəni onların tərkibində qan var. Palıdı və qara (qanlı) ifrazatlar: bu, nədir?

Palıdı (qanlı) ifrazatlar nə zaman normal hesab olunur:
Uşaqlıq yolundan gələn ifrazatlara tünd rəngi (palıdı və ya qara) qan damlaları verir. Palıdı rəngdə ifrazatlar sağlam qadınlarda aşağıdakı hallarda müşahidə olunur:
Aybaşı başlamazdan bir neçə saat və ya gün əvvəl. Bu, elə məhz yaxın zamanlarda menstruasiyanın başlayacağını bildirir.
Aybaşından bir neçə gün sonra. Bu da normaldır, çünki uşaqlıq son "lazımsız” qan damcılardan yaxa qurtarır.
Hormonal hamiləlik əleyhinə vasitələr (hamiləlik əleyhinə tabletlər, hormonal plastır, hormonal üzük) qəbul edən qadınlarda menstrual tsiklin ortalarında. Menstrual tsiklin ortalarında ifrazatlar çox miqdarda deyildirsə və ardıcıl olaraq 3 gündən çox davam etmirsə (bu, bəzi qadınlarda ovulyasiyanın simptomudur).
Fırtınalı seksdən sonra palıdı ifrazatlar uşaqlıq yolunun xırda zədələrindən yaranır. Həmçinin qanlı ifrazatlar qadının seks zamamı oyanmaması və onda kifayət qədər "sürtgü yağı"nın ifraz edilməməsi ilə əlaqədar mümkündür.
Siz cinsi həyata yenicə başlamısınız palıdı ifrazatlar təkcə qızlıq pərdəsinin pozulması zamanı deyil, həm də sonrakı cinsi aktlar zamanı və ya bir neçə cinsi aktdan sonra yarana bilər.
Palıdı (qanlı) ifrazatlar nə zaman xəstəliyin simptomudur?
Tünd ifrazatlar aşağıdakı hallarda xəstəlik əlaməti ola bilər:

İfrazatlar menstruasiya ilə əlaqəli deyil, menstrual tsiklin ortalarında yaranır və ardıcıl olaraq 3 gündən çox davam edir (əgər Siz bu arada hormonal preparatlar qəbul etmirsinizsə).
İfrazatlar hər dəfə seksdən sonra yaranır.
Palıdı ifrazatların fonunda Sizin bədən hərarətiniz yüksəkdir, qarnınızın aşağı hissəsində ağrılar, cinsiyyət orqanları nayihəsində qaşınma, uşaqlıq yolunda quruluq və yanğı, seks zamanı ağrılar var.
Sizin yaşınız 45-dən çoxdursa və 12 aydan artıq ardıcıl olaraq aybaşınız yoxdur.
Klimaks zamanı qanlı ifrazatlar
Ifrazatlar aybaşının ləngiməsindən sonra, onun əvəzinə yaranmış və ya hamiləlik testi müsbət nəticə vermişdir. Hamiləlik zamanı palıdı rəngli ifrazatlar və ya "aybaşı” saytımızda xüsusi məqalədə nəzərdən keçirilir. Hamiləliyin erkən vaxtlarında menstruasiya (aybaşı)
Məndən açıq palıdı rəngli ifrazat gəlir. Bu, nədir?
Açıq palıdı rəngli ifrzatlar aybaşından əvvəl, aybaşı başa çatdıqdan bir qədər sonra və ya menstrual tsiklin ortalarında müşahidə olun bilər. Bu ifrzatların yarandığı vaxtdan asılı olaraq onların səbəblərini təxmin etmək olar:
Menstruasiyadan (Aybaşından) əvvəl
Aybaşından əvvəl açıq palıdı rəngli ifrzatların gəlməsi tamamilə normal haldır. Onlar aybaşından 2-3 gün əvvəl yarana bilər və yaxın günlərdə tam menstruasiyanın başlayacağından xəbər verir. Bəzən bu ifrazatların fonunda qarnın altında ağrılar ola bilir. Bizim saytımızda bu mövzuya həsr edilmiş xüsusi məqalə var: Aybaşı zamanı qarın ağrıyırsa Əgər ifrazatlar aybaşının başlamasına 3 gündən çox qalmış yaranırsa və çox güclü ağrılarla (kəsici, deşici) müşayiət olunursa, onda bunlar adenomiozun sipmtomları ola bilər.
Menstruasiyadan (Aybaşından) sonra
Aybaşı başa çatdıqdan bir neçə gün sonra açıq palıdı rəngli ifrzatların yaranması da Sizi təşvişə salmamalıdır. Bu, tamamilə normaldır və onunla bağlıdır ki, uşaqlıq menstrual qanın qalıqlarını ifraz edir. Bu cür ifrazatlar adətən 3 gündən artıq davam etmir. Əgər ifrazatlar çox davam edirsə, onda Siz ginekoloqa müraciət etməlisiniz, çünki buna səbəb uşaqlığın adenomiozu, endometriozu və ya mioması ola bilər. Əgər ifrazatlar pis qoxu verirsə, onda bu, xroniki endometritin simptomu ola bilər.
Menstual tsiklin (Aybaşının) ortalarında
Menstrual tsiklin ortalarında açıq palıdı rəngli ifrazatların yaranması hormonal kontrasepsiyadan (hamiləlik əleyhinə tabletlər, hormonal üzük və ya hormonal plastır) istifadə edirsinizsə, normal hesab olunur. Hormonlar qəbul etmirsinizsə, onda buna səbəb aşağıdakılar ola bilər:
Menstrual tsikl pozğunluqları
Uşaqlıq yolunun iltihabı (göbələk xəstəliyi, bakterial vaginoz, xlamidioz, qonoreya, trixomoniaz və s.).
Uşaqlığın iltihabı (kəskin və xroniki endometrit).
Uşaqlıq borularının iltihabı (salpingit)
Endometrioz
Adenomioz
Uşaqlıq boynunun eroziyası
Uşaqlıq boynunun xərçəngi
 
Əgər açıq palıdı və ya çəhrayı rəngli ifrzatlar hər dəfə seksdən sonra yaranırsa, onda buna səbəb uşaqlıq boynunun eroziyası və ya uşaqlıq boynunun xərçəngi ola bilər.
Əgər açıq palıdı rəngli ifrzatlar seksual cəhətdən aktiv qadında yaranırsa, onda bu, cinsi yolla ötürülən xəstəliklərə işarə edə bilər. Bu halda ifrazatlar cinsiyyət orqanları nayihəsində qaşınma, uşaqlıq yolunda quruluq və yanğı, seks və sidik ifrazatı zamanı ağrılarla müşayiət olunur.
Əgər Siz kontrasepsiya vasitələrindən istifadə etmədən sekslə məşğul olursunuzsa, onda açıq palıdı rəngli ifrazatlar uşaq salmaya və ya uşaqlıqdan kənar hamiləliyə işarə edə bilər. Bu halda qadın qarnının aşağısında güclü ağrılar hiss edir.
Açıq palıdı rəngli ifrzatlar hamiləliyin simptomu da ola bilər. Əgər palıdı rəngli ifrazatlar aybaşı əvəzinə yaranmışdırsa, onda Sizin hamilə olmağınız mümkündür. Hamiləlik zamanı bu cür ifrazatlara implantasion qanaxma deyilir.
Əgər uşaqlıq yolundan gələn ifrazatlar pis qoxu verirsə və qarnın aşağısında küt ağrılarla müşayiət olunursa, onda buna səbəb uşaqlığın daxili qatının iltihabı (kəskin və ya xroniki endometrit) ola bilər .
Məndən tünd palıdı ifrazat gəlir. Bu, nədir?
Tünd palıdı ifrazatların yaranma səbəbləri də açıq palıdı ifrazatların səbəbləri ilə eynidir. Fərq yalnız bu ifrazatların tərkibində olan qanın miqdarındadır. Çox vaxt ginekoloq üçün qanlı ifrazatların rəngi (açıq və ya tünd) önəmli olmur, çünki istənilən halda onların tərkibində qan olur, bu isə onların yaranma səbəbləri haqqında düşünməyə əsas verir.
Aybaşı əvəzinə palıdı rəngli ifrazatlar: bu, nədir və nə etməli?
Aybaşı əvəzinə palıdı rəngli ifrazatların yaranmasının izahı Sizin cinsi həyat keçirib-keçirməməyinizdən və əvvəlki 1-2 ayda sekslə məşğul olub-olmamağınızdan asılıdır.
Mən cinsi həyat keçirirəm.
Əgər Siz seksual cəhətdən aktivsinizsə, onda qanlı ifrazatlar Sizin hamilə olduğunuza işarə edə bilər.
Aybaşı vaxtında başlamadıqda və bir neçə gün sonra palıdı rəngli ifrazatlar yarandıqda, çox güman ki, Sizdə hormonal pozğunluqlar var və bir neçə gün sonra normal aybaşı başlayacaqdır. Bu, baş vermədikdə və ifrazatlar cəmi bir neçə gün davam etmişdirsə, onda Siz hamiləlik testini etməlisiniz.
Əgər Siz müdafiə olunmamış sekslə məşğul olmuşdunuzsa, onda menstrual tsikl pozğunluqları və aybaşı əvəzinə palıdı rəngli ifrazatların yaranması cinsi yolla keçən xəstəliklərin əlaməti ola bilir. Bu halda ifrazatlardan başqa, uşaqlıq yolunda qaşınma, quruluq və yanğı, sidik ifrazı zamanı ağrı müşahidə oluna bilər. Sizdə sadalanan simptomlar varsa, onda ginekoloqa müraciət erməlisiniz.
Mən cinsi həyat keçirmirəm/son 1-2 ayda sekslə məşğul olmamışam.
Aybaşı əvəzinə qanlı ifrazatlar çox vaxt hormonal pozğunluqlarla izah olunur. Bu pozğunluqlar stress, həddindən artıq fiziki yüklənmə, habelə bəzi xəstəliklərdən yarana bilər. Aşağıdakı xəstəliklər aybaşı əvəzinə palıdı ifrazatların yaranmasına gətirib çıxara bilər:
Yumurtalıqların kistası
Endometrioz
Adenomioz
Endometrit – uşaqlığın daxili qatının iltihabı (endometriya)
Cinci yolla keçən xəstəliklər: qonoreya, trixomoniaz, xlamidioz və s.
Əgər Sizin 40-45 yaşınız varsa, onda aybaşı əvəzinə qanlı ifrazatlar başlamaqda olan menopauzanın (klimaksın) ilk əlaməti ola bilər.
Aybaşı əvəzinə yaranan az miqdarda qanlı ifrazatlar bir neçə gündən sonra klassik aybaşıya keçid etmədikdə, ginekoloqa müraciət etmək tövsiyə olunur.
Seksdən sonra palıdı rəngli ifrazat: bu, nədir və nə etməli?
Əgər seksdən sonra Sizdə daima çəhrayı və ya palıdı rəngdə ifrazatlar yaranırsa, onda bu, aşağıdakı hallara işarə edə bilər:
Uşaqlıq boynunun ektopiyası
Uşaqlıq boynunun eroziyası
Uşaqlıq boynunun displaziyası
Uşaqlıq boynunun xərçəngi
Uşaqlıq yolunun şişləri
Seksdən sonra qanlı ifrazatlar cinsi akt zamanı ağrılarla müşayiət oluna bilər. Lakin ağrının olmaması o demək deyil ki, Sizdə hər şey qaydasındadır. Əgər tünd ifrazatlar hər dəfə seks zamanı və ya seksdən sonra yaranırsa, onda Siz ginekoloqa müraciət etməli, floraya və sitologiyaya görə yaxma verməlisiniz.
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 8 378
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri