Heyvanları yormadan işlətmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 988
Səs ver:
(səs: 1)
Heyvanların yaradılmasının bir səbəbi də insanlara xidmət etməkdir. Bununla yanaşı uca dinimiz İslam təkcə insanlara deyil, heyvanlara belə gücü çatmayan yükü yükləməyi qadağan etmişdir. "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”.

Peyğəmbərimizin zamanında Abdullah ibn Cəfərin (r.a.) rəvayət etdiyi maraqlı bir hadisə var. Allah Rəsulu (s.a.s.) bir gün ənsardan bir gəncin bağçasına girdi. Bağçada bir dəvə var idi. Dəvə Allah Rəsulunu (s.a.s.) görən kimi inildədi, gözündən yaş axmağa başladı. Allah Rəsulu (s.a.s.) dəvənin ağladığını görüb ona yaxınlaşdı və gözünün yaşını sildi. Heyvan bir az sakitləşdi. Allah Rəsulu (s.a.s.) soruşdu:

–   Bu dəvənin yiyəsi kimdir?

Ənsardan bir gənc irəli çıxıb:

– O dəvə mənimdir, ey Allahın Rəsulu, – dedi. Allah Rəsulu ona xəbərdarlıq edərək belə buyurdu:

– Allahın sənə verdiyi bu dəvəyə görə Ondan qorxmursan? Bax! Bu, heyvan mənə şikayət etdi. Sən onu ac saxlayır və həddindən artıq işlədib, yorursanmış.

Heyvanların verilən əziyyəti hiss etdiklərini və bunun üçün şikayətçi olduqlarını göstərən bir başqa hadisəni Yəhya ibn Murrənin dilindən eşidək: "Bir gün Allah Rəsulu (s.a.s.) ilə birlikdə oturmuşduq ki, bir dəvə gəlib  Onun qabağında çökdü. Peyğəmbərimiz (s.a.s.) də mənə:

–  Allah sənə xeyirli əməllər nəsib eləsin, bax, gör bu dəvə kimindir? Ona nəsə olub, – dedi.

Mən də dəvənin yiyəsini axtarıb tapdım. Ona Allah Rəsulunun çağırdığını dedim. O da gəldi.  Peyğəmbərimiz (s.a.s.) ondan dəvənin nə dərdi olduğunu soruşdu. Dəvə sahibi:

– Dəvənin dərdini bilmirəm. Ancaq biz onu işlətdik, onunla su daşıdıq. Ta ki su daşımağa taqəti qalmadı. Buna görə də qərara aldıq ki, bu axşam onu kəsib ətini aramızda bölüşdürək.

Sevgili Peyğəmbərimiz ona bu tövsiyəni verdi:

– Onu kəsməyin, qoyun yaşasın”.

Heyvanları yaradılış məqsədlərinə uyğun işlərdə istifadə et­mək onların haqqıdır. Quran bu həqiqəti belə bəyan edir: "Sizin üçün minmək üçün heyvanlar yaradan Allahdır. Onlardan ətini yedikləriniz də var. Sizin üçün onlarda daha neçə-neçə mənfəətlər vardır (dərilərindən çadır qurur, yunlarından paltar, yor­ğan-döşək düzəldirsiniz). Bir işinizi onları minməklə və yükünüzü yükələməklə görürsünüz. (Quruda bir yerdən başqa yerə) onların üstündə, (suda isə) gəmilərlə gedirsiniz.”  Uçmaq üçün yaradılan quşu qəfəsə, balığı akvariuma salmaq heyvanlara əziyyət etməkdir. Təbii və fitri mühitindən uzaqlaşdırılan bu heyvanlar bir müddət sonra müqavimət və müdafiə gücünü itirir. Lakin ancaq akvariumda yaşaya bilən bir balıq, yaxud da yalnız qəfəsdə yaşaya bilən bir quş üçün akvarium və qəfəs təbii mühit sayılır.

Heyvanların yaşaması üçün lazımi tədbirləri görmək lazımdır. Belə ki, Abdullah ibn Ömər Peyğəmbərimizin (s.a.s.) qoyun sağan bir adamın yanından keçərkən belə buyurduğunu nəql edir:

– Qoyunları sağanda quzulara da süd saxlayın. Çünki qoyun heyvanların ən xeyirlisidir.

Uca dinimiz heyvanların ətindən istifadə etmək üçün müəyyən şərtlərlə kəsilməsinə icazə vermişdir. Çünki heyvanların yaradılış qayələrindən biri də onlardan faydalanmaqdır. Səha­bələrdən biri Allah Rəsuluna (s.a.s.):

–  Ey Allahın Rəsulu! Mən qoyun kəsəcəyəm, onunla mərhəmətli rəftar etsəm, necə olar? – deyə soruşur.

Peyğəmbərimiz də:

– Ona mərhəmət etsən, Allah da sənə mərhəmət edər, – deyə tövsiyə verir.

Başqa bir hədisdə belə buyurulur:

"Allahın dərgahında ehsan hər şeydən üstündür. Buna görə də öldürəndə gözəl şəkildə öldürün. Kəsəndə gözəl kəsin, bıçağı yaxşı itiləyin ki, heyvanı incitməsin”.

Göründüyü kimi, heyvanlar da yaradılış silsiləsinin bir halqasıdır. Bu halqa nə məqsədlə yaradılıbsa, ona uyğun münasibət görməlidir. Hər canlı daşıdığı cana görə dəyərlidir.

Hər bir haqq yerli-yerində dəyərləndirilməlidir. İnsan varlıqlar arasında üstün məqama malikdir. İnsan həyatını, əlbəttə, bir heyvan, və ya bitkiyə tən tutmaq olmaz. Aclıq və səfalət içində yaşayan, daldalanmağa bir daxması belə olmayan insanlar dura-dura heyvan haqlarına insan haqlarından çox diqqət ayırmaq nə dərəcədə doğrudur?!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 988
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri