Qızlar təhsil, karyera, yoxsa ərə getməyi seçməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 684
Səs ver:
(səs: 1)
Azərbaycan cəmiyyətində çox vaxt qız uşaqlarının təhsilinə birmənalı yanaşılmır. Respublikanın müxtəlif bölgələrində qızların erkən nikahına üstünlük verilir. Bu hal onunla əlaqələndirilir ki, əgər onlar erkən nikaha girməsələr, gələcəkdə ailə həyatı qurmaqda müxtəlif çətinliklərlə üzləşəcəklər. Bu isə öz növbəsində qızların kütləvi sürətdə təhsilə yönlənməsinə mənfi təsir göstərir. Əksər hallarda qızlar natamam orta təhsilli, və ya orta təhsilli olurlar (böyük əksəriyyət 60%-dən çox). Bunun nəticəsindədir ki, respublikanın bölgələrində nikaha girənlərin yaş səviyyəsi 17-23 yaş arası xüsusilə üstünlük təşkil edir. Bu yaşı ötüb keçənlər isə el sözü ilə desək, "evdə qalmış” kimi qəbul edilirlər. Regionlardan fərqli olaraq Bakı və digər iri şəhərlərdə isə qızların təhsilə (xüsusilə ali təhsilə) meylli olması onların nikah yaşını bir az artırır. Bu təhsillilərin içərisində karyera dalınca gedənlərin kifayət qədər çox olmasını da nəzərə alsaq, nəticədə nikah yaşı 25-30 və daha artıq həddə gəlib çatır. Bu isə digər bir problemin meydana gəlməsinə səbəb olur. Belə ki, müasir təhsilli, karyera qurmuş bu təbəqə artıq özünə nikaha girmək üçün əks cinsdən olan insanları tapa bilmir. Çox vaxt, belə əks cinsin nümayəndələrinin dünyagörüşü, təhsili və s. onların tələblərinə cavab vermir və ya tamamilə zidd olur. Bu hal isə həyatda uğur qazanmış qızlarımızın şəxsi həyatında uğursuzluğa səbəb olur.

Bununla belə, respublikada təhsil, karyera və şəxsi həyatı birlikdə inkişaf etdirən ailələr də mövcuddur. Bu tip ailələr sistemli şəkildə sadaladığımız hər bir hala xüsusi diqqət yetirir və onları inkişaf etdirirlər. Belə ailələri uğurlu ailələr hesab etmək olar.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda parlament sədrinin 3 müavinindən biri, 125 deputatından 19-u, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Ambustman, TQDK sədri, üç nazir müavini, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti sədrinin müavini, Naxçıvan MR-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili, Ali Məhkəmədə işçilərin 15 faizi, ümumi məhkəmələrin işçilərinin 9 faizi, Konstitusiya Məhkəməsi sədrinin müavini və bir hakim, 4 min 137 nəfər (26,5 faiz) bələdiyyə üzvü, 302 nəfər (17,7 faiz) bələdiyyə sədri, AMEA-nın işçilərinin 40%-ə qədəri, Təhsil və Səhiyyə işçilərinin 50%-dən çoxu, Dövlət Neft Şirkətinin vitse-prezidenti, rayon və şəhər icra hakimlərinin müavinlərindən biri qadınlardır.

Azərbaycanda qəbul olunmuş streotiplərə görə, qadınlar cəmiyyətdə daha çox müəllim və həkim kimi qəbul olunurlar. Bizdə qadının karyera qurmasına tək-tək hallarda rast gəlmək olur. Bunu kişilərin qalib təsəvvürləri əngəlləyir. Düşünürlər ki, qadına yüksək vəzifə vermək olmaz.

Azərbaycanda «Gender bərabərliyinin təminatı haqqında» qanun 2006-cı ildən qüvvəyə minib. Bu qanunun 5-ci maddəsində gender bərabərliyinə təminatla bağlı dövlət siyasətinin əsas istiqamətləri göstərilib. Orada gender bərabərliyinin təmini üçün normativ-hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı, normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi, eləcə də dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi kimi məsələlər əksini tapıb. Bu qanun ölkədə qəbul edilən bütün normativ hüquqi aktların gender ekspertizasını nəzərdə tutur. İqtisadiyyatda gender bərabərsizliyi baxımından Azərbaycan 135 ölkə içərisində 74-cü yerdədir Ancaq hələ də bu sahədə problemlər qalmaqdadır. Bu, özünü bir sıra beynəlxalq hesabatlarda göstərir. Dünya İqtisadi Forumunun «Qlobal gender bərabərsizliyi -2012» hesabatına görə, iqtisadiyyatda gender bərabərsizliyi baxımından Azərbaycan 135 ölkə içərisində 74-cü, siyasi iştiraka görə 113-cü, təhsil almağa çatma səviyyəsinə görə 84-cü yerdədir.

Cəmiyyətimizdə maddi cəhətdən imkanlı ailələr qadının işləməməyini, cəmiyyətdə fəallıq göstərməməyini əsas sayırlar. Axı yoxsul ailələrdə çox vaxt ailəni saxlamaq üçün qadının da çalışmağına ehtiyac yaranır. Azərbaycanda o qədər aztəminatlı ailələr var ki, düşünürəm ki, stereotiplərə baxmayaraq, evin kişisi istəyər ki, evin qadını da işləyib evə pul gətirsin. Belə halda fikrimcə, iqtisadi vəziyyət stereotiplərin gücünü azaldar. Amma, azərbaycan cəmiyyəti hələ qəbul edə bilmir ki, qadınlar da uğur qazana, özlərini doğrulda bilərlər. Bunun üçün isə onlara karyera qurmaqda köməklik göstərmək lazımdır.

Cəmiyyətimizdə normal məntiqə malik olan yüksək əksəriyyətin fikri qızların karyeranı ailədən daha üstün tutmasına inanmır. Hər bir qadın ilk növbədə bu dünyaya ana kimi gəlir və analıq missiyası təmin olmalıdır. Heç bir qadın deyə bilməz ki, mən ana olmaq istəmirəm. Lakin müxtəlif səbəblərə görə bu alınmaya bilər, onda qadın öz potensialını karyeraya yönəldir. Yaxud cəmiyyətimizdə elə qadınlar da var ki, çox böyük potensiala sahibdirlər. Lakin həm ana, həm ailə sahibi ola bilir və eyni zamanda karyera da qura bilirlər.

Bu məsələ ilə bağlı keçirdiyimiz sorğu çox ciddi problemləri ortaya çıxardı. Müxtəlif yaş qrupları arasında aparılan sorğunun nəticələri gəldiyimiz nəticələrin bir daha təhlil olunmasının vacibliyini diqqət mərkəzinə çəkdi.

Sorğuda iştirak edən respondent Billurə (adı şərtidir) Universiteti bitirdikdən sonra iş axtarmaga başlayır, ailə haqda heç fikirləşmir. Elçilərin çoxluğu və onların işi, təhsili və xarici görünüşünə görə bəyənilməməsi onun ailə qurmasını ikinci plana atmışdır. İndi 43 yaşı var. Bu illər ərzində O, şəxsi biznesini qurmuş, fərdi avtomobil və ev almışdır. Amma həyatda nəsə çatmır, daha doğrusu, ömür-gün yoldaşı... Digər bir respondent Fatimə xanım isə (adı şərtidir) elm sahəsində kifayət qədər uğurlara imza atıb. O artıq elmlər doktoru, professordur. 36 yaşı adlayan bu xanım isə şəxsi həyatından başqa bütün təminatlarla təmin olunub… Üçüncü respondentim Arzu xanım (ad şərtidir) 32 yaşında dövlət qulluqçusudur. Poliqlot olan bu xanım təhsili və çatdığı karyerası ilə hamının diqqət mərkəzindədir. Maddi cəhətdən çox yaxşı təmin olunmuş Arzu xanım da şəxsi ailəyə məxsus deyil…

17-21 yaş arası qızlar arasında keçirdiyimiz sorğuda iştirak edən respondentlərin 90%-i ailəni təhsil və karyeradan üstün tutmuş, yalnız sorğuda iştirak edən qızların 10%-i karyeranı ailədən əsas hesab etmişlər. Bu yaş qrupunda olan oğlanların isə tam əksəriyyəti karyeranı ailədən üstün hesab etmişlər. 30-35 yaş qrupunda sorğuda iştirak edən qız respondentlərin əksəriyyəti isə ailəni karyera və təhsildən üstün və əsas hesab edirlər. Bu yaş qrupunda olan sorğuda iştirak edən oğlan respondentlərin isə 50%-i ailəni, 50%-i isə karyeranı əsas hesab edirlər.

Bu ölkədə 30 yaşdan çox olan qızlarla nikaha girənlərə dövlət tərəfindən birdəfəlik olaraq 10 min dollardan artıq yardım verilir.

Dünyanın müxtəlif bölgələrində qızların nikahını stimullaşdırmaq üçün müxtəlif təcrübələrdən istifadə olunur. Səudiyyə Ərəbistanında 30 yaşı keçmiş və nikaha daxil olmamış qızların sayının çoxluğu dövləti bu sahədə müxtəlif cəlbedici addımlar atmağa məcbur etmişdir. Bu ölkədə 30 yaşdan çox olan qızlarla nikaha girənlərə dövlət tərəfindən birdəfəlik olaraq 10 min dollardan artıq yardım verilir. Yaxud latın amerikası ölkələrində cinslər arasındakı yüksək faiz disbalansı bu ölkələrdə ikili nikahların rəsmən qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycanda hələlik sadaladığımız problemlər yoxdur və onların yaxın onilliklər ərzində gözlənilmədiyi proqnozlaşdırılır.

Azərbaycanda ailə institutu möhkəm dayaqlar üzərində qurulduğundan, digər ölkələrdən fərqli olaraq bu məsələyə xüsusilə yüksək önəm verilir. Həm də respublikada Qərbi Avropa ölkələrindən fərqli olaraq vətəndaş nikahı institutunun olmaması, insanların öz təbii istəklərini yalnız ailə-nikah münasibətləri zəminində təmin etməsi vətəndaşlarımızın bu məsələyə daha həssas yanaşmasını zəruri edir. Digər tərəfdən respublikamızın 23 ildir ki təcavüzə məruz qalması və müharibə vəziyyətində olması, burada yaşayan insanlarımızın cins tərkibindəki fərq, xüsusilə də oğlanların daha çox miqrasiya etmə ehtimalı faizinin çoxluğu bu məsələdə formalaşmış streotiplərə xüsusi təsir göstərir. Əgər Avropa ilə müqayisə etsək görərik ki, Avropa qızları (yüksək faizlə) ali təhsil aldıqdan sonra ailə qurmağa üstünlük verirlərsə, Azərbaycan qızları orta təhsil aldıqdan sonra ailə qurmağa üstünlük verirlər. Bizim qızlarımızda həm də belə bir təsəvvür yaranıb ki, onlar 20-23 yaşa qədər ailə qurmayıblarsa daha onların ailə qurmaq şansları tükənir. Ona görə də erkən nikaha daha çox üstünlük verirlər. Yəqin ki, bu məsələdə valideynlərin də rolu birmənalı olaraq çoxdur. Valideyn maddi imkansızlıqdan əziyyət çəkdikdə və ya aztəminatlı olduqda öz uşaqlarını oxutmağa daha az meylli olur. Çünki uşaqların təhsili əlavə vəsait tələb edir, xüsusilə uşaqlar regionlardan şəhərə oxumağa gəlirlərsə. Şəhər yerlərində yaşayan valideynlərdə isə bu məsələdə regionlardan fərqli olaraq müsbət dinamika meyli hiss olunur. Onlar təhsil məsələsinə daha liberal yanaşırlar.

Sanki övlad tərbiyə etmək ucuz bir iş, gerilikdir, iş həyatının olması isə müasirlikdir. Yaxud da ali təhsil, diplom varsa, mütləq işləmək lazımdır. Əslində isə məhz ali təhsilli, savadlı qadın uşaq tərbiyə etməyin, onu mənəvi cəhətdən kamil yetişdirməyin nə qədər dəyərli və əhəmiyyətli olduğunu dərk edərək, övladına ana olmağı iş qadını olmaqdan üstün tutur. Sadaladığımız model yapon təcrübəsində tamamilə hakim bir ideyadır. Yaponiyada evdar qadınların yüksək faizi ali təhsillidir.

İnsan maddi təminatı olmadan yaşaya bilməz, onun qidalanmaq, geyinib-keçinmək və s. kimi ehtiyacları vardır. Ənənəvi ailə anlayışında qadın evin daxili, kişi isə xarici idarəçisi olduğundan ailənin maddi cəhətdən təminatı kişinin üzərinə düşür. Hələ uşaq yaşlarından bizə mənimsədilmişdir ki, kişi, yəni ata işdə, ana isə evdə olmalıdır. Hətta atası işləməyən yenicə dil açmış uşaq belə "atan haradadır?” sualına "işdə” cavabı verir. Məhz elə ən ideal ailə modeli də qadının evinin xanımı, kişinin isə işdə olması halıdır. Sanılmasın ki, evdar xanım olmaq asandır, çünki kişi 7-8 saat işləyirsə, qadın 24 saat öz şərəfli vəzifəsi başındadır. Bununla belə, işləyən qadınlar da kifayət qədərdir. Bunlar ya övladını tək böyüdən və onu maddi cəhətdən də təmin etməyə məcbur olan analardır, ya da, sadəcə, faydalı olmaq məqsədilə işləyən qadınlardır.

Dövrümüzdə maddiyyat kişini övladından, ailəsindən uzaq sala bilir. Bir quru çörək pulu üçün qürbətdə çalışan, doğmalarının üzünü illərlə görməyən minlərlə ailə başçısı vardır. Kimisi birgünlük yeməyi üçün, kimisi isə daha çox pulu olsun deyə çalışır. Maddiyyat hərisliyinə düşərək yaşamağı, aza qane olmağı unudan insanları gördükdə Mir Cəlalın bir hekayəsi yada düşür. Hekayədə təzəcə ailə qurmuş gənc qadın və kişi daha çox qazanmaq üçün gecə-gündüz işləyirlər. Hərəsi bir neçə işdə çalışdıqları üçün evlərində bir-birilərinin üzlərini həftələrlə görmürlər. İş o yerə gəlib çatır ki, hal-əhval tutmaq üçün ər-arvad məktublaşırlar. Ən acınacaqlısı isə odur ki, bütün qazandıqları bir oğruya qismət olur. Həyatda daha çox gəlir qazanmağa çalışmaqdansa, xoşbəxt olmağa, hüzurlu, mənəviyyatlı olmağa çalışmaq lazımdır.

Beləliklə, Azərbaycanda qızların və oğlanların təhsil, karyera və ailə haqqında təsəvvürlərində inqilabi dəyişikliklər etmək lazımdır. Fikrimcə bu məsələdə təhsil birinci dərəcəli əhəmiyyətə malik amil kimi əsas götürülməlidir. Ailə və karyera isə yalnız təhsildən sonra formalaşmalıdır. Əgər kiminsə xüsusi istedadı varsa, bu üç amili birlikdə inkişaf etdirirsə, bu da xüsusi alqışlanası hal hesab edilməlidir. Cəmiyyətimizin inkişafı da yalnız intellektual cəhətdən inkişaf etmiş insan kapitalının formalaşmasından və onun səmərəli istifadəsindən daha çox asılıdır. Müasir dünyada da inkişaf edən ölkələr intellektual insan resurslarından səmərəli istifadə etməklə daha da irəliyə doğru yüksək templə inkişaf edirlər. Bizim üçün də bu yol daha dayanıqlı və zəruri istiqamət olmalıdır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri