Cənnətə necə layiq olmaq mümkündür?

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 2 256
Səs ver:
(səs: 0)
Hədislər əsasında

Həzrət Muhəmməd Peyğəmbər (s) buyurub:

“Hər kəs behiştin həvəsindədirsə, xeyir işlər etməyə tələssin” (Bihar əl-ənvar, cild 77, səh. 96).

“Siz mənim üçün altı əməli etməyə zəmanət verin (yəni bu əməlləri edəcəyinizə söz verin), mən də sizə behişti zəmanət verərəm (yəni behiştə düşməyinizə zamin duraram): danışanda doğru söyləyin, vəd verəndə vəfalı olun, sizə əmanət veriləndə qoruyub geri qaytarın, cinsiyyət üzvünüzü (əxlaqsızlıqdan) qoruyun, gözlərinizi harama baxmaqdan çəkindirin, əllərinizi günahdan uzaq saxlayın” (Nəhc əl-fəsahə, hədis 321).

“Cənnətdə bir ev var ki, ona dar əl-fərəh (şadlıq və sevinc evi) deyərlər. O evə yalnız möminlərin yetim balalarını sevindirənlər daxil ola biləcəklər” (Nəhc əl-fəsahə, hədis 864).

“Rəbbninizə münasibətdə təqvalı olun, (gündəlik) beş namazınızı qılın, bir ay orucunuzu tutun, malınızın zəkatını verin, əmr sahiblərinizə (rəhbərlərinizə) itaət edin və (bunun nəticəsi olaraq) Rəbbinizin behiştinə daxil olun!” (Sünən Tirmizi, Əbvab əl-səfər, hədis 616).

“Hər kim öz ağlayan uşağını sakitləşdirib razı salsa, əzəmət və cəlal sahibi olan Allah da ona cənnətdən o qədər pay verər ki, razı düşsün” (əl-Firdovs əl-əxbar, III, 549).

“Ey Qüreyş cavanları! Cinsiyyət üzvünüzü günahdan qoruyun. Hər kəs bunu etsə, cənnətlikdir” (Təbərani. əl-Möcəm əl-avsət, VII, 61).

“Hər kimin qonşusu ondan amanda deyilsə, cənnətə daxil olmaz” (Nəhc əl-fəsahə, hədis 2532).

“Kim öz müsəlman qardaşının abır-həyasını qorusa, şübhəsiz, cənnət ona vacib olar” (Şeyx Səduq. Səvab əl-əmal).

“Kim zalımdan məzlumun haqqını alsa, cənnətdə mənimlə yoldaş olar” (Bihar əl-ənvar, cild 75, səh. 359).

“Yaxşı niyyət öz sahibini cənnətə aparar” (Müttəqi Hindi. Kənz əl-ümmal, XIII, 151).

“Üç xususiyyət var ki, Allah bunlardan birini hər kimə versə, ona cənnəti də vacib edər: kasıblıq halında infaq (başqalarına maddi yardım etmək), hamıya münasibətdə mehriban olmaq və insafla rəftar etmək” (Nəhc əl-fəsahə, hədis 1281).

İmam Əli ibn Əbu Talib (ə) buyurub:

“Öz daxilini gözəlləşdirməyən və niyyətini paklaşdırmayan adam cənnətin mükafatına nail olmaz” (Ğürər əl-hikəm, hədis 10868).

“Cihad cənnətin qapılarından biridir. Allah bu qapını öz dostları arasından seçilmişlərin üzünə açar” (Nəhc əl-bəlağə, xütbə 27).

İmam Hüseyn (ə) buyurub:

“İki nəfərin arasında mübahisə düşəndə onlardan hansı biri o birini razı salsa (barışığa getsə), cənnətə daha tez gedər” (Feyz Kaşani. Məhəccət əl-beyza, IV, 228).

İmam Muhəmməd Baqir (ə) buyurub:

“Dörd xüsusiyyət var ki, hər kimdə bunlar olsa, Allah o adamdan ötrü cənnətdə ev tikər (yəni ona cənnətdə xüsusi məkan verər): yetimə sığınacaq verən, zəifə mərhəmət edən, valideyninə şəfqət göstərən və ixtiyarı altında olanla (nökərlə, işçi ilə) mehriban davranan” (Üsuli-Kafi, “Valideynə yaxşılıq babı”).

İmam Cəfər Sadiq (ə) buyurub:

“Cənnət əhlinin dörd əlaməti var: mehriban üz, yumşaq (başqalarını incitməyən) dil, mərhəmətli qəlb və səxavətli əl” (Məcmuət Vərram, II, 91).

İmam Musa Kazim (ə) buyurub:

“Həya imandandır, iman (yəni imanlı adam) isə cənnətdədir” (Bihar əl-ənvar, cild 78, səh. 309).
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 256
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri