Allah evinin başına dolanmaqla onlar Uca Yaradana öz sonsuz məhəbbətlərini izhar edirlər
Həcc
mövsümündə Kəbə evinin ətrafında dolanan ağ geyimli zəvvarlar təvafı
yerinə yetirirlər. Təvaf – Kəbə evinin ətrafında yeddi dövrəyə deyilir.
Təvaf edən hacılar öz ibadətlərini kamilliyə yetişdirirlər. Allah evinin
başına dolanmaqla onlar Uca Yaradana öz sonsuz məhəbbətlərini izhar
edirlər.
Həcc
– həyat dərsləri ilə dolu bir proqramdır. Müxtəlif ayinləri kamil
şəkildə yerinə yetirən müsəlman nəinki mənəvi ləzzətlərə nail olur,
həmçinin öz fərdi maraqlarını unudaraq böyük bir ümmətin parçası
olduğunu dərk edir. Məhz bu məqsədlə də müsəlmanlar ehram bağlamaqla
eyni libas geyinirlər. Ehram geyərkən zəvvar təlbiyə deyir. Necə ki
namazda Təkbirətül-ehramı ("Allahu Əkbər”) deməklə insan namaza başlamış
sayılır, təlbiyə deməklə insan ehram halına girmiş olur. Təlbiyə isə
aşağıdakı sözlərdən ibarətdir: "Ləbbəyk, Allahummə ləbbəyk, ləbbəykə la
şərikə ləkə ləbbəyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə
ləkə ləbbəyk”. Yəni "Sənə itaət edirəm, ey şəriki olmayan! Həqiqətən
həmd, nemət və hər şeyin mülkü Sənə məxsusdur. Ey şəriki olmayan, Sənə
tabe oluram!” İnsan təkəbbürdən, xudbinlikdən və dünya mənfəəti
arzusundan uzaqlaşaraq, təmsil etdiyi ümmətin maraqlarını önə çəkir.
Həccin
ən cəlbedici ayinlərindən biri təvaf sayılır. Uzaq yoldan Məkkəyə gələn
Allah qonaqlarının Məscidül-Hərama özlərini yetişdirmələri, təşnə
insanın suya çatmasına bənzəyir. Həzrət İbrahimə (ə) Kəbə evini inşa
etmək əmr olunan gündən bu məkan həmişə insanların ziyarət və ehtiram
yeri olub. Tarix boyu İlahi mərifət əldə etmək üçün insanlar Kəbəyə
tərəf can atıblar. Müqəddəs Kəbə evi Məscidül-Həramın mərkəzində
yerləşən kub formasında tikilmiş bir məbəddir. Onun üzərinə qızıl
hərflərlə Quran ayələri həkk olunmuş qara parça atılıb.
Qiblənin,
yəni Kəbənin əzəməti insanları heyrətə gətirir. Şövqlə dayanmadan təvaf
edən zəvvarlar bütün dünyəvi bağlılıqlardan və nəfsani istəklərdən azad
olaraq ürəkdən "Ləbbeyk, Allahummə Ləbbeyk!” (İlahi, Sənə tabe oluram!)
deyə nida edirlər. Qəlbin dərinliklərindən çıxan bu sözlər Yaradanla
məxluq arasında bütün maddi pərdələri yırtır və bəndəni öz Rəbbinə
qovuşdurur. Sanki, bu ümmətin ürəyi də "Allah! Allah!” deyə döyünür.
Təvaf sona çatdıqdan sonra "İbrahim məqamı” arxasında iki rəkət namaz
qılmaq vacibdir.
Həccin
digər vacib əməllərindən biri də səydir. Səy Səfa ilə Mərva dağları
arasındakı yolu yeddi dəfə getməyə deyilir. Rəvayətə əsasən, Həzrət
İsmayıl (ə) su istəyərkən anası Həzrət Hacər (s) su axtarmaq üçün bu iki
dağ arasında qaçıb. Daha sonra Həzrət İsmayıl (ə) ayaqlarını yerə
vurmağa başlayır və həmin yerdən Zəm-zəm bulağı qaynayır. Hazırda da
hacılar əsrlər öncə Həzrəti Hacərin (s) və İsmayıl peyğəmbərin (ə) ayaq
basdığı bu torpaq üzərində qaçır və Allahın müti bəndələrinin
əziyyətlərini yad edərək bu hissləri özləri yaşamağa çalışırlar.
Milyonlarla
müsəlmanın öz qiblələri ətrafında dolanmalarının, Səfa və Mərva
arasında səy etmələrinin, əlbəttə ki, bir sirri var. İlahi eşqi nümayiş
etdirən təvaf həmçinin Muhəmməd (s) ümmətinin vəhdətinin, bir cəbhədə,
bir fikirdə, bir hərəkətdə olmasının rəmzidir. Məzhəbindən, irqindən,
milliyətindən, cinsindən asılı olmayaraq Məscidül-Hərama daxil olan
zəvvar qeyri-ixtiyari olaraq Kəbənin ətrafında dolanan izdihamlı axına
qoşulur. Eyni zamanda təvaf və səy ictimai fəallığa, insanın və müsəlman
cəmiyyətinin Allah yolunda daim hərəkətdə olmasına işarə edir. İnsan
anlamalıdır ki, həmişə hərəkətdə olmalıdır, onun hər əməli Allah üçün
olsa, ömrü uzun bir təvafa bənzəyər.
Yalnız
maddiyyatdan qaçan insan mənəviyyat əldə edə bilər. Həccin çətinlikləri
Allah yolunda çəkilən əziyyətləri insan üçün şirinləşdirir. Buna
görədir ki, Həcc həm Quranda, həm Sünnətdə çox mühüm bir ibadət kimi
zikr olunur. Quran buyurur: "Onun yoluna (ərzaq, minik və sağlamlıq
baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi
insanların Allah qarşısında borcudur. Kim bunu küfr (inkar) edərsə,
(özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac
deyildir!”