Peyğəmbər (s.a.a.) Ramazan
ayının fəziləti haqqında buyurub: "Ramazan ayı mübarək bir aydır. Allah
təala sizə Ramazan ayını fərz etdi. O ayda lütf, mərhəmət qapıları
açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular. O ayda
bir gecə var ki, min aydan daha xeyrlidir. O gecənin xeyrindən məhrum
olan bütün xeyirlərdən məhrum olmuş kimidir” (Nəsai).
"Ramazan ayı girdikdə "Xeyir əhli xeyir üçün çalış, şər əhli pisliklərdən əl çək” deyilər” (Nəsai).
"Ramazan bərəkət ayıdır. Allah bu ayda günahları bağışlayar, duaları qəbul edər” (Təbərani).
"Ramazan girdikdə Allah mələklərə möminlərə dua etməyi əmr edər” (Deyləmi).
"Fərz
namaz sonrakı namaza qədər, cümə namazı sonrakı cümə namazına qədər,
Ramazan ayı da o biri Ramazan ayına qədər olan günahlara kəffarə olar”
(Təbərani).
"Ard-arda üç gün oruc tuta bilən kəs Ramazan orucunu tutmalıdır” (Əbu Nuaym).
”Bu aya Ramazan deyilməsinin səbəbi günahları əritməsidir” (Mənsur).
"Ramazan ayının əvvəli lütf (mərhəmət), ortası bağışlanma (məğfirət), sonu isə cəhənnəmdən qurtuluşdur.” (Əbu əd-Dunyə)
"İslam şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etməkdir” (Müslim).
"Allah
təalanın gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin
xəyalına gətirə bilmədiyi zəngin süfrəsi ancaq oruclular üçündür”
(Təbərani).
İmam Rəbbani də belə deyib:
"Mübarək Ramazan çox
şərəfli bir aydır. Bu ayda yerinə yetirilən nafilə namazlar, zikr,
sədəqə və bütün nafilə ibadətlərə verilən əcr başqa aylarda yerinə
yetirilən fərzlər kimidir. Bu ayda yerinə yetirilən bir fərz başqa
aylardakı yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin
günahları bağışlanar və o, cəhənnəmdən qurtular. O oruclunun əcri qədər o
şəxsə də əcr verilər və bundan dolayı oruclunun əcrindən də heç bir şey
azalmaz.
Bu ayda əmri altında olanların işlərini asanlaşdıran,
onların ibadət etməsinə şərait yaradan əmirlər, başçılar da əfv edilib
cəhənnəmdən azad olunarlar. Ramazan ayında Peyğəmbərimiz (s) əsirləri
azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və gözəl şəkildə
buyrulanlara əməl edənlərə bütün il boyu bu işləri görmək nəsib olar. Bu
aya hörmətsizlik edən bütün il boyu günahdan qurtula bilməz. İnsan oğlu
bu ayın verdiyi fürsətdən faydalanmalı, bacardığı qədər ibadət etməli,
Allahın razı olduğu işləri görməli və ondan axirəti qazanmaq üçün
istifadə etməlidir. Quranı-Kərim Ramazan ayında nazil olub. Qədr gecəsi
bu aydadır. Xurma ilə iftar etmək, təravih namazı qılmaq, Quran oxumaq
əsas sünnətlərdəndir. Bu ayda hər gecə cəhənnəmə girməli olan minlərlə
müsəlman əfv olunur. Allah təala bu mübarək ayda Onun şəninə layiq
şəkildə qulluq etməyi və bizim üçün seçdiyi yolla getməyi hər bir
müsəlmana nəsib etsin! ”.
"Ramazan ayında ailənizin xərcliyini artırın! Bu ayda xərclənən hər şey Allah yolunda xərclənmiş kimidir” (Təbərani).
"Oruclunun sükutu təsbih, yuxusu ibadət, duası məqbul, əməlinə verilən əcr isə qat-qatdır” (Deyləmi).
"Oruclu ikən ədəbsiz danışmayın! Bir kimsə sizə sataşarsa, ”mən orucluyam” deyin” (Buxari).
Ramazanda
oruc tutmaq çoxlu savab qazandırar. Əsassız yerə orucu tərk etmək böyük
günahdır. Bir hədisdə deyilir: "Bir əsas olmadan Ramazanda bir gün oruc
tutmayan bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o günün
əcrini qazana bilməz” (Tirmizi).