Həya insan dəyərini göstərən bir gözəllikdir. Həyasından ötəri yanaqları
qızaran bir kəs həqiqətən bu inci dəyərləri hələ də üzərində
yaşatdığını göstərir. Çünki həya gözəl əxlaqın bir təcəsümüdür. Bu
gözəllik hər bir kəsə yaraşar. Bu gerçəyi isə ilk dəfə Allah Rəsulu
Muhəmməd (sallAllahu aleyhi və səlləm) açıq şəkildə ifadə etmişdir.
Bizlərdə iffətli, utancaq, ədəbli və həyalılara "qız uşağı kimi” xitab
edirlər. Lakin Allah Rəsulu (sallAllahu aleyhi və səlləm) qız uşağından
belə həyalı idi.
Amma çox təəssüflər olsun ki, indi utanmaqdan utanan bir nəsil yetişir.
Utanması lazım olandan utanmayan, amma utanmaması lazım olandan utanan
bir nəsil…
Halbuki onları əxlaqsızlıq, haqsızlıq, mərhəmətsizlik, insanı
keyfiyyətlərin günü-gündən yox olması utandırmalı idi? Lakin yaşadığımız
dövrdə bu sadaladıqlarımdan utananlar özləri utanc mənbəyi
ediliblər.Halbuki RasulUllah (SallAllahu aleyhi və səlləm) buyurur:
"Həya imandandır". Amma yenə təəssüf edirəm ki, hal-hazırda həyanın bir
insanı gözəllik olaraq yaşamaq bir yana qalsın, artıq sözün özü də
dilimizdən və lüğətimizdən düşməkdədir. Dilimizdə qaldımı "həya”? Ya
həyatımızda...?
Dilimizdə işlənməyən bir söz həyatımızda qalarmı? Və bunun bariz
nümunəsidir ki, hər gün həyasızlıqlar, əxlaqsızlıqlar ilə qarşılaşırıq.
Bəşəriyyət əvvəlcə "həya” anlayışını, sonra isə bütünlüklə onun ifadə
etdiyi mənalarını itirməkdədir. Təbii ki, RasulUllah (SallAllahu aleyhi
və səlləm) söylədiyi kimi həyanın təməlində iman dayanmışdır. İnsanda
Allaha və Axirətə iman yoxdursa demək ki, o kəsdə nə əxlaq, nə də həya
vardır. Çünki insanın etdiklərini məhdudlaşdıran və özünə nəzarət etməyi
tələb edən-imandır. Əgər qəlbdə iman olmazsa o qəlbə Şeytan hakim olar.
Və nəfs ilə Şeytanın ən güclü silahı isə əxlaqsızlıqdır. İndi sizdən
soruşuram:
-Allahdan həya etməyən, utanmayan bir kəs, kimdən utanacaq ki? O insan
necə həyasızlıqdan və əxlaqsızlıqdan imtina edə bilər ki?O insan ki,
Allahdan uzaqlaşır, Rəbbini tərk edir, demək ki, o kəsdə olan bir çox
insanı keyfiyyətlər də onu tərk edəcəkdir. Tərk edilənlərin önündə isə
həya olacaqdır. Həyası olmayan kəs nə istəsə edəcəkdir. Beləcə insan
"Allahın qulu olmaqdan xilas olub azadlığımı qazanım” deyərkən, nəfsinin
köləsi olub, bütün varlığın əsiri olacağını heç düşünmədimi? O Allahdan
uzaqlaşınca insanlıq və insani keyfiyyətlər də ondan uzaqlaşacaqdır,
deyə fikirləşmədimi? O uzaqlaşarkən hara yaxınlaşacağının fərqinə
varmadımı? Təbii ki, bu yer həya qəbiristanlığı, iffətin, abırın dəfn
edildiyi məkan olacaqdır. Və bilin ki, qəlbinizdəki iman gedərsə özünə
bir yol yoldaşı da seçər, onu da özü ilə aparar. Bu yol yoldaşı isə
həyadır. RasulUllah (SallAllahu aleyhi və səlləm) buyurur:
-"Utanmırsınızsa istədiyinizi edin!” İnsanlar bu cümlənin gerçək
mənasını dərk etsəydilər bu gün yer üzündə nə bir zülm qalardı, nə də
bir damla neft üçün axıdılan min damla qan... Yaşadığımız dövrdə nə
əxlaqsız öz geyimindən, əslində isə əynində geyim olmadığından utanmır,
nə yalançı yalanından, nə də oğru oğurluğundan utanmır.
İnsanlara əxlaqın yaşatdığı gözəlliklərdən bəhs etmək əvəzinə elm
xadimimizdən biri çıxıb: "Biz heyvanlar qədər dəmi, sərbəst yaşa
bilməyəcəyik?-söyləyir.
Halbuki heyvanlar qədər azad yaşamaq üçün lazım olan əxlaqsızlıq, ancaq
Şeytanı sevindirər. Hətta qarşılaşdığımız, acınacaqlı hallardan biri də
valideynlərin övladlarından şikayət etmələridir:
-Övladım çox utancaqdır, heç bilmirəm necə edim?!”
Ey həyalı övladından şikayətçi olan valideyn! Bilsəydin ki, necə
xoşbəxtsən... Ona görə xoşbəxtsən ki, həyasını itirmiş cəmiyyətdə
yaşayan həyalı bir övladın var. Siz indi onda olan utancaqlığa təhlükəli
bir xəstəlik kimi baxırsınızsa ola bilər onu bu xəstəlikdən müalicə
edəsiniz. Amma bu zaman övladınızı daha qorxunc bir xəstəliyə-həyasızlıq
xəstəliyinə düçar etmiş olarsınız. Bax əsl təhlükə budur. Çünki həyalı
olmaq, həyasızlıqdan daha yaxşıdır. Unutmayın ki, həya duyğusunu məhv
etmək çox asandır, lakin yenidən diriltmək isə bəlkə də mümkün olmayacaq
qədər çətindir. Onun üçün də əgər Uca Yaradanın qarşısında, o böyük
məhkəmədə utanmaq istəmirsinizsə bu fani dünyada çox utanmalı, həyalı
olmalısınız.
Bir halda ki, fitnənin hər tərəfə yayıldığı yay mövsümüdür. Yarımçılpaq
qadınlar və onlardan nəzərlərini çevirə bilməyən, öz nəfsinə qul
olanlar...
Siz heç RasulUllahın (SallAllahu aleyhi və alihi səlləm) "Hər gələn gün
keçən gündən daha fitnəli olacaqdır” və ya "Məndən sonra kişilərə ən
çox zərər verən qadınların fitnəsi olacaqdır”-dediyini eşitmədinizmi?
Eşitməmişdinizsə də indi eşitdiniz. Onun üçün də özünüzü yanacağı
insanlar olan Cəhənnəm odundan qoruyun. Və bu yarımçılpaqları seyr
edənlər, unutmayın ki, gözləriniz sizin əleyhinizə şahidlik edəcəkdir.
Bəs bir zaman sizdən yarımçılpaq qadınlar haqqında "Onlar hədlərini
aşıb, özlərini sərgiləyərkən bəs siz niyə öz baxışlarınızla onları
örtmədiniz?” deyə soruşulduqda nə cavab verəcəksiniz???