Uca Allah Peyğəmbərin vəfat edəcəyi barədə Qurani Kərimdə buyurur:
"Sözsüz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (əz-Zumər, 30).
Ənəs ibn Malik demişdir: "Rəsulullah (vəfatına səbəb olan xəstəliyə
tutulduğu zaman) bazar ertəsi mən axırıncı kərə onun üzünü gördüm. Həmin
vaxt o, qaldığı hücrənin pərdəsini qaldırdı və mən onun üzünə baxdım.
Onun üzü, sanki Quran kağızı idi. Bu əsnada camaat Əbu Bəkrin arxasında
(sübh) namazına durmuşdu. Onlar (Peyğəmbəri görəndə sevinclərindən) az
qaldılar ki, namazdan çıxsınlar. Əbu Bəkr camaata imamlıq edərkən
(Peyğəmbərin namaz qılacağını zənn etdi və dala çəkilərək arxasındakı
cərgəyə keçdi), lakin Peyğəmbər əli ilə camaata yerlərində qalmağı işarə etdi. Sonra o, pərdəni aşağı saldı və həmin günün axırında vəfat etdi.”
Hicrətin 11-ci ilində – səfər ayında Peyğəmbərin xəstəliyi
şiddətlənmiş, bu xəstəlik on üç gün, yaxud bundan bir gün artıq və ya
bir gün əskik davam etmiş və nəhayət, rabiyəl-əvvəl ayında, bazar ertəsi
o, vəfat etmişdir.
Rəvayət edilir ki, Aişə demişdir: "Peyğəmbər - sallallahu aleyhi və
səlləm - ölüm ayağında ikən onun qabağında bir qab su var idi. O, əlini
suyun içinə salır, sonra yaş əlini üzünə sürtüb deyirdi: "Lə ilahə
illəllah! Həqiqətən də, ölümün bihuşluğu vardır.” Sonra əlini qaldırıb:
"Allahım, məni uca dostlara qovuşdur!”– deməyə başladı. Nəhayət, ruhu
bədənindən çıxdı və əli yanına düşdü” (Səhih əl-Buxari, 4449).
Aişə demişdir: "Rəsulullah vəfat etdikdən sonra səhabələr onun dəfni
barədə ixtilafa düşdülər. Onda Əbu Bəkr dedi: "Mən Rəsulullahdan elə bir
hədis eşitmişəm ki, indiyədək onu unutmamışam. O demişdir: "Allah hər bir peyğəmbərin ruhunu ancaq onun dəfn edilməsini istədiyi yerdə almışdır. Elə isə onu, yatağının yerində dəfn edin.”
Səhabələr Peyğəmbərin dəfn edilib-edilməməsi və əgər dəfn ediləcəksə,
harada dəfn edilməsi barədə ixtilafa düşdülər. Peyğəmbərimiz Aişənin
hücrəsində vəfat etmişdir. Hədisdən aydın olur ki, bu hökm yalnız
peyğəmbərlərə aiddir. Adi insanlar isə ancaq qəbiristanlıqda dəfn
edilməlidirlər.
Peyğəmbərin vəsiyyəti ilə Əli ibn Əbu Talib onu yumuş, Abbas və onun
oğlu Fədl, habelə Usamə və Şəqran (Allah onların hamısından razı olsun!)
ona su və s. verməklə kömək etmişlər. Peyğəmbərin kəfənlənməsinə
gəlincə, bu haqda Aişə demişdir: "Peyğəmbəri Yəmənin Səhuliyyə şəhərində
hazırlanmış üç ədəd ağappaq pambıq parçaya bürüdülər. Bunların arasında
nə bir köynək, nə də bir əmmamə var idi” (Səhih əl-Buxari, 1246).
Peyğəmbərin qəbrini Əbu Talhə Zeyd ibn Səhl qazmış və onu camaxatanlı
etmişdir. Camaxatan qədim fars sözüdür – yorğan-döşək, sandıq və s.
qoymaq üçün divarın içində açılan dördkünc oyuğa camaxatan deyilir. Əbu Talhə Peyğəmbərin qəbrinin içəri tərəfindən, onun sağ divarında oyuq qazmışdır. Buna ərəbcə "ləhd” deyilir.
Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər vəfat etdiyi zaman Mədinədə
iki nəfər qəbirqazan var idi. Biri qəbirləri camaxatanlı, digəri isə
camaxatnsız şəkildə qazardı. Səhabələr dedilər: "Gəlin, Rəbbimizdən daha
xeyirli olanı bizə göstərməsini diləyək və hər iki qəbirqazanın yanına
adam göndərək. Hansı biri tez gəlsə, o da onun qəbrini qazsın.Beləliklə,
onlar hər ikisinin yanına adam göndərdilər. Camaxatanlı qəbirqazan daha
tez gəldi deyə, Peyğəmbərin qəbrini o qazdı” (Səhih Sunən İbn Macə,
1557).
Muhəmməd əl-Baqir demişdir: "Rəsulullah bazar ertəsi vəfat etdi. Sonra
həmin gün və çərşənbə axşamının gecəsinədək onun dəfni ləngidildi.
Nəhayət, o gecə dəfn edildi.”
Peyğəmbərin dəfninin çərşənbənin gecəsinədək uzanmasının səbəblərindən
biri də, camaatın ayrı-ayrılıqda onun üçün cənazə namazı qılması
olmuşdur. Səhabələr dəstə-dəstə – əvvəlcə kişilər, sonra qadınlar, sonra
da uşaqlar onun hücrəsinə daxil olub onun üçün cənazə namazını
qılmışdır.
İbn Abbas rəvayət edir ki, (Peyğəmbər vəfat etdiyi gün) Əbu Bəkr
camaatın qarşısına çıxıb Allaha həmd-sənalar etdikdən sonra dedi: "...
Kim Muhəmmədə ibadət edirdisə, bilsin ki, o, artıq vəfat etmişdir. Kim
Allaha ibadət edirdisə, bilsin ki, Allah əbədi Yaşayandır, Ölməzdir.”
Sonra o, bu ayəni oxudu:
"Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər.
Məgər o ölərsə və ya öldürülərsə siz geriyəmi dönəcəksiniz? Kim geri
dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri
mükafatlandırar” (Ali-İmran, 144).
İbn Abbas dedi: "Vallahi, sanki camaat Allahın bu ayəni nazil etdiyini
bilmirmiş. Əbu Bəkr bu ayəni oxuduqdan sonra camaat da onu oxumağa
başladı. Bundan sonra bu ayəni eşidən hər kəs onu təkrar-təkrar
oxuyardı.” Səid ibn Museyyib rəvayət edir ki, Ömər bu ayəni eşitdikdə
dedi: "Vallahi, bu ayəni Əbu Bəkrdən eşidəndə məni əsmə tutdu, ayaqlarım
üstümdə durmadı, diz üstə yerə çökdüm və başa düşdüm ki, Peyğəmbər
artıq vəfat etmişdir” (Səhih əl-Buxari, 1165).