Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir:
"Ağ rəngdə libas geyinin! Sağlığınızda ağ libas geyinin. Həmçinin,
ölülərinizi də ağ kəfənə bürüyün. Çünki ağ geyim libaslarınızın ən
xeyirlisidir.”
Peyğəmbər bunu deməklə ümmətini ağ rəngdə libas geyinməyə
rəğbətləndirər, özü də ağ rəngdə libas geyinərdi. Əbu Zərr demişdir:
"Bir dəfə mən Peyğəmbərin yanına gəldim. Onun əynində ağ libas var idi”
(Səhih əl-Buxari, 5827).
Digər rənglərə nisbətən ağ geyimdə çirk daha tez gözə çarpır və bu çirki təmizlədikdə libas daha təmiz və daha gözəl görünür.
Həmçinin, rəvayət edilir ki, Aişə demişdir: "Bir səhər Rəsulullah
evindən çıxarkən onun əynində qara yundan, üzərində də bəzək olan bir
bürüncək var idi.”
Bu hədis dəlalət edir ki, həm qara rəngdə olan, həm yundan hazırlanmış,
həm də üzərinə bəzək salınmış libası geyinmək olar. Ümumiyyətlə, İslam
şəriətinin qadağan etmədiyi istənilən libası geyinməyə icazə verilir.
Peyğəmbər demişdir: "İsrafa yol vermədən (həddi aşmadan) və təkəbbürlük
göstərmədən yeyin, için, sədəqə verin və istədiyiniz geyimi geyinin”
(Sunən İbn Macə, 23).
Peyğəmbərin ən çox sevdiyi paltar
Ummu Sələmə demişdir: "Rəsulullahın geydiyi paltarlar arasında ən çox sevdiyi paltar köynək idi.” (Tirmizi, 1762).
Burada "köynək” dedikdə, baş və ayaqlar istisna olmaqla bədənin hər
yerini örtən, iki qoldan və yaxalıqdan ibarət, pambıqdan və ya buna
bənzər bədəni narahat etməyən parçadan hazırlanmış geyim nəzərdə
tutulur.
Ənəs ibn Malik demişdir: "Rəsulullahın geydiyi paltarlar arasında ən çox sevdiyi paltar hibərə idi.” (əl-Buxari, 5813).
Hibərə pambıqdan və ya bəzəkli kətandan hazırlanan Yəmən bürüncəyidir.