"Haqq olan (əl həqqa)" surəsi, 52 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Haqq olan Qiyamət!
2. Nədir haqq olan Qiyamət?
3. Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?
4. Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.
5. Səmud tayfası qorxunc bir səslə məhv edildi.
6. Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
7. Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
8. Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?
9. Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
10. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.
11. Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
12. Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.
13. Sur bircə dəfə üfürüləcəyi,
14. yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
15. həmin gün Vaqiə qopacaq.
16. Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
17. Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.
18. O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
19. Kitabı sağ əlinə verilən deyəcəkdir: "Budur, oxuyun kitabımı!
20. Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam".
21. O, xoşbəxt həyat sürəcəkdir
22. uca bir Cənnətdə,
23. elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.
24. Onlara: "Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!"– deyiləcəkdir
25. Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: "Kaş kitabım mənə verilməyəydi!