Cəmiyyətin
əmanətə əxlaqla sahib çıxması imanın var olmasına dəlalət edir.
Dürüslüyün və etibarın itməsi, imanın itməsinə işarədir. İbn Ömərin
rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət
etdiyi hədis buna misaldır: "Etibarlılığı olmayan şəxsin imanı da
olmaz”.
Bəzzarın
rəvayətində isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı
olsun) buyurur: "Etibarlılığı olmayan şəxsin nə dini var, nə namazı var,
nə də zəkatı!” Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı
olsun) "Bu üç şey kimdə olarsa, oruc tutub, namaz qılıb, özünü müsəlman
hesab etməsinə baxmayaraq, yenə də münafiqdir: Danışanda yalan deyər;
vəd verəndə ona xilaf çıxar; ona bir şey əmanət ediləndə, ona xəyanət
edər” buyurması ilə xəyanəti münafiqliyin əlamətlərindən hüsab etmişdir.
Ömər (Allah ondan razı olsun!) insanlara namazlarının çoxluğuna görə
deyil, başqaları ilə necə münasibətdə olmalarına görə qiymət verər və
nəticədə doğru qərar çıxarardı. O, ilk əvvəl ona müraciət edən şəxsə
"həmin adamla ticarətin olubmu?” sualını verərdi. Din qarşılıqlı
münasibətləri tənzim edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı
və salamı olsun) öz ümmətini dürüst davranış üzrə tərbiyə edərək
buyurur: "Sənə etibar etmiş şəxsin əmanətini qaytar! Və sənə xəyanət
etmiş şəxsə xəyanət etmə!” Bu hədisdə İslam dininin necə də səxavətli
olmağı aşıladığının və ən ali prinsiplərə malik olduğunun şahidi oluruq.
Belə ki, müsəlman olan şəxsi pisliyə qarşı yaxşılıqla cavab verməyə və
bağışlamağı bacarmağa səsləyir. Etibarlılığın əksi xəyanətdir. Bu,
təbiət etibarilə alçaqlıq, qarşılıqlı münasibətdən sui-istifadədir. Buna
görə də Allah taala xəyanəti möminlərə qadağan etmişdir: "Ey iman
gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və
aranızdakı əmanətlərə xəyanət etməyin!” (əl-Ənfal, 27) "Allah xainləri
sevməz!” (əl-Ənfal, 58) "Özlərilə (bir-birinə) xəyanət edən şəxslərdən
ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!”
(ən-Nisə, 107) "Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!”
(əl-Həcc, 38)