"Ərim içki düşkünüdür, elə gün olmur ki, içməsin. İki uşağım var,
onlara görə dözürəm. Onun içkiyə olan düşkünlüyü ailəmizdə həmişə
söz-söhbət yaradır. O, içəndə uşaqlarım həmişə əsəbi, həyəcanlı olur.
Neçə dəfə boşanmaq istəmişəm, amma uşaqların sonrakı problemlərini
düşünüb boşanmamışam. Əvvəllər özəl yerlərdə, müxtəlif çörək, şirniyyat
sexlərində işləmişəm, amma ailə qurandan sonra işləməmişəm. İndi
boşansam harda qalacam, onları neçə saxlayacam?. İşləsəm də 200-300
manata kirayə, uşaqların yemək, geyim xərcini ödəyə bilmərəm. Həm də
boşanan qadına bizdə pis baxırlar, bir qonşumuz boşanandan sonra adına
min söz qoşdular. Qadın məcbur qalıb, evini satıb getdi”.
Müsahibimiz boşanmaqdan qorxduğu kimi, adının açıqlanmasından da
çəkinir. Onun qorxuları həm maddi təminat, həm də cəmiyyətin münasibəti
ilə bağlıdır. Bu qorxular deyilmi yüzlərlə qadını ailədaxili
zorakılıqlara dözməyə vadar edən?
Əslində ətrafımızdakı boşanmış qadınları göz önünə gətirib onların
taleyini, yaşadıqlarını düşünsək müsahibimiz və onun kimi düşünən
qadınlar heç də haqsız görünmür.
Düzdür, boşandıqdan sonra hər iki tərəfin həyatı dəyişir, hər iki tərəf
də oxşar problemləri yaşayır. Lakin ailə qurduqdan sonra işləmək
imkanları məhdudlaşan qadının boşandıqdan sonra qarşılaşdığı əsas
problem maddiyyatla bağlı olur.
Ailə zorakılığından, yaxud başqa səbəbdən boşanan qadın iş tapmaq,
uşaqları saxlamaq, kirayə pulu vermək, kommunal xərcləri ödəmək kimi
problemlərlə üzləşir. Üstəlik, boşandığına görə ətrafda ona olan
münasibət də dəyişilir. Əlbəttə, ailədəki təzyiqlərə, maddi və mənəvi
problemlərə dözmək heç də asan deyil. Bir çoxları da məhz bu səbəbdən
əxlaqsızlıqla məşğul olur. Kimsəyə haqq qazandırmaq istəmirik, amma
bəzən cəmiyyət o qadınları buna məcbur edir.
İşdə, küçədə ona başqa nəzərlərlə baxaraq, uşaqlarının azyaşlı olmasını
alıb, iş imkanı yaratmayaraq, bağça yaşlı uşağını növbəsiz bağçaya
qəbul etməyərək, bağçaların sayını artırmayaraq, müavinət almağına
maneələr yaradaraq və s. səbəblər çoxdur. Bəzən uşağının qarnını
doydurmaq üçün başqa çıxış yolu tapmayan qadın səhv addım atmağa məcbur
olur.
Maddi problemlər bədbəxt insanlar yaradır. Uşağına yedizdirməyə çörək
tapmayan qadın, onu necə oxutduracaq? Dağılan ailədə təkcə tərəflər yox,
uşaqlar da bədbəxt olur.
Amma bu o demək deyil ki, bunları düşünərək, ailədəki bütün əzablara
dözməliyik. Heç dözmürlər də. Statistika göstərir ki, boşananların sayı
ildən-ilə artır.
2012-ci ildə 79,3 min nəfər nikah bağlayıb ki, bu da 2011-ci illə
müqayisədə 8800 nəfər azdır. 2012-ci ildə 11 min nəfər boşanıb.
Boşananların sayı artıq bir neçə ildir ki, artır. Belə ki, 2011-ci ildə
10,7 min nəfər (2012-ci ilə nisbətən 300 nəfər az), 2010-cu ildə 8,9
min, 2009-cu ildə 778 nəfər boşanıb. Ən çox boşanma halları 30-34
yaşlarda olan cütlüklər arasında müşahidə edilib. 2011-ci ilin
göstəricilərinə görə, bu yaş həddində olan tərəflər arasında boşanmalar
2472 dəfə qeydə alınıb. 24-29 yaşında olan şəxslər arasında boşanma halı
isə 2092 olub.
Bu rəqəmlər il ərzində minlərlə qadının əvvəldə sadaladığımız
problemləri yaşaması, dolayısı ilə əyri yollara meyllənməsini göstərir.
Əlbəttə, hər boşanma bu cür sonluqla bitmir. Amma əksəriyyətin belə
olması da,reallıqdır.
Maddi təminatın olmaması əsas problemdir
"Təmiz Dünya” qadınlara yardım İctimai Birliyinin sədri Mehriban
Zeynalovanın sözlərinə görə, boşanmış qadın daha çox maddi problemlər
yaşayır:
"Bu gün ölkədə bağçaların sayı çox azdır. Boşanmış qadının uşağına dayə
tutması ən azı 200-300 manat pul deməkdir. Bu rəqəm uşaqların sayına
vurulur. Qadına ərə getdiyi evdən əmlak payı düşmədiyinə görə, o faktiki
olaraq küçədə qalır. Bu halda o kirayə ev tutmalı olur ki, bu da
200-300 manat arası dəyişir. Uşaqların geyimi, qidalanması, digər
xərcləri təxminən 800-1000 manata arası pul deməkdir.
Uşaq məktəbə gedirsə, bu xərclər bir az da artır. Azərbaycanda
qadınların demək olar ki, heç biri bu qədər maaş ala bilməz. Bu qədər
maaş yalnız özəl şirkətlərdə ola bilir ki, bu iş də hər qadına nəsib
olmur”.
Onun sözlərinə görə, bəzən qadınlar uşaqlarını saxlamaq üçün cinayətkarlığa əl atır, neqativ qrupların arasına düşür.
M.Zeynalova onu da vurğuladı ki, ilk addım evlilikdən əvvəl atılmalıdır.
"İnsanlar boşanacağam düşüncəsi ilə evlənməməli, mənəvi dəyərləri üstün
tutmalıdırlar. Amma evlilikdən əvvəl də bir-birilərini yaxşı
tanımalıdırlar. Nikahın qeydə alındığı orqanların üzərinə böyük
məsuliyyət düşür. Həmin qurumun psixoloq və hüquqşünaslarının məsləhət
saatları olmalıdır. Bu kurslarda iştirak etməyənlərin isə nikah müddəti
bir ay da uzadılmalıdır”.
Bağçaların sayının artması fahişəliyə təsir edəcək
Onun sözlərinə görə, qadınların maddi problemlər yaşamasında kişilər qədər özləri də məsuliyyət daşıyırlar.
"Qadınlar kişilərə müdafiəçi, iqtisadi obyekt kimi baxır. Onlar öz
iqtisadi imkanlarını yaradaraq ailə qurmalıdırlar. Bundan başqa, məcburi
ərə getmələr , erkən nikahlar, sevərək ağlı başından çıxan, bütün
problemləri heç sayanlar, sadəcə ərə gedim məqsədilə nikah bağlayanlar
bu problemlərlə rastlaşırlar”.
Birlik sədrinin sözlərinə görə, problemin həlli üçün ölkədə azyaşlı uşaqlar üçün bağçalarda yerlərin sayı artırılmalıdır:
"3 yaşa qədər uşaqlar üçün bağçaların sayı yetərli deyil. Uşağı 6 aydan
3 yaşa qədər olan analar uşaqlarını qoymağa yer tapmır. Biz bağçaların
fahişəliyin qarşısının alınmasındakı rolunu mahiyyətinə varmırıq. Amma
bəzən 3 yaşa qədər uşağı olan boşanmış qadının fahişəlikdən başqa çıxış
yolu olmur.
İşə düzəldiyi yerlərdən seksual təkliflər alır. Bu məsələ ilə bağlı
ciddi addımlar atılmalıdır. Bu cür həssas vəziyyətdə olan qadınların
müdafiəsi bərpa edilməli, ciddi proqramlar işlənməlidir. Biz hamımız
fahişəlik, insan alverindən narahat olduğumuzu deyirik. Amma bunun üçün
heç bir addım atılmır. Həmin qadınlar üçün iş imkanları yaradılmalıdır.
Bütün uşaqlar üçün pulsuz bağçalar açılmalıdır”.
Müavinət yetərli olmur
Sosioloq Rafiq Təmrazovun sözlərinə görə isə, boşanmış qadının əsas
problemi işlə bağlıdır. Onun sözlərinə görə, insanların dövlət
tərəfindən tam təminatının olmadığına görə, iş imkanına çıxışı,
ixtisası, peşəsi olmayanların yaşamağı onsuz da çətindir. Bu çətinliklər
boşanmış qadınlar üçün daha çox problem yaradır:
"Milli mentalitet də boşanmış qadının yenidən ictimai həyata
qoşulmasını çətinləşdirir. Uşaqları varsa, həyat onlar üçün daha da
çətin olur. Dövlət tərəfindən imkansız ailələrin təminatı var. Lakin hər
kəs bu ödənişi əldə edə bilmir, bu sahədəki süründürməçilik dövlətin
müəyyən etdiyi müavinəti almağımıza maneə olur”.
Narkoman uşaqların sayı artır
Qarşı tərəfin ödədiyi müavinət uşağın hansı ehtiyaclarını qarşılaya bilər?
Sosioloqun sözlərinə görə, 70-75 manatlıq müavinət, uşağın yaşından
asılı olaraq atanın maaşının ¼ və yaxud yarısının verilməsi yetərli
deyil:
"Nəzərə alsaq ki, əmək haqları da çox aşağıdır. Üstəlik, həmin
müavinətlərin alınmasında belə problemlər var. Çox zaman kişi boşanmadan
yaranan aqressiyanı alimenti verməməklə çıxarır.
Maddi problemlər təkcə qadının yox, uşaqların da bədbəxt olmasına səbəb
olur. Onlar mənəvi baxımdan formalaşmır. Cinayətkar, narkoman uşaqların
sayının artması ehtimalını yaradır. Avropa ölkələrindəki kimi, müəyyən
dövlət təminatı olmalı, sığorta sistemi işləməlidir. Sosial müdafiəyə
ehtiyacı olanlara kömək edilməlidir”.
R.Təmrazov onu da bildirdi ki, həm dövlət tərəfindən həmin qadınlara
yönələn xüsusi siyasəti olmalıdır, həm də ictimai şüurda dəyişikliklər
edilməlidir. Həmin qadınlara başqa gözlə yox, normal əmək qabiliyyətli
insan kimi baxmalıyıq.
Kişi, qadın fərqi qoyulmamalıdır
Millət vəkili Musa Quliyevin sözlərinə görə, boşanmadan sonrakı duruma qadın və kişi fərqi qoyulmadan baxılmalıdır.
"Qadın və kişilərin hüquq və imkan bərabərliyi təmin edilib. Ona görə
də, problemi hər iki tərəf yaşayır. Boşanmadan sonra azyaşlı uşaqlar
kimin öhdəliyində olursa, ailəyə qazanc gətirən insanın qazancı yaşayış
minimumundan aşağıdırsa, ona sosial yardımlar veriləcək. Tək ana və tək
atanın uşağının birinci növbədə uşaq bağçasına yerləşdirilməsi, məktəbdə
oxuyursa günü uzadılmış qruplara salınması, liseylərdə axşama kimi
saxlanması, yeməklə təmin edilməsi, yaxud bu imkanlar mümkün olmadıqda,
sosial xidmət orqanlarının uşağı himayəyə götürməsi gündəmə gələ bilər.
Valideyn işdən gələnə qədər uşaqlar üçün qruplar hazırlana, sosial
xidmətin işçiləri də onlarla məşğul ola bilər”.
İşləməyən qadın və ya kişiyə iş imkanının yaradılmasına gəldikdə millət
vəkilinin münasibəti sərt oldu: "Ana uşağı saxlaya bilməyəcəksə,
uşaqdan imtina edə bilər. Uşağı qəbul edirsə, onun ağırlıqlarını da
düşünməlidir. Əlbəttə, azyaşlı uşağı olan işləyən tək ata və ananın
problemlərinin həlli barədə də düşünmək olar”.
Real imkanlar boşanmış, övladını tək böyütməli olan qadın və ya kişinin
ciddi problemlər gözlədiyini göstərir. Amma xüsusən, azyaşlı uşaqların
ananın himayəsində qalması, ataların uşaqlara qarşı biganəliyi bu
problemlə daha çox qadınların qarşılaşmasına səbəb olur. Bu zaman əyri
yola düşməmək üçün, işinizi əvvəldən həll edin.